8 May 2021 17:24
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

“29 ildən sonra ilk dəfədir ki, Azərbaycan xalqı Şuşanın işğaldan azad edildiyinin ən xoş təəssüratlarını yaşayır. Əlbəttə, bu gün xüsusi diqqət cəlb edir. Çünki bu gündə Şuşa işğal edilmişdi və ermənilər hər il mayın 8-ni toy-bayramla qeyd edirdilər. İndi Şuşa şəhərinin bizdə olması böyük Qələbədir. Mən bu Qələbəni bizə yaşatdığına görə Azərbaycan Prezidentinə, Ordumuza minnətdaram”.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan Milli Məclisinin “Ali Sovetin” sabiq sədri Yaqub Məmmədov deyib.

Yaqub Məmmədov bildirib ki, bu böyük qələbədir:

“Biz sevinməliyik, buna haqqımız da var. Ölkə rəhbərliyinə can sağlığı arzulayıram. O cümlədən vətən uğrunda şəhid olanlara Allahdan rəhmət, qazilərə isə sağlam ömür diləyirəm. Bizə böyük bir Qələbə dadı yaşatdılar”.

O qeyd edib ki, Şuşanın hansı xəyanətlər nəticəsində işğala məruz qalması və düşmən əlinə keçməsi barədə Azərbaycan Prezidenti İlham Əliyev hər çıxışında fikirlər səsləndirir:

"Özü də doğru və ədalətli şəkildə deyir. Mən də bu barədə əvvəllər demişəm. Çox yaxşı haldır ki, ölkə başçısı da bu məsələyə xüsusi diqqət yetirir.

Şuşanın erməni əlinə keçməsinə dair Milli Məclisdə çıxışım olub. Bu, tarixi çıxışdır. Bu yaxınlarda da onu kanalların birində göstərdilər. O çıxışımda hər şeyi demişəm. Həmin mövqeyimi bir daha təkrarlayıram və təsdiq edirəm”.

Sabiq sədr əlavə edib ki, xəyanətkar həmin dövürdə istəklərinə nail oldular:

“Bu hadisədən sonra ölkədə dövlət çevrilişləri baş verdi. Düzdür, onlar istəklərinə nail oldular, torpağımız işğal olundu. Amma tarix hər şeyi yoluna qoydu və Şuşa 29 ildən sonra Azərbaycana qayıtdı. Əslində, Şuşanın əldən getməsində məndən çox əsəbiləşən, heyiflənən olmamışdı”.


Müəllif: Nemət