Şuşada keçirilən "Xarıbülbül" festivalı dünyanın diqqətini yenidən Azərbaycana çəkdi. Bu musiqi festivalı təkcə Azərbaycan xalqının mədəniyyət bayramı kimi dəyərləndirilməməlidir. Festival bir daha dünyaya sübut edəcək ki, Azərbaycan xalqının erməni faşizmi üzərindəki Zəfəri bölgədə sülhə və barışa töhfədir.
Bu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O bildirib ki, mədəniyyət və incəsənət sərhəd tanımır:
“Şuşa festivalında uzun əsirlərdir ki, Azərbaycanda yaşayan müxtəlif xalqların yaratmış olduğu musiqi nömrələrinin proqrama daxil edilib. Xalqımızın zəngin multikultural dəyərlərinin və ölkəmizin tolerantlıq nümunəsi olması bir daha dünyaya nümayiş olunur. Beynəlxalq ictimaiyyət, eləcə də beynəlxalq təşkilatlar nəhayət ki, birmənalı olaraq başa düşməlidir ki, təcavüzkar Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı bu ərazilər terrorçuluğun, silah qaçaqmalçılığın, narkotik ticarətinin mərkəzi idi. Bu isə nəinki Azərbaycana, eyni zamanda insanlıq üçün ciddi təhlükədir”.
Deputat qeyd edib ki, Müzəffər Ordumuzun Ali Baş Kamandanın cəsarəti və qətiyyəti ilə insanlıq qlobal təhlükədən, erməni faşizmdən xilas oldu:
“Tezliklə Şuşa ən mötəbər beynəlxalq səviyyəli mədəniyyət tədbirlərinə ev sahibliyi edəcək. Bu, qədim Azərbaycan şəhərini beynəlxalq səviyyəli Mədəniyyət Mərkəzinə çevirəcək".