16 May 2021 19:51
1 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nə Türkiyə, nə də Rusiya Fransaya imkan verəcək ki, bölgəyə daxil olsun. Azərbaycanın özü də istəmir ki, Fransa bu proseslərdə hansısa rol oynasın. Fransa belə bir mövqe ilə istəyinə nail ola bilməyəcək. Hətta Azərbaycan parlamenti də buna reaksiya verdi ki, ümumiyyətlə, Fransa ATƏT-in Minsk qrupundan kənarlaşdırılmalıdır. Bu, Azərbaycanın mövqeyidir. Heç kəs Fransanın bu regiondakı münaqişədə moderator rolunda çıxış etməsini istəmir. Bunu nə Azərbaycan, nə Türkiyə, nə də Rusiya istəyir”.

Teleqraf.com politoloq İlqar Vəlizadə ilə müsahibəni təqdim edir:

- Ermənistan-Azərbaycan sərhədində baş verənlər haqda fikriniz nədir: gərginlik hansı həddə qədər inkişaf edə bilər?

- Cari gərginlik onunla bağlıdır ki, Ermənistan üçtərəfli sazişlərdən irəli gələn məsələlərin həllinə əngəllər törədir. Xüsusən də, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır. Tərəflər razılaşıblar ki, bütün sərhədlər delimitasiya olunmalıdır. Yəni Ermənistanın nəzarətində qalan Azərbaycan əraziləri qaytarılmalıdır. Naxçıvanın Kərki və Qazaxın 7 kəndi bura daxildir, bu ərazilər Azərbaycana qaytarılmalıdır. Amma Ermənistan hələ də bundan boyun qaçırır. İndi Ermənistan Qara göl ərazisində aparılan delimitasiya işləri zamanı problemlər yaratmağa çalışır. İrəvan iddia edir ki, Azərbaycan ordusu Ermənistan ərazilərini nəzarətə götürüb. Ermənistanın bu iddiasına da, ABŞ və Fransa kimi dövlətlər reaksiya veriblər. Hansı ki, Ermənistan Azərbaycanın eksklavlarını geri vermək istəmir, amma Qərbdən buna heç bir reaksiya yoxdur. Bu ondan xəbər verir ki, bütün məsələlər kompleks şəkildə həll edilməlidir.

Hesab edirəm ki, Azərbaycanın eksklavları ilə bağlı məsələlər həllini tapsa, bu məsələ də çözüləcək. Bunun da nə vaxt baş verəcəyi hələlik məlum deyil. Çünki Ermənistan hələlik sərhədlərdəki Azərbaycan ərazilərini geri qaytarmağa tələsmir.

- Baş verənlərdə silahlı qarşıdurma riski nə qədərdir?

- İrimiqyaslı qarşıdurma gözləmirəm. Çünki irimiqyaslı qarşıdurma yeni müharibə deməkdir, aparıcı qüvvələr isə bunu istəmirlər. Çünki onlar başa düşürlər ki, belə bir müharibə bölgəyə heç nə verməyəcək. Xüsusən də, bunu Rusiya istəmir. Azərbaycanın özü də yeni müharibənin başlamasında maraqlı deyil. Çünki yeni müharibə yeni risklər deməkdir. Rusiyanın belə bir müharibəyə tərəf kimi qoşulmaq ehtimalı var, ən azı Ermənistan bunu istəyir. İstəkləri budur ki, Rusiya yeni müharibədə Ermənistan tərəfindən Azərbaycana qarşı vuruşsun. Bu, çox dramatik ssenaridir. Çünki bu halda Türkiyə Azərbaycanın tərəfində döyüşəcək. Bu halda, qarşıdurma genişmiqyaslı müharibəyə çevriləcək.

Rusiya və Türkiyənin bölgədəki mövqelərinin zəifləməsini istəyən Fransa kimi Qərb dövlətləri də, ehtimal olunan bu müharibədən uduşlu çıxmaq istəyəcəklər. Çox güman ki, bunu Ankara da, Moskva da anlayır. Buna görə də, yeni müharibə ssenarilərinə real olaraq baxmırlar. Çox güman ki, ermənilərin istəkləri ürəklərində qalacaq. Gərginlik bir müddət davam edəcək, amma bunun müharibəyə gətirib çıxaracağını gözləmirəm.

- Yəni Ermənistan rəhbərliyinin KTMT-ni prosesə cəlb etmək istəyi baş tutmayacaq?

- Mümkün olmayacaq. Çünki hamı vəziyyətin hansı yerdə olduğunu çox gözəl başa düşür. İlk növbədə, Rusiyanın özü hər şeyin fərqindədir. Bəs KTMT-də kim Ermənistana dəstək verəcək? Ermənistanın bu xülyası öz əleyhinə işləyir. Belə nağıllara o qədər inanıblar ki, hələ də bunların təsiri altında yaşayırlar. Ermənilər başa düşmürlər ki, bu, KTMT-dən kənarda baş verən bir prosesdir və kimsə bura müdaxilə etməyəcək. Rusiyaya gəldikdə, bölgədə yeni müharibənin alovlanması onun marağında deyil. Çünki öz maraqlarını risk qarşısında qoymaq istəmir. Moskva da başa düşür ki, iki-üç kilometr əraziyə görə, Rusiyanın maraqlarını qurban vermək doğru olmaz. Buna görə də, ermənilərin növbəti həyasızlığı öz nəticəsini verməyəcək. Ancaq Makron kimi bəsit və orta səviyyəli bir siyasətçi aldana bilər. Makron da, özünü beynəlxalq səviyyədə ifşa edən bir siyasətçidir, heç kim onu ciddi qəbul etmir. Qərbin özündə də, ona ciddi yanaşan yoxdur. Buna görə də, Makronun bu açıqlaması boş hay-küydən başqa heç nə deyil.

- Son gəlişmələr daha çox kimin maraqlarına xidmət edir?

- Xüsusən də, bu hadisələr Ermənistan daxilində gedən proseslərdə hallandırılır və istifadə olunur. Bu, bir siyasi rəqib üçün öz opponentinə qarşı istifadə edəcəyi bir kartdır. Ermənistan daxilində də, bu kartdan istifadə edənlər var.

Makron kimi kənar qoyunçular da, bundan istifadə etməyə çalışırlar. Bundan istifadə edərək, regiondakı mövcudluqlarını artırmağa cəhd edirlər. Aydındır ki, 10 noyabr anlaşmasından sonra nə Fransa, nə də ABŞ-ın gedən proseslərdə rolu var. Onların rolları minimuma endirilib, yalnız adları qalıb, reallıqda proseslərə heç bir təsir imkanları yoxdur. İndi təsir imkanları əldə edib bölgəyə oyunçu kimi daxil olmaq istəyirlər. İndi Rusiya və Türkiyəyə lazımdırmı ki, Fransa və ya başqası bölgəyə oyunçu kimi gəlsin? Lazım deyil. Bu Fransaya lazımdır. Bununla Avropa İttifaqı daxilində özünü göstərmək istəyir ki, nüfuzlu dövlətdir, qlobal ambisiyaları və mürəkkəb bir regiona təsir imkanları var. Makron bunun üçün canfəşanlıq göstərir. Amma bunlar nəticəsiz səylərdir.

Nə Türkiyə, nə də Rusiya Fransaya imkan verəcək ki, bölgəyə daxil olsun. Azərbaycanın özü də istəmir ki, Fransa bu proseslərdə hansısa rol oynasın. Fransa belə bir mövqe ilə istəyinə nail ola bilməyəcək. Hətta Azərbaycan parlamenti də buna reaksiya verdi ki, ümumiyyətlə, Fransa ATƏT-in Minsk qrupundan kənarlaşdırılmalıdır. Bu, Azərbaycanın mövqeyidir. Heç kəs Fransanın bu regiondakı münaqişədə moderator rolunda çıxış etməsini istəmir. Bunu nə Azərbaycan, nə Türkiyə, nə də Rusiya istəyir. Bunu ancaq Ermənistan daxilindəki hansısa siyasi qüvvələr istəyir. Məsələn, Rusiyaya bağlı siyasi qüvvələr bu məsələdə ehtiyatlıdır. Köçəryan, Sərkisyan və digərləri açıq şəkildə Rusiyadan qorxurlar. Bir Paşinyandır ki, onun da oyunları özündən başqa kiməsə fayda təmin etmir.

- Ümumi vəziyyət xeyrimizədirmi, Azərbaycan bu proseslər fonunda hansı yolu izləyəcək?

- Hadisələr göstərir ki, təşəbbüs Azərbaycanın əlindədir. Bu üstünlüyümüzü də əldən buraxmayacağıq. Həm siyasi, həm hərbi, həm də iqtisadi təşəbbüs bizim əlimizdədir. Amma Ermənistandan müqavimət də var. Bəs bu müqavimət nə vaxta qədər davam edəcək və gedən proseslərə nə qədər əngəllər yaradacaq? Ermənistanın bu səylərinə baxmayaraq, regiondakı bütün oyunçular Qarabağ savaşından sonra bölgədə yaranmış yeni reallıqlardan danışırlar. Belə fikirlər Azərbaycanla yanaşı, Türkiyə və Rusiyadan da səsləndirilir. Əgər aparıcı güclər yeni reallıqlar kontekstindən çıxış edirlərsə, o zaman Ermənistanın bu müqaviməti nə yarayacaq? Heç nəyə!...


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər