16 May 2021 14:55
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi tarixi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” festivalının keçirilməsi Qarabağın tarixi siması və Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Şuşanın rəmzi sayılan gülün adına qoyulmuş “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub:

“32 ildən sonra keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir. Bu hümanitar addım 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Artıq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Gələn il Şuşanın 270 illik yubileyi yüksək səviyədə qeyd olunacaq.

Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür”.

Millət vəkilinin sözlərinə görə, Şuşa Azərbaycan xalqının milli sərvətidir: “Dövlət başçısı tərəfindən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Uzun illərdən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi. Bizlərə belə bir qürurlu günlər yaşatdığı üçün Ali Baş Komandanımız başda olmaqla qəhrəman hərbçilərimizə borcluyuq”.

Sevinc Fətəliyeva hesab edir ki, festivalda cənab Prezident çıxışında bir sıra mühüm məqamlara toxunmaqla əhəmiyyətli mesajlar verdi: “Ermənistanın rəsmi təbliğatı münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik, linqvistik icmalar arasında təfriqə yaratmaq olduğu diqqətə çatdırldı. Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparan mərkəzlər, təşkilatlar, KİV-lər milyonlarla vəsait xərcləyib. Bu “işdə” xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstərib.

Amma 44 günlük Vətən müharibəsində bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşdi. Çiyin-çiyinə bu mənfur təbliğatın, fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu. Azərbaycanda tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində yüksək diqqət ayrılmasının da nə qədər düzgün siyasət olduğunu sübut etdi.

Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi var. Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xarinbülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi”.


Müəllif: Tapdıq Qurbanlı