18 May 2021 17:54
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi və tərəflər arasında aparılan müzakirələri normal qiymətləndirirəm.

Bunu Teleqraf.com-a Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Deputat əlavə edib ki, ABŞ Azərbaycan və Ermənistan arasında demarkasiya işlərinin danışıqlar yolu ilə qaydaya qoyulmasını alqışlayıb:

“Məncə, bu bizim üçün faydalıdır. Nəzərə alın ki, ilk günlərdə ABŞ, Fransa bu məsələyə aqressiv yanaşmışdı. Təbii ki, bunu Ermənistanın baş naziri və xarici işlər nazirinin bəyanatları da körükləmişdi. Amma Azərbaycan tərəfi, şəxsən prezidentin özünün, xarici işlər nazirinin izahedici danışıqları bu dövlətləri başa saldı ki, Azərbaycan özünün dövlət sərhədlərinin müəyyən edilməsi, onun nəzarətə alınması işini həyata keçirir. Mənə elə gəlir ki, son danışıq Azərbaycan tərəfinin izahının qəbuledilməsi kimi qiymətləndirilə bilər. Əvvəllər Fransanın, sonra ABŞ-ın aqressiv bəyanatı, indi isə danışıqların alqışlanması o deməkdir ki, ortada xəritə var, bu xəritə üçtərəfli razılaşma əsasında ortaya qoyulub. Bu xəritələrdə Azərbaycanın SSRİ daxilindəki inzibati sərhədləri müəyyən olunur”.

Tahir Kərimli bildirib ki, əslində hüququn aliliyi qəbul edilsə, 1922-ci ildə Azərbaycan Respublikası Zaqafqaziya Konfederativ dövlətinin tərkibində olarkən həmin sərhədlər əsas kimi götürülsə, biz Zəngəzura da iddia edə bilərik:

“Yəni 1922-ci il xəritələri ortaya gəlsə, bu daha çox xeyirimizə olar. Məsələn, Zəngəzurun Nüvədi kəndi 1969-cu il qərarı ilə verilib. Əslində verilməklə bağlı işlər 1920-ci ilin sonlarında olub, amma təsdiq sonradan edilib. Yəni çox şey bizim xeyirimizə olar. II Dünya müharibəsindən sonranın, eləcə də 1970-ci illərin xəritələri var. Bunların hamısında Azərbaycan haqlı tərəfdir. Təsəvvür edin ki, Qara gölün dövlət qoruğu elan olunmasına dair Azərbaycan Nazirlər Kabinetinin 1987-ci ildə çıxardığı qərar var. Əgər, bu bizim ərazi deyilsə, onu necə qoruq elan edə bilərdik? Mən belə hesab edirəm ki, sərhəd danışıqlarında bizə xeyir olan sənədlər ortaya qoyulur. Onlar hüquqi sənədlərdir. Heç biri Ermənistan ərazisini ehtiva etmir. Azərbaycan haqlı tərəfdir. Odur ki, ABŞ tərəfindən Azərbaycan liderinə yüksək səviyyəli zəngin edilməsi və müsbət atmosferdə müzakirələrin aparılmasını da yüksək səviyyədə qiymətləndirirəm”.


Müəllif: Nemət

Oxşar xəbərlər