25 May 2021 18:34
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşıdan 28 may – Respublika Gününün 103-cü ildönümü gəlir. Bu münasibətlə Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları daxil olur. Məktubların demək olar ki, böyük əksəriyyəti ürəkaçandır. Dünya liderləri Azərbaycan Prezidentinə, Azərbaycan xalqına böyük hörmət və sayğıyla özlərinin dərin və səmimi ürək sözlərini bildirir, ölkəmizin regionda oynadığı rola və bu rolun dünya düzəninin formalaşmasına verdiyi töhfəyə xüsusi diqqət yetirirlər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, bu əsnada ABŞ Prezidenti Cozef Baydenin məktubunda enerji, rabitə və logistika dəhlizlərinin yaradılması sahəsində Azərbaycanın irəli sürdüyü və gerçəkləşdirdiyi layihələrin əhəmiyyəti ətrafında geniş söhbət açılır və dövlət başçımızın bu sahədə oynadığı rol böyük sayğı ilə vurğulanır:

“Eyni məzmunu biz Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin məktubunda da görürük. Cənab Ştaynmayer koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın gördüyü işləri vurğulayır və qeyd edir ki, bizi, həmçinin dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir. Almaniya Prezidenti Azərbaycan Prezidentinin bu sahədəki bacarıqlarını və gördüyü işləri xüsusi hörmətlə nəzərə çatdırır”.

Qabil Hüseynli deyib ki, Çin Xalq Respublikasının sədri Si Cinpin də Azərbaycana münasibətini xoş sözlərlə ifadə edir:

“Onun Azərbaycan Prezidentinə ünvanladığı məktubda qeyd edilir ki, Azərbaycanla “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə əməkdaşlığın dərinləşməkdə davam etməsi Çin Xalq Respublikası tərəfindən ciddi surətdə qiymətləndirilir və bəyənilir. Çin tərəfi onu da qeyd edir ki, Azərbaycanın iştirak etdiyi bu böyük iqtisadi layihənin həyata keçməsi nəticəsində Avrasiya materikinin bir-biri ilə qovuşdurulması yolunda ciddi nailiyyətlər əldə ediləcək”.

Qabil Hüseynli sonda deyib:

“Məktublar çoxdur və gəlməkdə davam edir. Bütün bu məktubların hamısında eyni xoş sözlər, Azərbaycanın bölgədə oynadığı dinamik, çevik rol, bölgənin lider dövləti kimi dünya düzəninə verdiyi töhfələr, beynəlxalq münasibətlərin pozitiv fonda formalaşması üçün çalışmaları ürəkdən təqdir və etiraf edilir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər