103 il öncə cəhalət və nadanlıq girdabında çabalayan bir Şərq ölkəsində sönməz arzuları, Vətən üçün döyünən ürəkləri ilə millətin nicatı uğrunda savaşa atılmış müxtəlif əqidəyə, fərqli siyasi baxışlara sahib işıqlı insanlar bir dam altına toplaşıb Cümhuriyyət qurduqlarını elan etdilər, yoxdan var yaratdılar. Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və adlarını çəkmədiyim neçə-neçə vətənpərvər istiqlalçıların qurduğu Cümhuriyyət tarix üçün çox qısa müddət sayılacaq 23 ay mövcud olsa da, xalqımızın siyasi, iqtisadi və mədəni həyatının ən böyük hadisəsi kimi yaddaşlarda silinməz iz buraxdı.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputatın fikrincə, o zaman Rusiyadakı inqliab şimal qonşumuza neft ixracatımızda çətinliklər yaradırdı və nəticədə bu, Cumhuriyyətin dövlət gəlirlərinin azalmasına səbəb olurdu:
“Belə şəraitdə Cumhuriyyət neft ixracatında bazarların şaxələnməsinə nail olaraq Avropa ölkələrinə daha çox enerji məhsulları göndərməyə başladı. Milli valyuta dövriyyəyə buraxılan cümhuriyyətimizdə öncə yalnız lirəyə konverstasiya edilən manatın qısa müddətdə hətta Avropa valyutalarına da nisbətən məzənnəsi müəyyənləşdirdi. Cumhuriyyət dövründə iqtisadi islahatlar iqtisadiyyatın diversifikasiyasına xidmət etməklə yanaşı özəl sahibkarlığın formalaşmasına səbəb olurdu. Qısa müddətdə iqtisadiyyatın əsas lokomotivi olan maliyyə-bank sektorunun inkişafını təşviq edən islahatlara başlanıldı. Nəticədə, Azərbaycan bank sektoruna özəl banklar daxil olmağa başladılar. İxracatın şaxələndirilməsi və yerli istehsalın genişləndirilməsi istiqamətində islahatlara başlanıldı. Təhsil sektorunun inkişafı və azərbaycanlı gənclərin Avropa ölkələrində təhsilinin maliyyələşdirilməsi isə insan kapitalının inkişafına xidmət edirdi”.
Millət vəkilinə görə, xarici sərmayənin cəlb edilməsi üçün qanunvericiliyin formalaşması və təkmilləşdirilməsi də islahatların dəstəklənməsinə imkan yaradırdı:
“Gömrük və vergi sisteminin formalaşması dövlət gəlirlərinin artmasına şərait yaradırdı. Çox təəssüf ki, Rusiya işğalı iqtisadi islahatların davam etdirilməsinə imkan vermədi. Bununla belə, 103 il sonra biz Cumhuriyyət dövrünü yalnız qürur tariximiz kimi deyil, həmçinin iqtisadiyyatın şaxələnməsi ilə bağlı islahatların aparıldığı dövr kimi xatırlayırıq”.
Vüqar Bayramov deyib ki, Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla inkişaf edir və yeni-yeni uğurlara imza atır:
“Respublika Gününüz mübarək, Cümhuriyyətimizin davamı olan müstəqil Azərbaycanımızın isə ömrü əbədi, taleyi bəxtəvər olsun!”.