Azərbaycan əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunu yüksəldib. Cənab Prezidentə 60-dan artıq ölkə rəhbərinin təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini göstərir. Bu, ölkəmizin artan nüfuzunun və genişlənən əməkdaşlığının bariz nümunəsi hesab olunur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O bildirib ki, dünya liderlərinin cənab Prezidentə Respublika Günü ilə bağlı ünvanladığı təbrik məktublarında Azərbaycanla əməkdaşlıq açıq şəkildə ifadə olunur:
“Bu təbriklərdə Prezident İlham Əliyevin dünyada böyük bir siyasətçi, lider obrazının formalaşdığı aydın görünür. Dünya liderləri tərəfindən cənab Prezidentin şəxsi nüfuzuna böyük hörmət var. ABŞ Prezidenti tərəfindən cənab İlham Əliyevə ünvanlanan məktubda təhlükəsizlik məsələlərində əməkdaşlığın bundan sonra da genişləndirilməsi vurğulanır. Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstək xüsusi qeyd olunur. Digər tərəfdən ABŞ Prezidentinin məktubunda Azərbaycanın dünyanın, xüsusilə Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsinə mühüm töhfə verən bir ölkə kimi əhəmiyyəti önə çəkilir. Ölkəmizin demokratik idarəetmə sahəsində atdığı mühüm addımlar da yüksək qiymətləndirilir".
Deputat qeyd edib ki, dünyanın nəhəng dövlətlərindən olan Çinin Azərbaycanla mövcud əməkdaşlığa verdiyi dəyər də daha çox diqqət çəkir:
“Çin rəhbəri cənab Prezidentə təbrik məktubunda "Bir kəmər bir yol" təşəbbüsündə Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycanın Avrasiyanın ən əlverişli logistika mərkəzinə və nəqliyyat dəhlizinə çevrildiyini vurğulayıb. Eyni zamanda qlobal təhdidlərə, xüsusilə dünyada bir ildən artıq höküm sürən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərində Azərbaycan Prezidentinin liderlik etməsi Almaniya Prezidentinin məktubunda öz əksini tapıb. Məktubların məzmununda açıq şəkildə görünür ki, dünyanın nəhəng dövlətlərinin liderləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ölkə Prezidenti cənab İlham Əliyevə çox böyük hörmət bəsləyir”.