31 May 2021 12:04
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi üçüncü oxunuşdan müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, qanun layihəsi ilə bağlı ciddi müzakirələr aparılıb.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevə deyib ki, layihə mayın 27-də parlamentin iclasında ikinci oxunuşdan keçib:

“Deputatlar bəzi təkliflər irəli sürdü. Həmkarlarımdan Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Jalə Əliyeva, Aydın Mirzəzadə və digərləri təkliflərlə çıxış etdilər. Həm mən, həm də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli izahat verib. Biz təkliflərlə bağlı hakimiyyət orqanları ilə müzakirələr aparmışıq. Həmkarlarımı qanun layihəsinə səs verməyə dəvət edirəm”.

Qüdrət Həsənquliyev isə bildirib ki, ikinci oxunuşda iki məsələni qaldırmışdım:

“Bunlardan biri şəhərin idarəetməsinin forması ilə bağlı olub. Əli Hüseynli deyib ki, şəhərdə icra hakimiyyəti və bələdiyyə orqanları fəaliyyət göstərəcək. Bu məni qane etdi.

İkinci qaldırdığım məsələ şəhərin giriş-çıxışın tənzimlənməsi ilə əlaqədar idi. Qənirə xanımın dedikəri məni qane etmədi. Bildirdi ki, bütün qoruqlara giriş-şıxış tənzimlənir. Aydın olmadı ki, Şuşaya giriş-çıxış necə tənzimlənəcək? Əgər hər bir avtomobil yoxlanılsa, bu, əlbəttə ki, tıxac yaradacaq. Yox, əgər pullu olacaqsa, məncə bu doğru deyil”.

Komitə sədri Ziyafət Əsgərov isə Qüdrət Həsənquliyevin qaldırdığı məsələyə cavab olaraq bildirib ki, bu məsələlər konstitusiyanın 94-cü maddəsi ilə tənzimlənir:

“Texniki məsələlər isə icra qurumları tərəfindən tənzimlənəcək”.

Deputat Fəzail Ağamalı qeyd edib ki, layihə ikinci oxunuşdan keçərkən Şuşa şəhərində Mədəniyyət və İncəsənət Universitetinin yaradılmasını təklif edib: “Qənirə xanım buna münasibət bildirmədi”.

Sonda qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər