“Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi Minsk qrupunun səlahiyyətlərinə heç vaxt daxil olmamış bir məsələdir, bu, müzakirə predmeti deyil. Eyni zamanda, bu məsələ iki dövlət arasında olduğu üçün prosesin beynəlxalq müstəviyə daşınmasına heç bir əsas yoxdur. Bununla bağlı cəhdlər, məsələnin münaqişəli durumda olduğunu diqqətə çatdırmaq səyləri var. Amma bu da effekt vermir”.
Politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Türkiyədən Azərbaycana səfərlərin sayı artır. Yaxın vaxtlarda Xarici işlər naziri Mövlud Çavuşoğlu da Bakıya gələcək. Sizcə, intensivləşən səfərlərdə məqsəd nədir?
- Bu səfərlərə - Türkiyədən gələn qonaqların siyahısına diqqət yetirsək, onların ən müxtəlif sahələri əhatə etdiyini görərik. Bütün istiqamətlər üzrə Türkiyənin dövlət qurumlarını təmsil edən rəsmi vəzifəli şəxslər Azərbaycana gəlirlər. Bu prosesin davamı olaraq, Türkiyə xarici işlər nazirinin də Azərbaycana səfəri gözlənilir. Çox güman ki, bu, daha böyük bir gəlişə hazırlıq prosesidir. Türkiyəli rəsmilər o istiqamətlərdə ki Azərbaycana səfərlər edirlər, bu yönlərdə də ciddi sənədlərin imzalanacağı gözlənilir.
- Türkiyədən səfərlərin artdığı bu günlərdə Zəngəzur dəhlizi məsələsi yenə də gündəmdədir. Prezident İlham Əliyev də bu məsələyə diqqət çəkdi, irəliləyişin olduğunu dedi. Yaxın gələcəkdə bu yöndə hansı gəlişmələri görə bilərik?
- Artıq dəmir yolunun həyata keçirilməsi istiqamətində addımlar atılır. Cənab prezident də bu məsələ ilə bağlı öz mövqeyini bəyan etdi və müəyyən irəliləyişlərin olduğunu xüsusilə vurğuladı. Eyni zamanda, biz Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın da Zəngəzur dəhlizi ilə bağlı fikirləriylə tanış olduq.
Burada da müsbət tendensiyalar nəzərə çarpır. Erməni cəmiyyətinə verilən bir mesaj da bundan ibarətdir ki, bu, bütövlükdə Ermənistanın maraqlarına xidmət edən, eyni zamanda, qlobal prosesin tərkib hissəsi olan hadisədir. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması ilə bağlı ciddi narahatlığın və problemlərin ortaya çıxacağını gözləmirəm. Çünki təminatçı tərəflər, söz sahibləri buna imkan verməyəcəklər.
- Söz sahiblərindən biri həm də Rusiyadırmı? İndiki məqamda Rusiyanın mövqeyi nədən ibarətdir?
- Söhbət 10 noyabr bəyanatının prinsiplərinin həyata keçirilməsindən gedirsə və Rusiya bu məsələnin Azərbaycanın təşəbbüsü ilə həmin sənədə salınması və imza atılması ilə razılaşıbsa və özü də imzalayıbsa, demək ki, təminatçı dövlət kimi məsuliyyət götürüb. Düşünmürəm ki, indi bu məsuliyyətdən geri çəkilmək üçün hər hansı bir zəmin var, buna əsas da yoxdur.
Eyni zamanda, Zəngəzur dəhlizi təkcə Azərbaycan, Türkiyə, Rusiya və Ermənistanın yox, bir çox ölkələrin maraqlarına xidmət edir. Bu, həm də MDB məkanında iqtisadi inteqrasiya prosesinin sürətləndirilməsinə zəmin yaradacaq layihədir.
Eyni zamanda, bu, ən müxtəlif ölkələr arasında enerji sahəsində inkişafa zəmin yaradacaq daha rahat platformaya çevrilə bilər, bu da regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Cənab prezident öz çıxışlarında həyata keçirilən bu layihələrin mahiyyətində qarşılıqlı faydalılılq prinsiplərinin yer aldığını xüsusi olaraq vurğulayır. Bu, eyni zamanda, dövlətlərin bir-birinə daha liberal mövqe sərgiləmələrinə və problemlərin dialoq yolu həll edilməsinə zəmin yaradacaq. Habelə bütövlükdə regionun sülh və əmin-amanlığını dəstəkləyəcək.
- Ermənistanda Ara Ayvazyanın istefasına səbəb olan sənəddən danışılır. İddiaya görə, Paşinyan bu sənədi Azərbaycanla imzalamağa hazırlaşır. Bu sənəd nədən ibarət ola, hansı məsələləri özündə ehtiva edə bilər?
- Ayvazyanın bu istefasına sərhəddəki gərginliyin səbəb olduğu bildirilir. Əlbəttə, bu məsələdə nəyin həqiqət, nəyin yalan olduğu tam məlum deyil. Xarici işlər naziri olarkən, Ayvazyanın səsləndirdiyi fikirlər məğlubiyyətə uğramış bir ölkənin yenidən dirçəlməsinə və diplomatik sahədə normal münasibətlər qurmasına xidmət etmirdi. Bunlar revanşist yanaşma tərzi idi ki, Ermənistanın mövcud reallığına uyğun gəlmirdi.
Əslində, Ayvazyanın istefası, daha doğrusu istefaya göndəriləcəyi ilə bağlı çoxdan fikirlər səsləndirilirdi. Dəfələrlə onun Nikol Paşinyanla fikir ayrılıqlarının olduğunu görmüşük. Bu fikir ayrılıqları da ictimai rəyə çatdırılmışdı. Bu, həm də Ermənistanın indiki hakimiyyətinin maraqlarına uyğun gəlməyən bir məqam idi. Ayvazyan faktiki olaraq Paşinyanla onun komandası arasında ziddiyətlərin dərinləşməsi yönündə mesajlar verirdi.
Ayvazyan müharibədən sonrakı dönəmdə gedən danışıqlarda iştirak edən bir şəxs kimi reallıqları çox gözəl görür və bilirdi. Bu baxımdan, bu istefanın onun iradəsindən asılı olmadığı qənaətindəyəm. Düşünürəm ki, Ayvazyanın mənfi mesajları bölgədə həyata keçirilən qlobal layihələrin reallaşdırılmasına müəyyən maneələr yaratdığı üçün onun istefaya göndərilməsi məqsədəuyğun hesab olundu.
- Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədlərinə Fransa və ABŞ-dan olan müşahidəçilərin yerləşdirilməsi təklifi ilə çıxış etdi. Paşinyanın bu açıqlaması nəyə hesablanıb?
- Bu, hansısa formada Minsk qrupunun prosesdə iştirakını təmin etmək xidmətidir. Eyni zamanda, bu, seçkiqabağı mesaj kimi də qəbul oluna bilər.
Məlumdur ki, Rusiya Minsk qrupunun həmsədrlərindən biri kimi burada iştirak edir, amma digər iki ölkə bu prosesin içində yoxdur. Yəqin Fransa və ABŞ-a müəyyən beynəlxalq dəstəyi təmin etmək üçün belə bir fikir səsləndirir. Amma bu ideyanın heç bir perspektivi yoxdur. Çünki Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi Minsk qrupunun səlahiyyətlərinə heç vaxt daxil olmamış bir məsələdir, bu, müzakirə predmeti deyil. Eyni zamanda, bu məsələ iki dövlət arasında olduğu üçün prosesin beynəlxalq müstəviyə daşınmasına heç bir əsas yoxdur. Bununla bağlı cəhdlər, məsələnin münaqişəli durumda olduğunu diqqətə çatdırmaq səyləri var. Amma bu da effekt vermir.
Bu yöndə insidentlərin Ermənistan tərəfindən həyata keçirildiyini sübut edən faktlar var. Azərbaycanın özü bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı bacarır. Buna görə də, Fransa və ABŞ-ın bu prosesdə yer almasına heç bir siyasi və hüquqi əsas yoxdur. Əslində, Paşinyan hər dəfə belə açıqlamalarla özünü daha da pis vəziyyətdə qoyur.