“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Baydenin müzakirə edəcəyi çox məsələ var. Bura qlobal iqlim dəyişikliklərindən tutmuş dünyanın stabilliyinə qədər mövzular daxildir. Məncə, Rusiya qarantiya istəyir ki, NATO mövcud olduğu torpaqlardan qabağa irəliləməsin. Əgər bu məsələdə razılaşma olsa, Rusiya udacaq. Əlbəttə, Moskva istəyir ki, post-sovet məkanı onun əlində olsun, Qərb də bunu qəbul etsin. Rusiyaya desin ki, bu məkan sənindir və nə istəyirsənsə et. Ehtimal edirəm ki, Çin faktoruna görə ABŞ buna gedə bilər”.
Bu fikirləri Teleqraf.com-a professor Əli Abbasov Putin-Bayden görüşü və mümkün razılaşmalar haqqında danışarkən bildirib.
O deyir ki, ABŞ Rusiyanın bu istəyinə müsbət yanaşa bilər:
“Mən deyə bilmərəm ki, ABŞ buna hansı formada gedəcək, sözsüz ki, heç kim bunu açıq da deməyəcək. Bunun qarşılığında ABŞ-ın da öz istəkləri var. İlk olaraq ABŞ istəyir ki, Rusiya Çinlə bağlı məsələlərə girişməsin. Başqa sözlə, Pekinə dəstək verməsin. Açığı Amerikada anlayırlar ki, Rusiya onlar üçün o qədər də təhlükəli deyil. Düzdür, Rusiyanın nüvə silahı var və buna görə ruslar təhlükəlidir. Amma ümumən ABŞ üçün bir nömrəli problem Çindir. Çin günü-gündən inkişaf edir. Bayden açıq dedi ki, Çin 2035-ci ildə ABŞ-ın onun əlində olacağını düşünür. Bu ciddi bəyanatdır. İndi vaşinqtonun əsas prioritetində Çin məsələsidir və Pekini zəiflətmək üçün onunla vuruşmağa hazırdır. Ehtimal edirəm ki, Rusiyaya deyə bilərlər ki, Çinlə birlikdə olmasın, ən azı ABŞ-Çin münasibətlərində neytral mövqe tutsun. Bunu mümkün sayıram”.
Mütəxəssis xatırladıb ki, ABŞ və Rusiya prezidentləri ilk dəfədir ki, görüşəcək:
“Buna da kəşfiyyat xarakteri daşıyan görüş deyirlər. Əlbəttə, onlar bir-birini tanıyır. Ancaq bir var sən ikinci adam kimi masada oturursan. Bir də var ABŞ-ın birinci adamı kimi... Bunlar fərqli məsələlərdir”.