12 İyun 2021 16:40
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb mediasında Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının heç bir əsası yoxdur. Bu ölkələrin özündə insan haqlarının pozulmasına dair, etirazçıların güllələnməsi və təhqir olunması, media mənsublarına qarşı zorakılıq halları, eyni zamanda milli və irqi ayrıseçkiliklə bağlı yüzlərlə fakt var. Bu cür nöqsanların mövcud olduğu ölkələrin özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim etməsi sadəcə gülüş doğurur. İnsan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu əksər Qərb ölkələrinin Azərbaycanı əsassız şəkildə ittiham etməyə haqqı yoxdur.

Bunu Telerqaf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, demokratiya və insan haqları əksər güclərin əlində sadəcə, təzyiq vasitəsidir:

“Bu yolla ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaq, müəyyən dairələrin sifarişini yerinə yetirmək meylləri açıq-aşkar görünür. Azərbaycanın öz gücü və siyasi iradəsi ilə 30 illik münaqişəni 44 gündə həll etməsi bəzi dairələri qıcıqlandırır. Erməni təəssübkeşliyi və azərbaycanafobiya meylləri bəzi dairələrin proseslərə ədalətli yanaşmasına mane olur. Post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərpasından narahat olan qüvvələrin olduğunu görürük. Açıq şəkildə Ermənistanı revanşizmə həvəsləndirən qüvvələrin pozucu fəaliyyətinin şahidiyik”.

Deputat söyləyib ki, Azərbaycanda bütün proseslər müsbət istiqamətdə gedir:

“Ölkələr öz işləri ilə məşğul olsalar və bizim işimizə müdaxilə etməyə cəhd göstərməsələr, işlər yaxşı gedəcək və münasibətlərdə heç bir problem olmayacaq. Çünki Azərbaycan heç kimdən birtərəfli qaydada yanında olmağı tələb etmir. Sadəcə ədalətli davranmağı, haqqı müdafiə etməyi və yaranmış reallığı qəbullanmağı tələb edirik”.

Könül Nurullayeva hesab edir ki, öz daxili problemlərini həll edə bilməyənlərin Azərbaycanın daxili işlərinə müdaxiləsi yolverilməzdir:

“Azərbaycan hər zaman müstəqil siyasət yeridən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün xalqların sülh və dost şəraitində yaşadığı bir ölkə kimi nümunə sərgiləyir. Bir-birilə əks mövqedə duran güclərin dialoq məkanı, eyni zamanda müxtəlif sivilizasiyaların bir araya gəldiyi ölkə kimi Azərbaycan hər zaman fərqlənib. Lakin qərəzli dairələr bu uğurları, Azərbaycanın əldə etdiyi nailiyyətləri və böyük qələbəni həzm edə bilmir. Azərbaycan inkişaf yolunu seçib, heç bir kənar təzyiq Azərbaycanı öz haqq yolundan yayındıra bilməz”.


Müəllif: Tapdıq Qurbanlı