Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə tarixi bir çıxış etdi. Cənab Ərdoğan tarixi Zəfərə imza atmış Azərbaycan dövlətinin Mədəniyyət paytaxtı olan Şuşaya səfərinin ardınca Milli Məclisə gəldi. Qardaş Türkiyə Prezidenti bu səfər boyu təəssüratlarını, əldə edilmiş tarixi qələbənin qiymətini, bundan sonrakı proseslərlə bağlı fikirlərini parlamentarilərlə bölüşdü.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, Ərdoğan çıxışında ermənilərin 30 il ərzində törətdiyi barbarlığı, vandalizmi gözləri ilə gördüyünü vurğuladı:
“Bildirdi ki, bu, misli-bərabəri olmayan bir cinayətdir. Ermənilər 30 il müddətində işğal etdikləri Azərbaycan ərazilərində daşı-daş üstə qoymayıb. Hər şeyi dağıdıb, məhv edib. Qardaş ölkənin prezidenti işğal dönəmində azərbaycanlılara məxsus mədəni, dini, tarixi abidələrin məhv edilməsindən də bəhs edib”.
Millət vəkili cənab R.T. Ərdoğanın parlamentdəki çıxışında artıq bölgədə yeni bir reallıq yarandığı fikrindən bəhs edib:
“Qardaş ölkə rəhbəri Azərbaycan dövləti və cənab Prezident İlham Əliyevlə birlikdə bu regiona yeni əməkdaşlıq mühitinin gətirilməsindən bəhs edib. Vurğulayıb ki, bu konteksdə uduzan tərəf olmayacaq. Əməkdaşlıq mühitindən bütün tərəflər qazanacaq. Burada sözsüz ki, Ermənistanın da mövcud durumdan çıxmaq imkanı yarana bilər. Nəticə etibarı ilə bundan bütün dünya da qazanclı çıxmaq şansı əldə edəcək. Cənab Ərdoğan altıtərəfli əməkdaşlıq platformasının yaradılması ilə bağlı Prezident İlham Əliyevlə birlikdə çox ciddi təşəbbüslərlə çıxış etdiyini də parlamentarilərin diqqətinə çatdırıb. Bildirilib ki, Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanın iştirakı formatında mühüm platforma formalaşacaq”.
Elman Nəsirov xatırladıb ki, Türkiyə Prezidenti Azərbaycana Brusseldəki NATO toplantısından gəlib:
“Cənab R.T.Ərdoğan NATO toplantısında da məsələlərə məhz bu cür yanaşıb. Türkiyə dövlətinin mövqeyi bir daha ifadə olunub. Qarabağda bərpa prosesində qardaş Türkiyə yaxından iştirak edəcək. Nəticədə bu bölgəyə sülh və əməkdaşlıq gələcək. Məhz Şuşa Bəyannaməsi nəticəsində iki qardaş ölkə arasında bütün sahələr üzrə əlaqələrin inkişafı üçün yeni bir dövr açılacaq. Bu, bir yol xəritəsidir. Bundan sonra da Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı üçün çox geniş imkanlar yaranacaq. Artıq bu münasibətlər iki dövlətin sərhədlərini çoxdan aşıb. Çünki bu münasibətlər regionda sülhə, əməkdaşlığa xidmət edən bir formatdır”.