Qardaş Türkiyə ilə Azərbaycan arasında imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi mühüm tarixi əhəmiyyət kəsb edir. Bu tarixi razılaşma iki qardaş ölkənin daha geniş spektorda əlaqələr qurmasına və güclərini artırmasına imkan yaradacaq. Artıq həm regional həm də qlobal miqyasda Azərbaycanın yaratmış olduğu yeni reallıq qəbul edilir. Bölgədə sülhə və təhlükəsizliyə tam zəmanət var. Bu isə regional layihələrin icrasını, investorların heç bir ilkin tələb olmadan bölgədə geniş iş imkanlarına səbəb olacaq.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsi bölgədə sülhə, qarşılıqlı əməkdaşlığa, xalqların firavan yaşayışına mühüm töhfə olacaq: “Sözsüz ki, Bəyannamədə də öz əksini tapan Zəngəzur dəhlizinin açılması vacib amildir. Bu dəhliz iki qardaş ölkəni birləşdirən nəqliyyat və dəmir yolu xətti olmaqla yanaşı daha geniş iqtisadi əməkdaşlıq imkanlarının formalaşmasında vasitə olacaq”.
Cavid Osmanov həmçinin ölkədə fəaliyət göstərən siyasi partiyaların Şuşa Bəyannaməsinə olan münasibətindən bəhs edib: “Ölkəmizdə 48 siyasi partiyanın bu Bəyannaməyə dəstək verməsi birmənalı olaraq yüksək qiymətləndirilir. Bu partiyalar bir daha dövlətin və dövlətçiliyin yanında olduqlarını bəyan edib. Təəssüfedici məqam odur ki, Şuşa Bəyannaməsinə iki siyası partiya dəstək olmadı. AXCP və Müsavat növbəti dəfə milli birliyimizə töhfə verməyərək ümumi bəyanata imza atmadı. Bu da onların bir daha erməni lobbisinə xidmət etmələrindən xəbər verir. Çünki Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanla Türkiyənin daha sıx birləşməsi deməkdir. Digər zamanlarda qardaş Türkiyə ilə yaxılaşmaqdan, birlikdə, bir mövqedən çıxış etməkdən dəm vuran bu iki siyasi təşkilat real məqamda bunun da əleyhinə olduqları bilindi. Bu da sözsüz ki, bu cür siyasi təşkilatların xarici donor mərkəzlərinə nə dərəcədə bağlılıqlarının növbəti ifadəsi idi”.