24 İyun 2021 09:05
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyanın hakimiyyətdə qalması Rusiyanın, Qərbin və erməni cəmiyyətinin maraqlarına tam cavab verdi”.

Teleqraf.com politoloq Oqtay Qasımovla müsahibəni təqdim edir:

- Oqtay bəy, Ermənistanda gözlənilən növbədənkənar parlament seçkiləri başa çatdı, nəticələr ortadadır. Azərbaycanın Ermənistanla müharibədən sonra həll olunmamış problemləri olduğunu nəzərə alaraq İrəvanın siyasətinin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyini gözləmək olar?

- Ermənistanda seçkilər gözlənildiyi kimidir. Seçkilərdə məğlub olan Sərksiyan və Köçəryan blokunun cığallıqlarını çıxmaq şərtilə digər siyasi qüvvələrin xüsusi etirazı yoxdur. Orada seçkidən sonra uduzan qüvvələrə diqqət yetirsək, əslində onları iki cür təsnifatlaşdırmaq mümkündür.

Birincisi, Köçəryan, Sərksiyan və Ovanisyan kimi faşist təfəkkürlə silahlanan revanşistlərin təmsil etdiyi qüvvələrdir ki, onlar seçkilərdə hansısa hiylələrin olduğunu bildirir, nəticələri şübhə altına almağa çalışır. Mübarizələrini hüquq çərçivəsində davam etdirəcəklərini deyirlər.

İkincisi, parlamentə düşməyən digər siyasi qüvvələrdir. Onların bəziləri yeni seçkilərə qədər parlamentdə təmsil olunublar. Sarukyan, Manukyan və digərləridir ki, onlar seçkilərin nəticələrini qəbul edir və bundan sonrakı dövrdə fəaliyyətlərini qanun çərçivəsində davam etdirəcəklərini deyirlər. Bəziləri hətta Paşinyanı təbrik ediblər.

Qənaətimcə, bu seçkilərin ən əhəmiyyətli nəticəsi odur ki, erməni cəmiyyəti revanşist və müharibə tərəfdarlarına, eləcə də Ermənistanı keçmiş korrupsioner sistemə qaytarmaq istəyənlərə yox dedi.

- Ancaq həmin revanşistlərin Ermənistan parlamentində azı 30 deputat mandatı var...

- Doğrudur, onların deputatları olacaq, amma bu deputat sayına görə parlamentin üçdə birindən azdır. Yəni nəticələr Paşinyana konstitusiya çoxluğu üstünlüyü verir. “Mülki Müqavilə” Partiyası təkbaşına hökumət qurmaq, vacib olan qanunları parlamentdən keçirmək imkanına malikdir.

Nikol Paşinyan seçki prosesində bəyan etdi ki, bundan sonra Ermənistanda dəmir intizam və qanunun aliliyi tam olaraq bərpa ediləcək. Bundan sonrakı mərhələdə Sərksiyan-Köçəryan cütlüyünün başına sığal çəkdiyi qrup və hakimiyyətdə qalmış korrupsionerlərə rəğmən Paşinyanın davranışlarından çox şey asılı olacaq. Təbii ki, Paşinyan xalqın ona verdiyi dəmir mandatdan ciddi şəkildə istifadə edəcək. Reallıqlar diktə edir ki, Paşinyan vacib olan bir neçə məqamı həll etsin. Bunlardan birincisi, öz qonşuları ilə münasibətlərin qaydaya salınması məsələsidir. Baxmayaraq ki, Paşinyan son açıqlamalarında sərsəm bəyanatlar verib, ancaq reallığı anlayan siyasətçidir və güman edirəm ki, Azərbaycanla, Türkiyə ilə münasibətləri qaydaya salan addımlar atmalıdır. O cümlədən, bölgədə kommunikasiya xətlərinin açılması məsələsini ləngitmədən həyata keçirməyə başlamalıdır. Çünki bu, həm Ermənistanın maraqlarına uyğundur, həm də Paşinyanın 10 noyabr və 11 yanvarda imzaladığı bəyannamələrin ortaya qoyduğu öhdəlikdir. Düşünürəm ki, bundan sonra erməni cəmiyyətində gərginlik nisbətən azalacaq, amma revanşistlərin də tərəfdarları az deyil. Onların tərəfdarları ümumən Ermənistanda seçkilərdə iştirak edənlərin üçdə biri qədərdir. Bu o deməkdir ki, Ermənistanda faşist təfəkkürlü zehniyyətin tərəfdarları yetərli qədər olmasa da var. Məncə, Paşinyan ümumən bölgədə yaranan reallıqlar və geopolitik anlamda söz sahibi olan qlobal güclərin də maraqlarını təmsil edən şəxs kimi hakimiyyətdə qalmağı bacardı. Başqa sözlə, onun hakimiyyətdə qalması Moskvanı da təmin edirdi. Rusiya onunla işləməyin mümkünlüyünü qəbul etdi. Paşinyanın hakimiyyətdə qalması erməni lobbisinin ciddi təsirinin olduğu Fransa və ABŞ kimi ölkələrin də marağında idi.

Köçəryan və digərlərindən fərqli olaraq qeyd edilən razılaşmalara imza atan Paşinyanla Azərbaycanın müzakirələr aparması nisbətən daha rahat ola bilər. Ümid edək ki, Ermənistanda xalqdan mandat alan Paşinyan daha konstruktiv mövqe tutacaq, bir il əvvəlki avanturist mövqedən əl çəkərək yeni reallıqlara uyğun addımlar atacaq. Başqa sözlə, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olmalıdır. Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanımalı, ərazi iddialarından imtina etməlidir. Bölgədə sülhün və əməkdaşlıq mühitinin baş tutması üçün öz töhfəsini verməlidir.

- Bunlar olmayacağı təqdirdə proses hansı istiqamətdə inkişaf edə bilər?

- Əgər köhnə siyasəti davam etdirmək cəhdi olacaqsa, bu zaman Ermənistan üçün problemlər yaranacaq. Bu da nə Ermənistanın, nə bölgədə yerləşən qonşu ölkələrin, nə də regionda marağı olan dövlətin istəyinə uyğundur.

- Siz düşünürsünüz ki, Paşinyanın hakimiyyətdə qalması Rusiyanın maraqlarına uyğundur. Bu halda Rusiya kanalları, siyasi şərhçiləri, jurnalistləri nədən Robert Köçəryanın xeyrinə çıxış edir, az qala onun hakimiyyətin bir addınmlığında olması təəssüratını yaradırdılar?

- Zənnimcə, bu mərhələdə Moskva hesab etdi ki, Paşinyanla işləmək mümkündür. Rusiyanın özünün də bölgədə müəyyən maraqları var. Bu maraqların təmin edilməsində Paşinyan rol oynaya bilər. Burada söhbət Ermənistanda Rusiyanın təsir dairəsinin daha da artırılması, Rusiya hərbi bazasının genişləndirilməsi və ya ikincinin açılmasından gedə bilər. Bir müddət əvvəl Paşinyan və komandası açıq deyirdi ki, Zəngəzurda Rusiya hərbi bazasının yaradılması və ya 102-ci hərbi bazasının imkanlarının artırılması lazımdır. Eyni zamanda Zəngəzur və Göyçə ətrafında dövlət sərhədlərinin qorunması üçün Rusiya sərhədçilərinin cəlb edilməsi məsələsinə Ermənistan razılaşıb. Başqa sözlə, müharibədən sonra Rusiyaya revanşist qüvvələrlə işləməkdənsə, Paşinyan kimi daha yumşaq və reallıqları qəbul edən qüvvə ilə işləmək münasib olardı. Bu səbəbdən də Rusiya Paşinyanın devrilməsində maraqlı olmadı. Baxmayaraq ki, rus mediası, siyasi dairələrinin xeyli nümayəndələri açıq və həyasız şəkildə Köçəryanı təbliğ edirdi. Nəticə olaraq Kremlin iradəsi ortada oldu, bunu da seçkidən dərhal sonra Putinin köməkçisi Dmitri Peskov səsləndirdi. MDB və KTMT-nin seçkilərlə bağlı müşahidəçilərinin seçkilərə müsbət yanaşması ortada idi.

- Demək istəyirsiniz ki, Paşinyanın hakimiyyətinin davam etməsi həm Rusiya, həm də Qərb üçün ən uyğun variant kimi nəzərə alınıb?

- Balanslaşdırılmış maraqların təmin olunması konteksində baxmaq olar. Məsələn, Paşinyanın hakimiyyətdə qalması erməni xalqı üçün o mənada əlverişlidir ki, erməni cəmiyyəti son 30 ildə “Böyük Ermənistan” kimi əsassız və faşist ideologiyasına söykənən zehniyyətlə getdiyi yolun dalana gətirib çıxardığını görür. Bu siyasət Ermənistanı regional layihələrdən kənarda saxladı, iqtisadi durumunun zəifləməsinə, blokadaya düşməsinə və insanların yaşam səviyyəsinin korlanmasına səbəb oldu. Bu səbəblərdən erməni rəsmilərinin etiraf etdiyi kimi son 30 il müddətində ölkəni ən azı 1,7 milyon erməni tərk etdi. Erməni cəmiyyətinin ağlı başında olan kəsimi bu siyasətin davam edəcəyi təqdirdə erməni dövlətinin mövcudluğunu təhlükə altına salacağını qəbul etdi. Bu səbəbdən də erməni cəmiyyəti bu dəfə daha ağıllı qərar verdi. Müharibə tərəfdarlarına deyil, əməkdaşlıq və sakitlik şəraitində yaşamağı bəyan edən siyasi xəttə səs verdi. Hərçənd biz bilmirik ki, bu, əməldə necə olacaq. Bu baxımdan Paşinyan hakimiyyəti erməni cəmiyyətinin maraqlarına uyğundur. Əgər bəyan olunan siyasət aparılacaqsa, Azərbaycan və Türkiyə ilə düşmənçiliyə son veriləcəksə, mehriban qonşuluq siyasətinə keçiləcəksə, habelə Gürcüstana ərazi iddialarından imtina olunacaqsa, bu, Ermənistanın inkişafına səbəb olacaq.

Rusiya isə 44 günlük müharibədən sonra yeni savaş istəmir. Bölgədə bu mərhələdə istədiyinə demək olar ki, nail olub. Ermənistanda Rusiya təsirinin daha möhkəmlənməsinə nail olub, habelə münaqişə bölgəsinə sülhməramlı adı altında öz hərbçilərini yeridib. Baxmayaraq ki, sülhməramlılar 5 il müddətində orada olmalıdır. Bir sözlə, yeni mərhələ üçün Rusiya maraqlarını təmin edib. Rusiya üçün həm də vacibi odur ki, Azərbaycan və Türkiyə ilə dərin konfliktə getmədən, əməkdaşlığı itirmədən dizayn əldə edilsin. Moskva da buna nail olub. Hazırda Azərbaycan və Türkiyə ilə əməkdaşlıq var, o cümlədən Ermənistanda da təsir imkanlarını artırdı, İrəvanı daha çox özündən asılı vəziyyətə saldı. İşləyə biləcəyi qüvvənin də hakimiyyətdə qalmasına maneə olmadı.

Qərbə gəldikdə isə ABŞ və Fransanın timsalında onların həm Ermənistanda maraqları var, həm də həmin ölkələrdə ciddi təsirə malik erməni diasporu mövcuddur. Onların marağı bu mənada təmin edildi ki, müharibə dayandı və növbəti mərhələdə əməkdaşlıq formatı yarana bilər. Paşinyanın şəxsində bu ölkələrin Ermənistanda nüfuzlarının artmasına imkan tanınacaq. Yəni Köçəryan və onun zehniyyətində olan ünsürlərin, birmənalı Rusiya asılılığını qəbul edənlərin hakimiyyətdə olmağındansa, Paşinyanın olması Vaşinqton və Paris üçün daha münasibdir. Onlar 2018-ci ildən bu yana Paşinyanı dəstəkləyirdilər. Paşinyanın son Paris səfəri də təsadüfi deyildi. Eləcə də ABŞ-ın İrəvandakı səfirinin seçki öncəsi Zəngəzura səfəri və yayılan məlumata görə, Paşinyanla gizli görüşü də dəstəkdir. Başqa sözlə, Qərb ölkələrinin də Ermənistandakı marağını təmin edəcək ən münasib fiqur Paşinyandır. Odur ki, bu nəticədən əslində bütün maraqlı qüvvələr razı qala bilər.


Müəllif: Nemət Orucov