30 İyun 2021 09:46
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

“10 illərdir ki, Yaxın Şərqdə gərginlik davam edir. Biz Rusiya, Çin və Türkiyə daxil olmaqla, Qərb ölkələrinin dünyada güclərini artırmaqla bağlı müxtəlif addımlarını müşahidə edirik. Bu prosesə həm də yeni dünya düzəni çərçivəsində baxmaq lazımdır”.

Bu sözləri Teleqraf.com-a Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, dünyanın super gücləri öz təsirlərini artırmaq üçün müxtəlif variantlardan istifadə edirlər:

"Çin bu prosesdə “yumşaq güc”dən daha çox istifadə edir. İqtisadi ekspansiya həyata keçirir. Eyni zamanda pandemiya dövründə Afrika və Asiya ölkələrinə çoxlu yardım apardı. Üç trilyondan çox maliyyə ehtiyatı var. Son dövrlər Pakistana 27 milyarda qədər yardım edib və bunu 50 milyarda çatdırmaq niyyəti var. Yəni maliyyə gücü hesabına daha çox möhkəmlənmək, bu dövlətlərlə əlaqələrini genişləndirmək istəyir.

Qərb bu prosesdə üstünlüyə daha çox iqtisadi imkanları və hərbi durumu sayəsində nail olmağa çalışır. ABŞ-ın bu sahədə təcrübəsi zəngindir. Avropada faktiki ABŞ-la birlikdə hərəkət edir.

Rusiya isə hərbi imkanları hesabına öz mövqelərini bərkitməyə çalışır. Aydındır ki, Rusiyanın iqtisadi imkanları Çin və ABŞ-la müqayisədə çox azdır və onun “yumşaq güc” amilindən istifadə etmək imkanları yoxdur”.

Tahir Kərimli düşünür ki, yaxın illərdə Türkiyə başda olmaqla, Azərbaycana dost ölkələrin mövqeləri kifayət qədər güclənəcək:

“Həm də qonşu dövlətlər içərisində türk və müsəlman birliyi ideyaları artıb. Ermənilər yeganə Qafqaz xalqıdır ki, kollektiv oynaya bilmirlər. Çünki bu regiona gəlmədirlər. Dünya düzəninin formalaşması hələ başa çatmayıb, ancaq Azərbaycanın kifayət qədər güclü müttəfiqləri var”.


Müəllif: Nemət

Oxşar xəbərlər