1 İyul 2021 10:43
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, Prezident hərbçilərlə son görüşündə ordu quruculuğu ilə bağlı mühüm mesajlar verdi. Bu mesajları, görüləcək işləri necə şərh etmək olar?

- Silahlı Qüvvələrimizin yaranma günü münasibətilə cənab Prezidentin söyləmiş olduğu fikirlər olduqca əhəmiyyətli, bu günə və gələcəyə hədəflənən, ordu quruculuğunun daha yüksək səviyyəyə çatmasını qarşıya qoyan, onu reallaşdıran bir yol xəritəsi mahiyyəti daşıyır. Təbii ki, cənab Prezident çıxışında 44 günlük müharibə üzərində bir daha dayandı. Ruhumuzu özümüzə qaytaran, Azərbaycanı qalib dövlətə, xalqa çevirən, bu zirvəyə qaldıran və torpaqlarımızı işğaldan azad edən Silahlı Qüvvələrimizin qəhrəmanlığı üzərində geniş dayanaraq, həm də onun gələcəyə hədəflənən məqsədlərini önə çəkdi. Ali Baş Komandan vurğuladı ki, Azərbaycan Ordusunda struktur dəyişiklikləri aparılıb. Azərbaycan artıq özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

- Ordu ilə bağlı hansı yeni modelləri əsas götürüləcək?

- Sözsüz ki, orduda yeniliklərin olması qaçılmazdır. Azərbaycanda qardaş Türkiyə ordusunun modeli əsasında islahatların aparılması mümkün olacaq. Artıq buna start verilib. Eyni zamanda ordumuzun say tərkibinin artırılması da cənab Prezident tərəfindən məqbul hesab edilir. Bununla yanaşı ayrı-ayrı ölkələrlə yeni müqavilələrin bağlanılması, yeni növ silah və hərbi ləvazimatların təminatının da həyata keçirilməsi reallaşır.

- Dövlət başçısı nöbəti dəfə Ermənistana çağırış etdi. Son seçkiləri də nəzərə alsaq, iki ölkə arasında əlaqələr bundan sonra necə inkişaf edəcək?

- Cənab Prezident Ermənistana ciddi mesajlar göndərdi. Bu mesajlar yetərincə ciddi mahiyyət daşıyan, ölkə Prezidentinin, Azərbaycan xalqının qətiyyətini və iradəsini ifadə edən bir mövqe idi. İlk növbədə sərhədlərin dəqiqləşməsinə yönəlmiş olan fikirlər var. Çünki bununla bağlı Ermənistanda müxtəlif avantürist qüvvələr var. Bu amilin Ermənistan üçün ciddi təhlükə olduğu bir daha onların diqqətinə çatdırıldı. Həmçinin “sülh sazişi yoxdursa, sülh də yoxdur” aforizmini cənab Prezident öz çıxışında ifadə etməklə Ermənistan və onu himayə edən ayrı-ayrı qüvələri xəbərdar etdi. Çünki sülh sazişi olmasa, bu Ermənistan üçün yeni fəlakətlərə yol açacaq. Başqa bir tərəfdən Ermənistanın razılığı və iradəsi olmadan da bölgədə sülhə və təhlükəsizliyə, əminamanlığa xidmət edən ciddi addımlar atılır. Bu addımların atılmasında Azərbaycan həlledici mövqedədir. Bu baxımdan cənab Prezident tərəfindən səslənən fikirlərin hər biri Ermənistan üçün ciddi bir mesajdır. Ermənistanda son parlament seçkilərinə qədər vəziyyət başqa cür idi. Artıq bu ölkədə seçki bitib. Seçilən tərəf isə yenidən Nikol Paşinyanın komandası oldu. O, 71 mandatla Ermənistan parlamentində təmsilçilik hüququ qazanıb. Bundan sonra isə Ermənistanda N.Paşinyanın başçılığı ilə hökumət formalaşacaq. Ermənistanda isə bundan sonrakı proseslərin inkişafı və gedişi Paşinyandan asılı olacaq. Əgər O doğurdan da Ermənistanın varlığını qoruyub saxlamağa, onu fəlakət içərisindən çıxarmaq istəyirsə Azərbaycanın şərtlərinə əməl etməlidir. Sülh sazişinin bağlanması üçün addımlar atılmalıdır. Bunun ardınca Ermənistan rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Eyni zamanda Qarabağım dağlıq və aran hissəyə bölünməsi kimi anlayışlardan da tamamilə imtina etməlidir.

- Ermənistanda revanşıstlərin bir qismi parlamentdə təmsilçilik hüququ qazandı. Bu amil Paşinyan hökumətinin qonşularla münasibətlərinə necə təsir göstərə bilər?

- Ermənistanda son parlament seçkiləri siyasi proseslərdə mahiyyətcə bir nöqtə qoydu. Seçkilərdə Paşinyan komandasının qalib gəlməsi erməni cəmiyyətinin müharibə, qarşıdurma istəmədiyi anlamında izah oluna bilər. Çünki erməni cəmiyyəti artıq müharibələrdən bezib. Amma buna baxmayaraq revanşistlər də mövcuddur. Köçəryan və Sərkisyan az da olsa, cəmiyyətdən mandat alıb. Buna baxmayaraq onlar yetərli gücə malik deyillər. Bununla yanaşı parlamentdə təzyiq kimi Paşinyan komandasına maneə olmağa cəhdlər ola bilər. Paşinyanın bu qüvvələr tərəfindən sabotaj edilməsi da qaçılmazdır. Amma buna baxmayaraq Ermənistanda Paşinyan təkbaşına hakimiyyət formalaşdırmaq imkanı əldə edib. Proseslərin sonrakı gedişində Azərbaycan qalib dövlət kimi özünün maraqlarını diktə edəcək. Bütün bunların fonunda revanşistlərin heç bir nüfuza malik deyil. Eyni zamanda Köçəryan və Sərkisyanın indiki halda parlamentdə təmsilçiliyi mümkün deyil. Çünki prezidentlikdən parlamentdə sıravi bir deputat kimi iştirakı da şübhə doğurur. Onların təmsil olunduğu fraksiyalar parlamentdə təmsil olunsa da, mahiyyəti heç bir ciddi əsas yarada bilməyəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər