2 İyul 2021 11:45
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən Gəncədə su qıtlığı ilə əlaqədar yaranmış gərgin vəziyyətlə bağlı hökumətə müraciət etmək istəyirəm. Yay fəslinin gəldiyi cəmi 10 gündür, amma Gəncədə artıq ağacların payızıdır. Susuzluqdan yanan ağacların yarpaqları tökülür, xəzəli küçələrdən yığışdırıb qurtarmaq olmur. Körpə fidanlarla yanaşı 100- 150 il yaşı olan Gəncə çinarları da quruyub məhv olur”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında komitə sədri Musa Quliyev çıxışı zamanı deyib.

O bildirib ki, bir çox məhəllələrdə evlərə gündə cəmi 2 saat su verilir: “Gəncənin qədim kəhrizlərini və arxlarını sıradan çıxartdılar ki, şəhərin su-kanalizasiya sistemi yenidən qurulur. 2011-ci ildə Azərsu ASC-nin başladığı layihənin indiyədək cəmi 42%- i icra olunub. 200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq nəticə yoxdur. Əslində nəticə var: bu qazıq- qazıq küçələr, gündə bir küçədən partlayıb dağılan keyfiyyətsiz qurulan kanalizasiya xətləri, su qıtlığı və əhalinin narazılığıdır. Ən acınacaqlı nəticə isə odur ki həmin layihə vəsait çatışmazlığı səbəbindən bu ilin yanvarın 1-dən dayandırılıb. Bu, cinayətdir, xalqa və dövlətə qarşı cinayətdir”.

Musa Quliyev qaldırdığı bu məsələyə dair Hesablama Palatasına səslənib: “Bu layihənin maliyyə təminatının məqsədyönlülüyünü araşdırın. Mən Respublika Prokurorluğuna müraciət edirəm. Yoxlayın, aydınlaşdırın, bu layihə nə qədər səmərəli və keyfiyyətli icra olunub? Gəncədə yaşıllıqlar məhv olur, insanlar əziyyət çəkir. Son 10 ildə Gəncənin ətrafındakı Cavad xan, Məhsəti, Şıxzamanlı, Natəvan qəsəbələrində 6000-ə yaxın fərdi yaşayış evləri tikilib. Heç birinin su-kanalizasiya təchizatı yoxdur. Təcili şəkildə bu problemlər öz həllini tapmalıdır. Hazırda Gəncənin su probleminin həlli üçün 30 yeni artezian quyusu qazılmasına ehtiyac olduğu halda bu il cəmi 1 artezian quyu qazılması nəzərdə tutulur. Mən hökumətə müraciət edirəm: cənab baş nazir, Gəncənin su qıtlığı problemini nəzarətinizə götürün və qısa müddətdə həlli üçün müvafiq qurumlara tapşırıq verin”.


Müəllif: Nemət

Oxşar xəbərlər