24 İyul 2021 21:33
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dünyada geniş oxucu auditoriyasına malik nüfuzlu “Foreign Policy” nəşrində Kanada Qlobal Məsələlər İnstitutunun tədqiqatçı-alimi Robert Katlerin “Minsk qrupunun fəaliyyəti mənasızdır” sərlövhəli məqaləsi dərc olunub.

Teleqraf.com xəbər verir ki, məqalədə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağda sülhməramlı səylərinin nəticəsiz və səmərəsiz olduğu vurğulanır. Müəllif yazır: “Belə bir aforizm var ki, generallar zəfərlə başa çatacaq müharibəyə hazırlaşır, diplomatlar isə çox vaxt möhkəm sülh və ya ən azından dayanıqlı sülh üçün təşəbbüslə çıxış edirlər. Adətən, onlar bəzi səbəblərdən, o cümlədən şəraitin dəyişməsi ucbatından uğursuzluğa düçar olurlar. ATƏT-in 1990-cı illərdə təsis etdiyi Minsk qrupu da bu aqibətlə üzləşib”.

Təxminən 30 il ərzində Minsk qrupunun səmərəsiz fəaliyyət göstərdiyini qeyd edən müəllif vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələrinin son Qələbəsi və Ermənistanın işğalına son qoyulması bütün məsələlərə nöqtə qoyub. O yazır: “İndi bu, artıq iflas və sonun çatması deməkdir. Onun fəaliyyəti dəfn edilib, indi real sülh və barışıq zamanıdır, geriyə baxmaq yox, gələcəyə istiqamətlənmək vaxtıdır”.

Məqalədə xatırladılır ki, 1992-ci ilin martında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransı (o zaman hələ ATƏT adlanmırdı) tərəfindən təşəbbüsü irəli sürülən Minsk qrupu 1995-ci ilin martında Rusiya və ABŞ-ın həmsədrliyi ilə təsis edildi, Fransa isə 1997-ci ildə bu qrupa qoşuldu və beləliklə, triumvirat yarandı.

“Adətən bir fakt unudulur ki, Minsk qrupunun həmsədrlərlə yanaşı, əlavə səkkiz üzvü var. Çox vaxt bunun səbəbi də qeyd olunmur və həmin əlavə üzvlərlə məsləhətləşmə aparılmır, onların rəyi soruşulmur. Azərbaycan və Ermənistanla yanaşı, qrupun digər üzvləri Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç və Türkiyədir. 1990-cı illərin sonlarında Minsk qrupu üç plan təqdim etdi və müharibə tərəfləri tərəfindən rədd edildi. 1997-ci ildə irəli sürülmüş birinci plan hərtərəfli təklif (“Paket həll”) adlanırdı və silahlı münaqişəyə son qoyulmasını, eləcə də regionun statusunun müəyyən edilməsini ehtiva edirdi. Bu, Azərbaycan və Ermənistan tərəfindən rədd edildikdən sonra Minsk qrupu 1997-ci ilin sentyabrında “mərhələli həll” adlanan və taktiki-logistik seqmentlərin vasitəsi ilə hərbi münaqişəyə son qoyulmasını nəzərdə tutan yeni razılaşma təqdim etdi. Bu plan o vaxt Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan tərəfindən qəbul olunmadı. Nəhayət, 1998-ci ilin noyabrında Minsk qrupu başqa hərtərəfli plan (“ümumi dövlət”) təklifini irəli sürdü. Bu təklif Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyü çərçivəsində “Dağlıq Qarabağ dövlət-ərazi vahidi”nin yaradılmasını, bu “dövlətin” suverenliyinin, öz pasportunun, pul vahidinin, milli qvardiya və polis qüvvələrinin olmasını nəzərdə tuturdu. Azərbaycan qüvvələri bu əraziyə daxil ola bilməzdi, amma Dağlıq Qarabağ Azərbaycanda seçkilərdə və parlamentdə iştirak etmək hüququ əldə etməli idi. Tarixdə “ümumi dövlət” siyasi forması çox vaxt uzunmüddətli olmur. Məsələn, nümunə kimi göstərilən Transqafqaz Demokratik Federativ Respublikası 1918-ci ildə mövcudluğunu bir aydan çox sürdürə bilmədi. Azərbaycan tərəfi də Minsk qrupunun “ümumi dövlət” təklifini səmərəsiz qiymətləndirərək rədd etdi”, - deyə müəllif yazır.

Robert Katler qeyd edir ki, 2007-ci ilin noyabrında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Madriddə keçirilən konfransında Minsk qrupu tərəfindən münaqişənin həllinə dair “Madrid prinsipləri”nin orijinal versiyası təqdim olundu. 2009-cu ildə mətni dəyişdirilən bu planda Dağlıq Qarabağın ətrafındakı 7 rayon üzərində Azərbaycanın nəzarətinin bərpa olunması, Dağlıq Qarabağın təhlükəsizliyini və özünüidarəsini nəzərdə tutan təminatları ehtiva edən “keçici statusun” verilməsini, Ermənistanla dəhlizin təminini, leqal statusun verilməsi üçün hazırlıq görülməsini, müvəqqəti köçkünlərin qayıtmasını, sülhməramlı əməliyyatlarını həyata keçirilməsini nəzərdə tuturdu. “Kazan formulu” adlanan təklif isə 2011-ci ildə Rusiyanın vasitəçiliyi ilə irəli sürüldü. Bu plana görə, Ermənistan Dağlıq Qarabağın ətrafında işğal etdiyi 7 rayondan 5-ni Azərbaycana qaytarmalı, sonradan Laçın və Kəlbəcəri də boşaltmalı idi. Əvəzində, Azərbaycan Ermənistanın iqtisadi blokadasını aradan qaldırmalı, iqtisadi və humanitar əməkdaşlıq, demilitarizasiya prosesləri başlamalı, sülhməramlı qüvvələr yerləşdirilməli idi.

Məqalədə diqqətə çatdırılır ki, sovet dövründə olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti artıq mövcud deyil və Azərbaycan Ordusu bu keçmiş vilayətin böyük hissəsini, o cümlədən mühüm şəhəri Şuşanı nəzarətə götürüb. Qalan hissədə isə Rusiyanın sülhməramlı qüvvələri yerləşib. İndi Azərbaycanın tərkibində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur və hər hansı leqal status da gündəmdə deyil. Yuxarıda qeyd olunan “Madrid prinsipləri” münaqişənin sülh yolu ilə həllini nəzərdə tuturdu, amma proseslər müharibə həddinə çatdı və Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz əraziləri üzərində suveren hüquqlarını qorudu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamə də Ermənistanın Azərbaycanın suveren ərazilərini işğal etməsini təsbit etmişdi. Bundan başqa, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə “Madrid prinsipləri”ni təftiş edərək sözdə “Dağlıq Qarabağ Respublikasının” Azərbaycanla danışıqlarda tərəf kimi iştirak etməsinə çağırırdı. Bu çağırış danışıqların dayanmasına gətirib çıxardığı kimi, həm də ATƏT-in vasitəçilik missiyasının səmərəliyini zərbə altına qoydu. Artıq bu təşkilatın fəaliyyətinin anlamı qalmamışdı. Belə ki, 30 ilə yaxın davam edən diplomatik inersiya iflasla nəticələndi. Eyni zamanda, Minsk qrupunun iki həmsədri – Fransa və ABŞ regionda təsirini itirdi.

Müəllif vurğulayır ki, Fransa Prezidenti Emmanuel Makron diplomatik neytrallığa əməl etmək əvəzinə, Ermənistanı dəstəkləyən bəyanatla çıxış edib. O, Türkiyəni ittiham edərək birtərəfli mövqe tutub. Bu məsələdə Fransada yaşayan ermənilərin də təsiri var. ABŞ-a gəldikdə isə, hələ Obama administrasiyası dövründə Cənubi Qafqazdan uzaqlaşan Vaşinqton Türkiyə-Ermənistan məsələsində də yanlış siyasət yürüdüb. Erməni lobbisinin Bayden administrasiyasına təzyiqi də Azərbaycanla ABŞ arasında münasibətlərin gələcəyinin düzgün qiymətləndirilməsinə mane olur.

Münaqişənin birdəfəlik həllində yeganə çıxış yolunun Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması olduğunu qeyd edən müəllif Minsk qrupunun səmərəsiz fəaliyyəti barədə fikirlərini davam etdirərək yazır: “Bundan əlavə, 2017-ci ildə ABŞ-ı Minsk Qrupunun həmsədrlərindən biri kimi təmsil edən səfir Riçard Hoqland öz fəaliyyətindən danışaraq, necə deyərlər, “torbadan pişiyi” buraxıb. Onun səmimi sözləri sitat gətirməyə layiqdir: “Beşulduzlu otellərdə qaldıq, bizə xüsusi yemək otağı və əlavə xərc tələb etmədən otaqlar ayrılmışdı. Getdiyimiz şəhərlərdə ən yaxşı restoranları axtarırdıq. ATƏT-in bayrağı altında Bakı və İrəvan arasında danışıqlara dair Minsk qrupunun mövcudluğunu xatırlatdığımız müddətcə yaxşı yaşadıq. Ancaq açıq danışsaq, çox az iş gördük”.

Məqalənin sonunda qeyd olunur ki, əhalisi Ermənistandan üç dəfədən çox olan Azərbaycanın milli gəliri də ondan dörd dəfə artıqdır. Ermənistan hələ də Rusiyadan asılı vəziyyətdədir. Bu ölkəyə yalnız erməni diasporu və 3 milyard dollar ayıracağını bəyan edən Avropa İttifaqı yardım edir. Erməni diasporu militarist mövqedən çıxış etsə də, ermənilərin son 25 ildə yaşadığı problemlərdən uzaqdır. Ter-Petrosyanın baş müşaviri olmuş Jirair Libardian erməni diasporunun maksimalist mövqeyinin və Dağlıq Qarabağ məsələsində ermənilərə təsirinin fəlakətlə nəticələnəciyini hələ 1990-cı illərdə xəbərdarlıq edirdi. O deyirdi ki, “bizi bu tarixi fəlakətə aparan düşüncənin davam etdirilməsi yeni müharibənin başlamasına və əlimizdə olanların da itirilməsinə səbəb olacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər