29 İyul 2021 23:35
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasında Təxsisatlar üzrə qanun layihəsi çərçivəsində qəbul olunmuş ermənipərəst konqresmen Frənk Pəllonun düzəlişi, Azərbaycan-Amerika tərəfdaşlığına xələl gətirmək və ABŞ-ın təhlükəsizlik layihələrinə mane olmaq istəyən ermənipərəst qrupların artıq bir neçə ildir ki, müşahidə etdiyimiz yanaşmasını əks etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasında Təxsisatlar qanunvericiliyi çərçivəsində qəbul edilmiş düzəlişlə bağlı sualı cavablandırarkən bildirib.

“İlk növbədə qeyd etmək istərdik ki, ABŞ ilə əməkdaşlığımız təhlükəsizlik, o cümlədən terrorçuluq, qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə, mühüm infrastrukturlara qarşı yönələn təhdidlərin cavablandırılması və s. sahələri əhatə etməklə, ABŞ-ın maraqları çərçivəsindədir.

Azərbaycan və ABŞ-ın bu istiqamətlərdə uzunmüddətli məhsuldar əməkdaşlıq tarixçəsi mövcuddur və biz ABŞ proqramları çərçivəsində güclü bir əməkdaşlıq təcrübəsini qurmuşuq.

Azərbaycana yardımı qadağan etməyi hədəfləyən bu cür düzəlişlər 1990-cı illərin əvvəllərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin hərbi işğalını və ölkə əhalisinin etnik təmizləməsini həyata keçirən Ermənistanın təcavüzünün qurbanı olan respublikamıza ABŞ hökumətinin göstərdiyi bütün yardımları qadağan edən “Azadlığa Dəstək” Aktının 907-ci bölməsini xatırladır.

Qeyd etmək istərdik ki, hazırda müvafiq qanunvericiliyin nəzərdən keçirilməsinin ilkin mərhələsidir və ümid edirik ki, qarşıdakı aylarda ABŞ Konqresi ölkənin milli maraqlarına əsaslanan siyasətinin erməni diasporu, lobbi qruplarının girovuna çevrilməsinə imkan verməyəcək”, - deyə səfirlikdən bildirilib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər