İyulun 28-dən avqustun 3-dək Türkiyənin 38 vilayətində ümumilikdə 163 yanğın faktı qeydə alınıb. Onlardan 152-i artıq söndürülüb. Yanğınların qardaş ölkə iqtisadiyyatına mənfi təsirləri ilkin qiymətləndirilir, bununla belə, digər müzakirə olunan məsələ Türkiyənin yanğından sonra dəymiş ziyanı hansı müddətə bərpa edə biləcəyi ilə bağlıdır. Son illər Türkiyəyə qarşı həm siyasi, həm iqtisadi qərarlar qardaş ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib.
Teleqraf.com xəbər verir ki, bunu Milli məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, Türkiyə bu kimi sınaqlardan həmişə üzüağ çıxa bilib: “Türkiyənin mövcud maliyyə imkanları bu sınaqdan da çıxmağa imkan verəcəkmi? 794 milyard dollar nominal ÜDM ilə Böyük İyirmiliyin üzvü olan Türkiyə illik 167 milyard dollarlıq ixrac ilə dünyanın 26-ci ən böyük eksport potensialı olan ölkəsidir. Trade Economics-in məlumatına görə, hazırda Türkiyənin xarici valyuta ehtiyatları 62 milyard 660 milyon dollardır. Rəsmi Ankara isə ehtiyatların 128 milyard dollar olduğunu bəyan edib”.
Deputat söyləyib ki, pandemiyanın təsirlərinə baxmayaraq Türkiyə iqtisadiyyatı ötən il 1.8 faiz artıb: “İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına (OECD) üzv olan ölkələr arasında Türkiyə Çindən sonra 2020-ci ilə ən böyük iqtisadi artıma nail ola bilən ölkədir. Göründüyü kimi, “lock-down” tədbirlərinə və iqtisadi məhdudlaşdırmalara rəğmən Türkiyədə ÜDM ötən il tam rəqəmli böyüyə bilib”.
Vüqar Bayramov xatırladıb ki, bir müddət öncə isə rəsmi Ankara son illər iqtisadi məsələlərin həlli üçün 165 milyard dollar vəsait xərclədiyini bəyan etmişdi: “Bu isə ondan xəbər verirdi ki, qardaş ölkədə bu oxşar sınaqlar mütəmadi müşahidə olunur. Deməli, əvvəlki illərin təcrübəsini və mövcud potensialı nəzərə alsaq Türkiyə yanğınların vurduğu iqtisadi ziyanları da qısa zamanda aradan qaldırmaq gücünə malikdir”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan Fövqalədə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirir:
“Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcəyi gözlənilir.
Azərbaycanın Türkiyəyə sərmayə qoyluşları qardaş ölkənin iqtisadiyyatına dəstəkdir. Türkiyə bu bəladan qurtulduqan sonra da Azərbaycan sərmayəsi qardaş ölkə iqtisadiyyatının yenidən dirçəlməsinə töhvə olacaq”.