7 Avqust 2021 21:06
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli dövlət kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir. Ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin də xüsusi rolu var.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur: “Bu baxımdan, Milli Məclisin beynəlxalq fəaliyyəti xüsusi qeyd olunmalıdır. Parlament çox mühüm hakimiyyət qoludur və onun işində beynəlxalq fəaliyyət xüsusi yer tutur. Parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır”.

Deputatın sözlərinə görə, Milli Məclisin 82 ölkənin parlamenti ilə dostluq qrupu, 12 beynəlxalq parlament təşkilatında nümayəndə heyəti və 1 ikitərəfli komissiyada fəaliyyət göstərir: “Koronavirus pandemiyası ilə əlaqədar mövcud olan vəziyyət Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyinə müəyyən mənada öz təsirini göstərsə də, bu dövrdə parlamentin beynəlxalq əlaqələrinin genişləndirilməsi də prioritetlərdən biri olaraq qalıb.

Həmçinin parlamentin rəhbərliyi, komitələrin sədrləri, beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərimizin başçıları öz həmkarları ilə onlayn rejimdə bir sıra görüşlər keçirib və müzakirələr aparıblar. Bu formatda keçirilən və deputatların iştirak etdiyi digər tədbirlər də Milli Məclisin beynəlxalq əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir”.

Sevinc Fətəliyeva vurğulayıb ki, ötən il 44 günlük Vətən müharibəsi zamanı bütün cəmiyyətimiz kimi ölkə parlamenti də imkanlarını səfərbər edərək aktiv fəaliyyət göstərib:

“Parlament diplomatiyasının bütün imkanları tam haqlı olaraq Vətən müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olundu. Milli Məclis şanlı Ordumuzun əks-hücum əməliyyatlarına başladığı ilk anlardan etibarən beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı hərbi təxribatları, şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı həqiqətləri çatdırmaq məqsədilə milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlayıb. Parlament rəhbərliyinin və dostluq qruplarının adından 88 ölkənin parlamentinə və 11 beynəlxalq təşkilata 140-dan çox məktub göndərilib. Eyni zamanda, bir sıra ölkələrin parlamentlərinin spikerləri və beynəlxalq təşkilatların rəhbərləri ilə telefon danışıqları aparılıb. Bəzi ölkələrin səfirləri ilə görüşlər keçirilib. Onlara Ermənistanın təcavüzü və təxribatları haqqında ətraflı məlumat verilib”.

Millət vəkili parlament diplomatiyasının uğurları sırasında Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Bakı görüşü və imzalanan Bakı Bəyannaməsini xüsusi qeyd edib: “Bu sənəd yeni platformada çoxşaxəli fəaliyyəti özündə ehtiva edir. Azərbaycan bütün dost dövlətlərlə dünyada və regionda sülhün, əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın tərəfdarı olaraq bundan sonra da yeni reallıqlar çərçivəsində dostluğa sadiq qalaraq fəaliyyət göstərəcək. Bu mənada, Bakı Bəyannaməsi böyük əhəmiyyət kəsb edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər