9 Avqust 2021 15:31
3 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rus qoşunlarının həmin ərazilərdə yerləşdirilməsinin beynəlxalq hüquqi əsası yoxdur. Beynəlxalq hüquqa görə, bu qanun pozuntusudur. Bununla belə, bu addım həmin kəndlərin Azərbaycana qaytarılması və gələcəkdə Qazax üzərindən Ermənistan və Rusiya arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı ola bilər. Amma rəsmi Bakının da bildirdiyi kimi, bölgədəki nəqliyyat dəhlizləri eyni vaxtda açılmalıdır. Zəngəzur dəhlizi açılmadan Qazax istiqamətində Ermənistan və Rusiya arasında nəqliyyat əlaqələrinin bərpasından söhbət gedə bilməz”.

“Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Son günlərdə Ermənistan mətbuatında Qazaxın 7, Naxçıvanın 1 kəndinin Azərbaycana qaytarılacağı ətrafında müzakirələr gedir. Sizcə, bu kimi müzakirələr hansı əsasda açılıb, yaxınlarda bu yöndə hansı gəlişmələrin şahidi ola bilərik?

- Bu və digər işğal edilmiş ərazilərimizin qaytarılması ötən 30 il ərzində həmişə gündəmdə olub. Ötən il Azərbaycanın müharibədəki qalibiyyətindən sonra bu məsələyə də aydınlıq gətirilməliydi. 10 noyabr bəyanatının imzalanmasından sonra Paşinyanın Ermənistan daxilində üzləşdiyi vəziyyət və bu ölkədə erkən seçkilərin keçirilməsi səbəbindən bu məsələ ertələndi. Amma Ermənistan baş naziri indi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Bəzən görürük ki, Paşinyan yenidən cığallıq etmək istəyir. Paşinyan Ermənistanın digər siyasətçiləri kimi əlindəki fürsətlərdən istifadə edərək öhdəlikdən yayınmağa çalışır. Amma Ermənistan rəhbərləri bu öhdəliklərdən qaçmağın nəticələrini həm 2016-cı ilin Aprel döyüşlərində, həm də Vətən müharibəsində gördülər.

Həmin ərazilər Azərbaycana qaytarılmalıdır. Artıq həmin istiqamətdə Rusiyanın hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı məlumatlar var. Bu məlumatı da erməni mənbələri yayıb. Hesab edirəm ki, proseslər həmin ərazilərin qaytarılması və bölgədə kommunikasiyaların açılması istiqamətində gedir.

- Rus qoşunlarının Qazaxın işğal edilmiş kəndində (Əskipara) yerləşdirilməsi məsələsinə diqqət çəkdiniz. Bu addımı bir qədər də ətraflı izah edə bilərdinizmi?

- Rus qoşunlarının həmin ərazilərdə yerləşdirilməsinin beynəlxalq hüquqi əsası yoxdur. Beynəlxalq hüquqa görə, bu qanun pozuntusudur. Bununla belə, bu addım həmin kəndlərin Azərbaycana qaytarılması və gələcəkdə Qazax üzərindən Ermənistan və Rusiya arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı ola bilər.

Amma rəsmi Bakının da bildirdiyi kimi, bölgədəki nəqliyyat dəhlizləri eyni vaxtda açılmalıdır. Zəngəzur dəhlizi açılmadan Qazax istiqamətində Ermənistan və Rusiya arasında nəqliyyat əlaqələrinin bərpasından söhbət gedə bilməz.

- Bəs KTMT-nin baş katibi Stanivlav Zas niyə Ermənistana gəlib, bunun sərhəddəki son gərginliklə bir əlaqəsi varmı?

- İstər Stanislav Zas olsun, istərsə də KTMT-nin digər rəhbər şəxsləri – onlar bu təşkilatın xarici siyasət strategiyası ilə bağlı qərar vermək müstəqilliyinə malik deyillər. Biz bilirik ki, KTMT-nin arxasında Rusiya dayanır. Yəni Rusiyanın verdiyi qərarlar KTMT tərəfindən icra edilir.

Zasın səfərinə gəldikdə, o, post-münaqişə dönəmində KTMT-dən Ermənistana gələn ilk yüksək çinli şəxsdir. Düşünürəm ki, bu səfərin nəticəsi sıfıra bərabər olacaq. Çünki adı kağız üzərində olan KTMT heç bir effektli fəaliyyəti olmayan hərbi təşkilatlar siyahısındadır.

- Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Bikantov bildirdi ki, Azərbaycan KTMT-yə müşahidəçi statusunda qatılmaq üçün müraciət etməyib. Niyə Rusiya tez-tez bu məsələni gündəmə gətirir, Moskvanın bu istəyinə Bakının cavabı nə ola bilər?

- Bikantovdan sonra dünən Stanislav Tarasov yenidən Avrasiya Birliyi məsələsindən danışdı. Ümumiyyətlə, Rusiyadan tez-tez Azərbaycanın həm KTMT, həm də Avrasiya Birliyinə müşahidəçi qismində qatılması ilə bağlı eyhamlar vurulur. Müharibədən əvvəl bəzi azərbaycanlı parlamentarilər də bu məsələ ilə bağlı açıqlamalar vermişdilər. Mənsə düşünürəm ki, nəinki Azərbaycanın KTMT və Avrasiya Birliyinə üzvlüyü, hətta həmin təşkilatlara müşahidəçi qismində qatılacağı da sual altındadır. Ümumiyyətlə, Azərbaycanın KTMT-yə üzv olması mümkün deyil. Çünki bu təşkilatın məqsədləri və arxasında dayananların kimliyi bəllidir. Bizim hərbi-siyasi müttəfiqimiz Türkiyədir.

Hesab edirəm ki, Azərbaycan Türkiyə vasitəsilə NATO ilə münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır. Ən əsası da, düşünürəm ki, biz bundan sonra hansısa hərbi bloka qoşulmayacağıq. Əsas məqsədimiz münasibətlərdə balansı qorumaqdır. Biz NATO ilə yanaşı, KTMT-yə də öz mövqeyimizi bəyan etmişik ki, üzvlük və digər məsələlərdən əl çəksinlər. Söhbət ilk növbədə KTMT-dən gedir. Çünki əslində, NATO-nun belə bir iddiası da yoxdur.

Bu kimi iddialarla çıxış edən Tarasov, Bikantov və digərləri anlamalıdırlar ki, Rusiya hələ də üçtərəfli bəyantlarda üzərinə götürdüyü müxtəlif öhdəlikləri və ya müddəaları yerinə yetirmir. O mənada ki, Rusiyab bəyanatın icrasının qaranatı rolunda çıxış edir, amma Ermənistana heç bir təsir göstərmir. Biz hələ də Laçın dəhlizi vasitəsilə bizə naməlum və qəbuledilməz olan yüklərin daşınmasını görürük.

Eləcə də Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə ermənilərin qanunsuz silahlı birləşmələrinin fəaliyyətini müşahidə edirik. Buna adekvat olaraq, Ermənistan üçtərəfli bəyanatların müddəalarını yerinə yetirmir, Rusiya isə buna səssiz qalır.

Moskva KTMT-yə üzvlükdən daha çox onu düşünməlidir ki, Azərbaycan dörd il sonra Qarabağdakı Rusiya sülhməramlılarının çıxarılması məsələsini qaldıra bilər. Buna görə də yaxşı olardı ki, kimlərisə himayə etmək yox, qarşılarında olan məsələlərin həlli ilə məşğul olsunlar. Əgər kimsə deyirsə ki, Azərbaycan 10 noyabr bəyanatının imzalanmasından sonra KTMT və Avrasiya Birliyinə üzv olacağı ilə bağlı vəd verib, o zaman Rusiyadan soruşulmalıdır ki, bəs sənin həmin bəyanat üzrə üzərinə götürdüyün məsələlərin həlli nə yerdədir?

Digər yandan, Azərbaycan heç vaxt nə KTMT, nə də digər bir təşkilata üzvlüklə bağlı fikir ortaya qoyub. Əksinə, biz balanslı siyasət aparacağımızı və hərbi bloklara qoşulmayacağımızı dəfələrlə bəyan etmişik.

- Rusiyalı deputat Vladimir Jirinovski Azərbaycandan sonra Türkiyəni də hədəfə aldı. Görünür, Jirinovskini tez-tez Azərbaycan və Türkiyə əleyhinə danışdıran Kreml nədənsə narahatdır. Jirinovskinin dilindən səsləndirilən bu hədyanların arxasında Rusiyanın hansı narahatlığı var?

- Jirinovski bu dəfə də Azərbaycanla münasibətlərə toxundu. O bildirdi ki, Bakıya gəlməyi, burada qara kürü yeməyi, Xəzərin sahilində oturmağı, Rusiya-Azərbaycan münasibətlərini müzakirə etməyi çox istərdi. Birincisi, Jirinovski kim olduğunu unutmamalıdır. Bu gün onun partiyası Rusiya parlamentində ən aşağı nüfuzlu siyasi təşkilatdır. Üstəgəl, onun partiyası hakim partiya deyil, buna görə də onun Bakıda yüksək səviyyədə qarşılanması mümkün olmayacaq.

Azərbaycanda daha çox nifrət hədəfi olan Jirinovski yaxşı olardı ki, öz ölkəsinin daxili problemləri və öz seçiciləri ilə məşğul olsun. Jirinovski təmsil etdiyi bölgədəki ciddi problemlərin həllinə baş qoşmaqdansa, Cənubi Qafqazla bağlı şovinist fikirlər irəli sürür.

Jirinovskinin Azərbaycan və Türkiyə ilə bağlı açıqlamalarına gəldikdə, qənaətimə görə, bu, müəyyən mənada Rusiyanın hakim siyasi kuluarlarında ortaya atılmış tezislərin bir istiqamətidir. Jirinovskiyə də bunları dilə gətirmək əmri verilib. O da öz aləmində guya bizə təsir mexanizmlərdən istifadə edir. Yaxşı olardı ki, Jirinovski müharibədən əvvəl Qarabağ və bölgə ilə bağlı çıxışlarına nəzər salsın.

Jirinovskinin səsləndirdiyi fikirlər Rusiyaya başucalığı gətirə bilməz. Rusiya bölgədə möhkəmlənmək və öz gücünü qorumaq istəyirsə, o zaman verdiyi vədləri və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin.

Moskva bunun üçün Bakının mövqeyini nəzərə almalıdır. İndi 1918-20-ci illər deyil. Kimsə bölgəyə qoşun yeridib sərhədləri yenidən müəyyən etmək istəyirsə, bu baş tutmayacaq. Gedən müzakirələrdən belə anlaşılır ki, Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində öz sərhədlərini genişləndirmək istəyir.

Buna da Jirinovskinin dediyi, ingilis-türk birliyi imkan verməyəcək. Biz Avrasiyanın orta xəttində yeni hərbi-siyasi gücün formalaşdığını görürük. Yaxın gələcəkdə Azərbaycan, Türkiyə, Pakistan və Mərkəzi Asiyanın türk respublikalarının həmrəyliyinin başqa formalarını da görə biləcəyik.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər