11 Avqust 2021 13:20
6 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Makronun Ermənistana açıq dəstəyinin başlıca səbəbi, məncə, qarşıdan gələn seçkilərdə Fransadakı erməni icmasının loyallığına və ATƏT-in Minsk qrupunun həmsədrləri formatında sülh danışıqlarında vasitəçilik missiyasına nail olmaqdır. Fransanın bölgədə özünə yer etməsinə gəlincə, burda Parisin şansları minimumdur. Belə bir şans, ümumiyyətlə,varsa...”.

Politoloq Ərəstun Oruclunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır. Ermənistan hərbi qüvvələri tez-tez mövqelərimizə atəş açır. Baş verənlər haqda fikriniz nədir: bunu necə başa düşməliyik, proseslər hansı istiqamətə yönələ bilər?

- Ermənistanla sərhəddə gərginlik bir neçə səbəbdən yaşanır. Hər şeydən əvvəl, Ermənistan Azərbaycanı sərhəddə münaqişəyə çəkməyə və bizi dünyaya təcavüzkar kimi təqdim etməyə çalışır. İkinci əsas səbəb 44-günlük müharibədə məğlub olmağının nəticəsini kölgədə qoymağa çalışır. Xüsusilə də, bunu sülh müqaviləsinin imzalanmasından diqqəti yayındırmaq üçün edir. Başqa bir səbəb isə Rusiyanı öz tərəfindən münaqişəyə cəlb etməklə məğlub durumdan çıxmağa çalışmasıdır. Ermənistan hökuməti çox yaxşı anlayır ki, mövcud şəraitdə bütün parametrlər üzrə iflas vəziyyətində olan ölkə sülh müqaviləsi imzalamağa gedəcəyi halda, ağır şərtlərlə üzləşə bilər, ona görə də sülh prosesinin özünü faktiki sabotaj edir.

İrəvanda bunu da anlayırlar ki, 44-günlük müharibənin nəticələri Rusiyanın da qarşısına qoyduğu məqsədlərə tam nail olmasına imkan vermədi, odur ki, bir növ Moskvaya “ayı xidməti” təklif edirlər. Bir sözlə, Ermənistan Azərbaycanı sərhəd münaqişəsinə çəkmək və bu baş verdikdə isə Moskvaya hər iki ölkənin, yəni Ermənistanın və Rusiyanın hədəflərinə çata biləcəyi mesajını verir. Odur ki, fikrimcə, Azərbaycan bu məsələdə ehtiyatlı olmalı, qarşı tərəflərin yüksək ehtimalla birlikdə qurduğu tələyə düşməməlidir. Bu gün bizim marağımızda olan əsas 2 məsələdə - sülh müqaviləsinin imzalanmasında və erməni silhalı qüvvələrinin Qarabağdan çıxarılmasında israr etməkdir.

Ermənistanın təxribatlarına onun gözlədiyi reaksiyanı vermək, zənnimcə, yanlış olardı, çünki bu, Rusiyanın müharibəyə cəlb olunmasına yol aça bilər. Bu da öz növbəsində bizim üçün itkilər və ya bölgədə böyük müharibə demək olar. Belə ssenari isə heç bir halda Azərbaycanın maraqlarına cavab vermir.

- Fransa Prezidenti Emmanuel Makron da fəal şəkildə Ermənistanı dəstəkləməyə başlayıb. Ehtimal da budur ki, Makron Fransaya bölgədə yer etmək istəyir. O, buna nail ola bilərmi?

- Makronun Ermənistana açıq dəstəyinin başlıca səbəbi, məncə, qarşıdan gələn seçkilərdə Fransadakı erməni icmasının loyallığına və ATƏT-in Minsk qrupunun həmsədrləri formatında sülh danışıqlarında vasitəçilik missiyasına nail olmaqdır. Fransanın bölgədə özünə yer etməsinə gəlincə, burda Parisin şansları minimumdur. Belə bir şans, ümumiyyətlə,varsa...

Bu gün qlobal gücə çevrilmək istəyi görünən Fransa hələlik dünyanın müxtəlif ölkələrində, həmçinin də onun üçün ənənəvi təsir dairəsi olan bölgələrdə uğurlu siyasət yürüdə bilmir. Buna Şimali Afrikada, xüsusilə də Liviyadakı vətəndaş müharibəsində Fransanın məqsədlərinə çata bilməməsini misal gətirmək olar. Bizim bölgəyə gəlincə, burada Rusiya Fransanın hərbi kontingentinin yerləşməsinin qarşısını kəsən güclərdən yalnız biridir. Londonun, Vaşinqtonun və Ankaranın da buna mane olacağını nəzərə aldıqda isə Fransanın şansları elə də yüksək görünmür.

- Zəngəzur dəhlizi haqda fikriniz nədir: perspektivdə reallaşması nə qədər mümkündür?

- Fikrim birmənalı mənfidir, çünki bunun Azərbaycan üçün yalnız yüksək risklər yarada biləcəyini düşünürəm. Məncə, Zəngəzur dəhlizi yalnız münayişə yatarmaq məqsədilə ortaya atılıb və o, hətta işləyəcəyi halda da Azərbaycana dividentlərdən çox problemlər gətirə bilər. Bu ilin may ayında politoloq Duqinin verdiyi müsahibədən və təxminən bir həftə əvvəl Jirinovskinin dediklərindən açıq-aydın görünür ki, Azərbaycanın Ermənistanla sərhəd münaqişəsinə çəkilməsində təkcə İrəvan deyil, Moskva da maraqlıdır.

Yuxarıda qeyd etdiyim kimi, bu, bir növ birgə fəaliyyət planıdır. Bir sözlə, Azərbaycanı Zəngəzura hərbi müdaxiləyə təhrik etmək planı mövcuddur və bu, bizim üçün qurulmuş tələ ola bilər. Ona görə də bu gün əsas diqqətimizi Qarabağın dağlıq hissəsində qalmaqda olan erməni hərbi birləşmələrinin torpaqlarımızdan çıxarılmasına yönəltməliyik.

Zəngəzur dəhlizi mübahisəsi yeni müharibəyə və Rusiyanın ona aktiv müdaxiləsinə gətirib çıxara bilər. Bizə isə bu, heç bir halda lazım deyil.

- Taliban Əfqanıstanda strateji mövqeləri, o cümlədən dövlət sərhədlərini ələ keçirməyə başlayıb. Talibanın Əfqanıstanda hakimiyyətə gəlmək imkanı nə qədərdir? Belə bir hal baş versə, öz hərbi qüvvələrini Əfqanıstanda saxlayan Türkiyə hansı addımları ata bilər?

- Taliban Əfqaniıstanda hər zaman siyasətə əsas təsiri olan hərbi-siyasi birlik olub və bu gün də ABŞ hərbi qüvvələri bu ölkədən çıxarıldıqdan sonra bu ölkəyə nəzarət etməyə can atan geosiyasi oyunçuların diqqətini cəlb edən əsas gücdür. Hər kəs yaxşı anlayır ki, əfqan hökuməti mövcud duruma uzun müddət duruş gətirə bilməyəcək və Talibanla əməkdaşlığa can atmaqla həmin hökumətin süqutunu sürətləndirirlər.

İstər Çin, istərsə də Rusiya müxtəlif yollarla Talibanla danışıqlar prosesindədir. Birinci bunu açıq şəkildə edir, ikinci isə əvvəldən mövcud olan gizli kanallarla əlaqə saxlayır. Bu da prosesdə Talibanın həm də siyasi çəkisini artırır. Təbii ki, belə dinamika davam edərsə, Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi zaman məsələsi olacaq. Amma “əfqan düyünü”nün göründüyündən daha mürəkkəb olduğunu da nəzərə alsaq, bu ölkədə hərbi qarşıdurmaların çox uzun, hətta yaxın onilliklər boyu çəkə biləcəyini də demək olar.

Türkiyə və bu Pakistanın rolu baş verənlərdə həlledici ola bilər. Türkiyə yəqin ki, Əfqanıstan daxilində gedən vətəndaş müharibəsinə cəlb edilməkdə maraqlı olmamalıdır. Bunu yaxşı anlayan Taliban da yaxınlarda Türkiyə ilə danışıqlara hazır olduğunu bildirdi, deməli, o, maraqlı tərəfləri danışıqlara çəkmək yolu ilə özünün həm əhəmiyyətini, həm də ölkəyə təsirini genişləndirməyə çalışır. Başqa bir səbəb də Talibanın Türkiyənin hərbi gücü ilə üz-üzə gəlməmək istəyi ola bilər, çünki yaxşı anlayır ki, belə qarşıdurma ona da uğur gətirməyəcək.

Hər bir halda Əfqanıstanda NATO-nu təmsil edən Türkiyə əsas söz sahiblərindəndir və bu, heç də hamının ürəyincə deyil. Ölkədə situasiya kifayət qədər mürəkkəbdir, ona görə də Əfqanıstanda hakimiyyət məsələsinin yaxın zamanlarda necə həll olunacağını demək çox çətindir. Hər bir halda Taliban Əfqanıstanda hakimiyyəti götürə bilmək imkanı olan əsas gücdür və istisna deyil ki, o, buna nail ola bilər.

- Türkiyədəki yanğınlar haqda fikriniz nədir, iddia edildiyi kimi, bu təxribatdırmı? Ümumən dünyanın bir çox ölkəsində baş verən yanğınlar haqda müxtəlif fikirlər irəli sürülür: bunu “ekoloji terror” adlandıranlar da var, digər iddiaları dilə gətirənlər də. Siz nə düşünürsünüz?

- Meşə yanğınları təkcə Türkiyədə deyil, mütəmadi olaraq ABŞ, Rusiya, Kanada, Braziliya kimi ölkələrdə də baş verir. Mən onların məqsədli törədilməsi barədə fikirləri inkar etməsəm də, ortada konkret faktlar olmadan bunun üzərində konspirasiyanın qurulmasını düzgün hesab eləmirəm.

Əlbəttə, meşə yanğınları törədilməsinə görə bir çox ölkələrdə həbs edilənlər olub, amma sonrakı araşdırmalar, təhqiqatlar göstərib ki, onlar bunu ya məsuliyyətsizlikdən, ya da sırf şəxsi xəstə “maraqdan” törədiblər. Ona görə də, fikrimcə, ilk növbədə həmin yanğınların səbəblərinin araşdırılmasını və bu araşdırmanın nəticəsini gözləmək lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər