16 Avqust 2021 22:57
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirib, indi çoxları düşünür ki, Taliban uzun illər hakimiyyətdə qalan və Qərb dünyası ilə əməkdaşlıq edənlərdən dəhşətli intiqam alacaq. Mənim fikrimcə, son 20 ildə Talibanın düşüncəsində də müəyyən dəyişikliklər baş verib, korrektlər ediblər. Diqqət etsəniz, görərsiniz ki, Taliban son aylarda dünyanın aparıcı ölkələri, habelə region dövlətləri ilə təmaslara keçdi, onlarla gələcək əməkdaşlığı müzakirə etdi. Bu, həm ABŞ-la uzun illərdir aparılan danışıqlar və son nəticədə razılaşmanın əldə edilməsində, həm də Rusiya, Çin, Türkmənistan kimi dövlətlərlə Taliban təmaslar quruldu. Talibanın Dohada olan və hərəkatın xarici siyasəti ilə məşğul olan şəxslər aparıcı ölkələrin rəsmi şəxsləri ilə təmasda oldular. Görünən odur ki, həmin ölkələr də Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsinə maneə olmadılar. Bu gün də Talibana qarşı yumşaq açıqlamalar verilir. Baxmayaraq əksər ölkələr Talibanı terrorçu təşkilat kimi tanıyıb”.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov Taliban hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra aparacağı mümkün intiqam əməliyyatı haqqında danışarkən deyib.

Oqtay Qasımovun fikrincə, Əfqanıstanda Talibanın intiqam alacağı qüvvələrin böyük bir hissəsi ölkəni tərk etməkdədir: “Təxminən bir milyon insandan söhbət gedir. Əlbəttə, onların arasında son 20-25 ildə Əfqanıstanda müxtəlif görəvlərdə olan, Amerika və Qərb ölkələri ilə əməkdaşlıq edən, Avropa şirkətlərində çalışan insanlar da var. Onların bir hissəsi öncədən ölkədən gedib. Qalan hissəsi hazırda Kabili tərk edir. Taliban qeyd edib ki, ölkədən getmək istəyənlərə heç bir problem yaratmayacaq. Sözsüz ki, Taliban sərt xəttin tərəfdarı olan radikal düşüncəli hərəkatdır. Sünniliyin ən sərt formasını özünə ideologiya edən qrupdur.

Aydındır ki, Əfqanıstan şərtlərində ümumi atmosferi, mənəvi durum və psixoloji səviyyəni götürsək sözsüz ki, intiqam tədbirləri olacaq. Bu, istisna deyil. Düşünürəm ki, bu intiqam kütləvi halda olmayacaq. Yəni genişmiqyaslı, kütləvi qətliamlar törətmək çətindir. Nəzərə alınmalıdır ki, Taliban da öz imicini guya dəyişdiyini göstərməyə çalışan qüvvədir. Onlar Kabili və ona yaxın regionları nəzarətə götürdükdən sonra böyük qətliamlara yol verməyiblər. Ancaq Talibanın daxilində də bu məsələyə dair vahid mövqe və rəy yoxdur. Hansı qrupun üstün gələcəyi gələcəyin işidir. Bu saat nisbətən daha yumşaq və mötədil xəttin tərəfdarı olanlar öndədir. Amma sərt xəttin tərəfdarları da zəif deyil. Əfqanıstanda hökumət formalaşdıqdan sonra aydın olacaq ki, onların bundan sonrakı davranışları necə olacaq. İlkin işartılar budur ki, onlar 1990-cı illərlə müqayisədə daha yumşaq forma tətbiq etməyə üstünlük verəcəklər”.


Müəllif: Nemət

Oxşar xəbərlər