Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına verdiyi müsahibə mühüm və kifayət qədər ciddi mesajlarla diqqəti cəlb etdi. Dövlətimizin başçısı Cənubi Qafqaz bölgəsində ölkəmizin gələcəklə bağlı rəsmi mövqeyini nümayiş etdirdi və qardaş Türkiyə, eləcə də qonşu dövlətlər ilə münasibətlərin perspektivlərinə dair tutarlı proqnozlar ortaya qoydu.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Deputat bildirib ki, Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğaldan azad edən Azərbaycan müharibəni ləyaqətlə apardı və müharibəyə xas olan bütün qaydalara riayət edildi. Lakin Ermənistan öz qaçılmaz məğlubiyyətini dərk edərək Azərbaycanı durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu. Bunun nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldu.
Qarabağ bölgəsində - ermənilərin işğalı altında olan yerlərdə, bir sözlə, onların yaşadıqları ərazilərdə isə heç bir dağıntı müşahidə olunmadı. Son mərhələdə verilən mina xəritələrinə diqqəti çəkən Prezident İlham Əliyev bu xəritələrin yüzdə iyirmi beş faiz dəqiq olduğunu və burada da ermənilərin özlərini qeyri-səmimi apardıqlarını qeyd edib.
Azərbaycanın öz tarixi vəzifəsini yerinə yetirdiyini qeyd edən Ağalar Vəliyev diqqəti Cənubi Qafqazda konkret layihələrin müzakirəsinə cəlb edərək deyib ki, burada söhbət, ilk növbədə, Zəngəzur dəhlizindən, nəqliyyat layihələrindən və ticarət əlaqələrinin qurulmasından gedir. Lakin bunun üçün Cənubi Qafqazda uzunmüddətli sülh bərpa olunmalıdır. Dövlətimizin başçısı müsahibəsində qətiyyətlə dedi ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda bölgəyə uzunmüddətli sülh gələcək.
Deputatın sözlərinə görə, Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması onlar üçün böyük imkanlar yaradacaq. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Biz Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır”.
Ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın müddəalarından söz açan A.Vəliyev sənəddə göstərilən bəzi müddəaların hələ də açıq qaldığını və Azərbaycanın qonşusu, Ermənistanın isə yaxın strateji müttəfiqi olan Rusiyanın regionda xüsusi rol oynadığını vurğulayaraq deyib ki, Azərbaycan Rusiyanın bölgənin təhlükəsizliyi üçün səylərini əsirgəməyəcəyinə və uzunmüddətli sülhün yaradılması üçün konkret addımlar atacağına ümid bəsləyir.
Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycanın ən böyük gözləntisi odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Lakin bu günə qədər sülhməramlıların nəzarətində olan ərazilərə Ermənistandan silahların və hərbçilərin göndərilməsi 10 noyabr üçtərəfli Bəyanatının müddəalarına ziddir və bu hələ də davam edir. Azərbaycan Prezidenti açıq şəkildə bəyan edib: “Görünür, ikinci Qarabağ savaşı hələ ki, heç kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur”.
Milli Məclisin deputatı qeyd edib ki, dövlətimizin başçısı müsahibədə Türkiyə ilə Azərbaycanın münasibətlərində vahid siyasətin formalaşması, iki qardaş ölkənin sarsılmaz dostluğu və birliyi ilə bağlı söylədiyi fikirlər yeni anons xarakteri daşıyır, Türkiyə- Azərbaycan birliyi artıq regional amildir və bu, qlobal amilə də çevrilə bilər.