“Nikol Paşinyanın hakimiyyətə gəlməsinin səbəbi erməni xalqının müharibə istəməməsidir. Ermənilər müharibə və revanş haqqında düşünən Sərkisyan-Köçəryan birliyinə deyil, nisbətən liberal xətti götürən Nikol Paşinyana səs verdilər ki, müharibə olmasın. Bu mənada düşünürəm ki, Paşinyan yaxın müddətdə Türkiyə, Azərbaycan və Gürcüstana qarşı ərazi iddialarına son qoyaraq normal münasibətlər formalaşdırmalıdır”.
Bu sözləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə ötən gün Ermənistan hökumətinin iclasında Baş nazir Nikol Paşinyanın Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırması haqqında fikirlərini şərh edərkən deyib.
Deputat hesab edir ki, kommunikasiyalar açılmalı, sərhədlər müəyyən edilməlidir:
“Həm Azərbaycan, həm də Türkiyə Prezidentləri Ermənistanı bizim yaratdığımız sistemə, əməkdaşlığa dəvət ediblər. Onun üçün Paşinyanın Ermənistan dövlətçiliyini xilas etmək üçün yeganə yolu Azərbaycan və Türkiyə dövlətləri ilə əməkdaşlıqdan keçir”.
Asim Mollazadə əlavə edib ki, əgər Ermənistan rəhbərliyi hansısa revanş və ya müharibə haqqında düşünəcəksə, ərazi iddialarına davam edəcəksə, bu zaman Ermənistan dövlətinin mövcudluğu sual altında qalacaq və buna böyük şübhələr yaranacaq:
"Ehtimal edirəm ki, Nikol Paşinyan əməkdaşlığa getməlidir. Ən azından öx xalqını düşünürsə, verilən vədlərə əməl etməli və sülh istiqamətində addımlar atmalıdır. Əks halda erməni dövlətinin mövcudiyyəti sual altına düşəcək. İndi seçim erməni hökumətinin əlindədir”.