19 Avqust 2021 16:47
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 19-da Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Partiyadan Teleqraf.com-a verilən məlumata görə, konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva hesabat məruzəsi ilə çıxış edib. M.Ağayeva Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını bildirib. Məruzədə qeyd olunub ki, ulu öndər Heydər Əliyev dühasının zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək siyasi partiya mövcud deyildir.

Vurğulanıb ki, YAP Sabirabad rayon təşkilatı öz fəaliyyətini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun qurub. Rayon təşkilatı özündə 94 ərazi ilk partiya təşkilatını birləşdirir. Hazırda rayon üzrə partiya üzvlərinin sayı 12052 nəfər təşkil edir ki, onların 4338 nəfəri qadın, 4848 nəfəri gənclərdir.

Sonra YAP Sabirabad rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Cavid Cavadovun hesabatı dinlənilib.

Müzakirələr zamanı YAP Sabirabad rayon təşkilatı İdarə Heyətinin üzvü, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, rayon təşkilatının Şura üzvü, əməkdar mədəniyyət işçisi Şüküfə Əsgərova, rayon təşkilatının Gənclər Birliyinin sədri Varis Rüstəmov çıxış edərək təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ötən illər ərzində böyük inkişaf yolu keçdiyini bildirib. O qeyd edib ki, fəaliyyət göstərdiyi 29 il ərzində partiyamız möhtəşəm uğurlara imza atıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib. Ə.Tağıyev vurğulayıb ki, YAP yeniliklərə böyük önəm verən partiyadır və bu baxımdan partiyanın VII Qurultayında mühüm qərarlar qəbul olunub. YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən ətraflı şəkildə bəhs edib, YAP Sabirabad rayon təşkilatının fəaliyyətinə uğurlar arzulayıb.

Qeyd edək ki, YAP Sabirabad rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər