23 Avqust 2021 15:48
4 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan hərdəmxəyal siyasətçidir: bir gün elə deyir, bir gün belə. Bu gün bir söz deyirsə, sabah başqasını dilinə gətirir. Yəni konkret strategiyası yoxdur. Paşinyan anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistanı inkişaf etdirmək mümkün olmayacaq, bununla belə, ziddiyyətli açıqlamalar verir. Paşinyanın yolu bəlli deyil. Bir tərəfdən Azərbaycanla razılaşmaq istəyir, digər tərəfdən qorxur ki, ermənilər buna görə onu çarmıxa çəkərlər”.

Politoloq Elxan Şahinoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi Artak Davtyan Azərbaycanı hədələdi. O bildirdi ki, Rusiyadan alınan silahlar vaxtı çatanda göstəriləcək. Bu hədə yeni müharibənin anonsudurmu?

- Hansısa erməni generalının verdiyi açıqlamanın şərh edilməsinin tərəfdarı deyiləm. Hər erməni yerindən qalxıb nəsə deyəcək, biz də bunu şərh etməliyik?! Əsas rəsmiləri, baş naziri, müdafiə naziri, xarici işlər nazirlərinin nə deməsidir. Ermənistanda o qədər general var ki, nə gəldi danışır. Onlar öz cəmiyyətlərini ümidləndirməyə çalışırlar ki, “biz vuruşacağıq”. Nəylə vuruşacaqsınız? Ermənistanın hansı texnikası, hansı hərbi gücü var?

İtkilərinin sayı da getdikcə artır. Erməni cəmiyyəti hakimiyyətdən bu itkilərin hesabını soruşur. General ağzına gələni danışır. Dediklərinin heç bir həqiqəti əks etdirmir. Əgər müharibə istəyirlərsə, biz davam etməyə hazırıq. Elə bir zərbə endirə bilərik ki, ayağa dura bilməzlər.

- Rəsmilərdən söz düşmüşkən, Baş nazir Nikol Paşinyanın son açıqlaması kifayət qədər pozitivdir. O, Türkiyə və Azərbaycanla münasibətlərin bərpasından danışır. Yaxınlarda bu yöndə əməli addım görə bilərikmi?

- Paşinyan hərdəmxəyal siyasətçidir: bir gün elə deyir, bir gün belə. Bu gün bir söz deyirsə, sabah başqasını dilinə gətirir. Yəni konkret strategiyası yoxdur. Paşinyan anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistanı inkişaf etdirmək mümkün olmayacaq, bununla belə, ziddiyyətli açıqlamalar verir. Paşinyanın yolu bəlli deyil. Bir tərəfdən Azərbaycanla razılaşmaq istəyir, digər tərəfdən qorxur ki, ermənilər buna görə onu çarmıxa çəkərlər. Buna görə qəti qərar verə bilmir. Bu səbəbdən onun açıqlamalarından nəticə çıxarmaq çətindir.

İndi də Türkiyə ilə qeyd-şərtsiz münasibətləri normallaşdırmağa hazır olduğunu dilə gətirir, bunu ondan qabaqkılar da deyirdilər. Bunun üçün müvafiq şərtlər yerinə yetirilməlidir. Birincisi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, əsassız ərazi iddialarından vaz keçməlidir. İkincisi, Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. Çünki konstitusiyalarında Türkiyəyə qarşı ərazi iddiaları var. Üçüncüsü, qondarma erməni soyqırımının beynəlxalq səviyyədə tanıdılması fəaliyyətlərindən əl çəkməlidirlər. Bütün bunlar olmadan münasibətlər normallaşmayacaq.

- Son günlər əsas müzakirə mövzularından biri də Rusiyanın Ermənistanı silahlandırmasıdır. İrəvandan verilən son açıqlama budur ki, Rusiya Ermənistana fasiləsiz olaraq silah göndərir. Moskva niyə bu addımı atır, məqsədi nədir?

- Burada qeyri-adi heç nə yoxdur. Niyə silah göndərdiyi aydındır. Məqsədi budur ki, Ermənistan Azərbaycanın qarşısında tam zəif və gücsüz duruma düşməsin. Bilir ki, Ermənistanı silahlandırmasa, Ermənistan çökəcək və Azərbaycanın üstünlüyü daha da artacaq. Rusiya da bunu istəmir, buna görə də onu silahlandırır.

- Bəs 10 noyabr anlaşmasının imzalanmasından bəri ən azı nəzəri olaraq bitərəf görünməyə çalışan Rusiya niyə birdən-birə Azərbaycana qarşı açıq hədə dilinə keçdi?

- Rusiya heç vaxt balansı qorumayıb, həmişə Ermənistana dəstək verib, onu silahlandırıb. Dağlıq Qarabağ münaqişəsini yaradan da elə keçmiş Rusiya imperiyasıdır. Sovet Rusiyasından qalmış bu siyasəti indi Rusiya Federasiyası davam etdirir.

Biz artıq Rusiyanın 200 illik siyasətini yaxşı təhlil etməliyik. Biz bilməliyik ki, Rusiya heç vaxt Azərbaycanın maraqlarını nəzərə almayacaq. Onlara lazımdır ki, bölgədə münaqişə və dayaq nöqtələri olsun. Bunlardan istifadə edərək, həm Azərbaycan, həm də Ermənistana təzyiq göstərsinlər.

- Ermənistanın Tavuş bölgəsinin Azərbaycanla sərhəddəki yaşayış məntəqələrini boşaltması haqda məlumatlar yayılıb. Bu addım toqquşmanın yeni istiqamətini göstərir, yoxsa bu, Qazaxın işğalda olan kəndlərinin qaytarılmasına hazırlıq prosesidir?

- Bəlkə də Paşinyan indiki məqamda Qazaxın kəndlərinin qaytarılmasına şifahi şəkildə razılaşıb, amma bunu həyata keçirməyə qorxur. Çünki bunu etsə, çox böyük zərbə ala bilər. Buna görə də, həm bu məsələnin həllini, həm Zəngəzur dəhlizinin açılmasını, həm Azərbaycanın ərazi bütövlüyünü tanımağı uzatmağa çalışır, həm də sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqlardan qaçır. Paşinyan bu işləri yerinə yetirməyə qorxur. Onu da başa düşür ki, bunları etməsə, Ermənistana qarşı təhlükələr artacaq, amma etməyə də cəsarəti çatmır.

Buna görə də, Qazaxın kəndlərinin yaxında qaytarılacağını gözləmirəm. Biz buna nail olmaq üçün mütləq təzyiq siyasətini davam etdirməliyik. Biz təzyiq edərək, öz istəyimizə çata bilərik. Necə ki, ötən il əməliyyatlara başlayaraq, hədəflərimizə böyük ölçüdə nail olduq.

- Son gəlişmələrdən görünən budur ki, üçtərəfli anlaşmalar həm Rusiya, həm də Ermənistan tərəfindən pozulur. Üstəgəl, hər iki tərəf hədə dilində danışır. Bütün bunlar nə ilə nəticələnə bilər?

- Bu proses növbəti toqquşmaya gətirib çıxaracaq, mənim ehtimalım budur. Böyük müharibə olmasa da, Azərbaycan antiterror əməliyyatlarına başlamaq məcburiyyətində qalacaq. Düzdür, bu çətindir, çünki artıq rusiyalı hərbçilər bölgədədir. Amma biz bilməliyik ki, Laçın dəhlizini nəzarətə götürməsək, Qarabağdakı erməni separatçılarını tam tərksilah etməsək, problem öz-özünə həll olunmayacaq.

Həmin problemləri həll etmək üçün bunları etməliyik. Artıq görürük ki, Kəlbəcər və Şuşaya da atəş açırlar. O qədər qudurublar ki, bu cür təxribatlara gedirlər. Bunların qarşısını almaq üçün yerdə qalan məsələləri də həll etməyə məcburuq.

- Yeni toqquşmalara bölgədə hərbçiləri olan Rusiyanın müdaxiləsi ehtimalı nə qədərdir?

- Əlbəttə Rusiya müdaxilə etməyə çalışacaq, çünki hərbçiləri bölgədədir. Amma biz müəyyən ssenariləri Türkiyə ilə birgə həyata keçirməliyik. İllərdir deyirəm ki, Türkiyənin hərbi bazalarını Azərbaycanda yerləşdirmək lazımdır. Çünki biz təkcə Ermənistanla yox, onun arxasında dayanan güclərlə də üz-üzə qalmışıq.

Biz Ermənistanla bacarırıq və bunu sübut etmişik, onu meydada məğlub etmişik. Amma qarşımızda Rusiya, İran və başqa güc mərkəzləri olanda çətinliklərimiz yaranacaq. Buna görə də Şuşada imzalanmış bəyannamənin bəndlərini yerinə yetirmək lazımdır. Türkiyənin hərbi bazaları Azərbaycanın digər bölgələri ilə yanaşı, Qarabağın özündə də yerləşdirilməlidir.

- Bir sual da elə buradan yaranır ki, Ermənistanın arxasındakı həmin güclərdən birinin hücum vəziyyətində Türkiyə ilə imzalanmış müttəfiqlik anlaşması nə qədər işlək olacaq?

- Şuşa bəyannaməsinin məntiqi budur ki, Azərbaycana hücum olarsa, bu addımı atan tərəf qarşısında bizimlə yanaşı, Türkiyə ordusunu da görəcək. Həmin bəyannamənin əsas qayəsi budur. Sadəcə bunu artıq praktiki olaraq yerinə yetirmək lazımdır.

- Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarından üçtərəfli anlaşmaların icrası ilə bağlı onu məlumatlandırmasını xahiş etdi. Bu məlumatlar Makronun nəyinə lazımdır?

- Makron mütəmadi olaraq İrəvana zənglər edir. Bununla göstərməyə çalışır ki, guya bölgədə maraqları var və Ermənistanı unutmur. Əslində isə gələn il Fransada prezident seçkiləri keçiriləcək, Makron da indidən ölkəsindəki erməni lobbisinin səslərini qazanmağa çalışır. İndiki durumda Makronun reytinqi çox aşağı səviyyədədir. Amma nə Fransanın buradakı maraqları, nə də Makronun zəngləri proseslərə təsir etmək gücündədir.

Artıq bölgədəki oyunçular bəllidir: Rusiya və Türkiyə. Digərləri proseslərə qarışmaq istəsələr də, bunu etmək üçün real gücləri yoxdur, eləcə də Fransanın.

- Bəs ABŞ niyə qızışdırıcı mövqe tutur? ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi bildirdi ki, Qarabağın statusu bəlli olmadan münaqişə həllini tapmayacaq.

- Bu, əslində, Azərbaycan prezidentinin açıqlamasında verilmiş cavabdır. Çünki Azərbaycan prezidenti deyib ki, münaqişə bitib. Əlbəttə, münaqişə həll olunub, amma qarşımızda müəyyən hədəflər var: Qarabağdakı erməni separatçılarını tərksilah etməliyik, Xankəndində Azərbaycan bayrağını dalğalandırmalıyıq.

Biz Qarabağa heç bir status verə bilmərik. ABŞ və Fransa tez-tez status məsələsini ortaya atmağa çalışır. Biz dəfələrlə bildirmişik ki, status məsələsi bitib. Üstəgəl, Qarabağda 15-20 min adam qalıb. 15-20 min adama niyə status verməliyik? Buna görə də bunlar boş sözlərdir, erməniləri ümidləndirməkdir. Amerika və Fransa bununla göstərməyə çalışırlar ki, guya onlar da bölgədə var. Buna görə erməniləri ümidləndirirlər. Amma ermənilər bilməlidirlər ki, bu cür bəyanatlar onların istəklərinə mane olur. Yəni mümkün deyil.

Ermənistanın xarici işlər naziri separatçıların başçısı ilə danışıb, o da status məsələsini dilə gətirir, o da ümidləndirir. Hansı statusdan söhbət gedə bilər? Biz Qarabağın böyük hissəsini azad etmişik, bir müddətdən sonra azərbaycanlıları ora yerləşdirəcəyik. 800 min azərbaycanlı qarşısında təxminən 20 min erməni yaşayacaq. Buna görə də status məsələsini müzakirə etmək reallığa da uyğun deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər