“Zəngəzur dəhlizinin açılması bizim üçün prinsipial olaraq vacib məsələdir. Ermənilər bundan imtina etsələr, hesab edirəm ki, Laçın dəhlizinin vaxtından əvvəl geri alınması məsələsi gündəmə gələcək. Dediyim kimi, Laçın dəhlizi müddətli, Zəngəzur isə müddətsizdir. Yəni biz bu müddətdən əvvəl Laçın dəhlizinə nəzarətimizi bərpa edə bilərik”.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ermənistan Baş naziri Nikol Paşinyan yenə sülhdən danışır, sərhəd və kommunikasiyaların açılması məsələlərinin tezliklə həllinə razı olduğunu deyir. Ermənistan baş nazirinə nə qədər inanmaq olar?
- Mənə elə gəlir ki, Paşinyanın açıqlamasını düzgün şəkildə qiymətləndirilmir. Paşinyan deyir ki, Zəngəzur dəhlizi ola bilməz. “Dəhliz” terminini belə başa düşməliyik ki, bu, eksteriotal bir bağlantıdır – kommunikasiyadır. Yəni bu kommunikasiyada bu və ya digər bir ölkənin yurisdikasiyası qismən də olsa mövcud deyil. Sadə dillə desək, qanunların bir hissəsi işləmir. 10 noyabr bəyanatında iki belə dəhliz nəzərdə tutulur. Bunlardan biri Laçın dəhlizidir. Azərbaycan eksteriotal olaraq 5 il müddətinə belə bir dəhlizi verib. Hazırda ora nəzarəti de-fakto Rusiya sülhməramlıları həyata keçirir. Belə bir xətt “dəhliz” ifadəsi işlədilmədən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəzərdə tutulur. Biz bunu “Zəngəzur dəhlizi” adlandırırıq. Amma termin olaraq, “dəhliz” ifadəsi işlədilmir, de-fakto isə eksteriotal dəhlizdir.
İlk növbədə qeyd edək ki, bu dəhlizin istifadə müddəti göstərilmir. Yəni bu, müddətsiz bir dəhliz olmalıdır. Onun dəhliz xüsusiyyəti bundan bilinir ki, ora nəzarəti Rusiya sərhədçiləri həyata keçirəcək. Bu da sənəddə göstərilib. Paşinyan isə deyir ki, bu, dəhliz deyil, sadəcə olaraq kommunikasiyadır. Bu yalandır. O, təkrarən öz öhdəliklərindən qaçmağa çalışır. Çünki 10 noyabr bəyanatına əsasən, bizə dəhliz verilməlidir. Buna görə də düşünürəm ki, Paşinyanın çıxışı bizim tərəfdən düzgün təhlil olunmur. Biz məsələni olduğu kimi görməliyik. O, faktiki olaraq, 10 noyabr bəyanatının icrasından imtina edir. Məsələ belədir.
- Paşinyan təkid edir ki, ATƏT-in Minsk qrupu çərçivəsində “Qarabağın statusu” ilə bağlı danışıqlar yenidən başlamalıdır. Azərbaycan isə bu məsələdə öz sözünü deyib. Ermənistan baş nazirinin təkidi nə qədər nəticə verə bilər?
- Paşinyanın dedikləri əsassızdır. Çünki Minsk qrupu Azərbaycanın 1991-ci ildə ATƏM-ə (indiki ATƏT) müraciətindən sonra qurulub. Azərbaycan istəyirdi ki, ATƏM yeni başlayan münaqişənin qarşısını almaq üçün vasitəçilik etsin. İndi isə Azərbaycan və onun dövlət başçısı açıq mövqeyini bildirdi. Bu mövqe də ondan ibarətdir ki, münaqişə bitib, bizdə vasitəçiliyə ehtiyac yoxdur. Hətta həmsədrlər ötən ilin dekabrında Azərbaycanda olanda dövlət başçısı onlara dedi ki, sizi bura mən çağırmamışam. Yəni münaqişə bitibsə, onda vasitəçiliyə də ehtiyac qalmır.
Eyni zamanda, bu münaqişə Azərbaycan ərazisində baş verib. İndi Paşinyanın hansı ixtiyarı var ki, Azərbaycan daxilindəki bu münaqişə ilə bağlı hansısa təkliflər versin, fikir bildirsin? Beynəlxalq hüquqa görə, onun bu məsələ ilə bağlı istənilən fikri əsassızdır. Bu, beynəlxalq ənənələrə ziddir.
- Paşinyan Rusiya sərhədçilərinin sərhəddə yerləşdirilməsi məsələsinin müzakirə olunduğunu bildirib. Sizcə, sərhədlər müəyyən olunmadan rusiyalı sərhədçilər Azərbaycanla sərhəddə yerləşdirilsə, nə baş verə bilər, ümumiyyətlə Moskva buna gedərmi?
- Paşinyan yalnız öz səlahiyyətlərinə uyğun olaraq, Ermənistan ərazilərindən danışa bilər. Heç kimə sirr deyil ki, Ermənistan sərhədlərinin böyük hissəsi Rusiya sərhədçilərinin nəzarəti altındadır. Biz buna təsir göstərə bilmərik. Ermənistanın suverenliyi elə bir durumdadır ki, bu ölkəyə gələn xarici vətəndaş erməni yox, rus sərhədçisini görür. Bu baxımdan məsələ bəllidir. İndi Ermənistan öz sərhədlərinin mühafizəsini Rusiya sərhədçilərinə veribsə, özləri bilərlər. Azərbaycan isə öz sərhədlərini özü qoruyur.
- Rusiyanın Ermənistanı silahlandırması da müzakirə mövzusudur. Rusiya bununla üçtərəfli bəyanatların yerinə yetirilməsinə mane olan tərəf kimi görünür. Bu belədirmi?
- Üçtərəfli bəyanatlara baxanda, bu, qəbuledilməzdir. Cənab Prezident də öz çıxışında buna diqqət çəkdi. Amma mən inanmıram ki, Ermənistandan bu yöndə verilən açıqlamaların arxasında ciddi faktlar var. Çünki biz Ermənistanda qərbpərəst siyasətçilərlə rusiyapərəst qüvvələr arasında toqquşamaların baş verdiyini görürük. Yəni ruspərəst siyasətçilərə hansısa əsaslar vermək üçün bu cür bəyanatlar səsləndirilir. Müharibədən əvvəl də deyirdilər ki, Rusiya Ermənistana güclü silahlar verir. Amma biz müharibədə gördük ki, bunların hamısı kağız üzərində imiş. Məsələn, deyilirdi ki, guya Ermənistan hansısa təyyarələri alıb. Sonra da bildirdilər ki, təyyarələrin raketləri yoxdur. Bunların hamısı görüntüdür. Bu, “İsgəndər” raketlərinə də aiddir. “İsgəndər”lər Rusiyanın Ermənistandakı hərbi bazasında yerləşdirilib. Bunları ermənilərə verməyib.
İndi də Ermənistan ictimaiyyətinə hesablanmış görüntülər yaradırlar. O təəssüratı yaratmağa çalışırlar ki, guya Rusiya Ermənistanın yanındadır. Amma Rusiyada hamı başa düşür ki, Ermənistanın Qərbə getməsinin heç bir alternativi yoxdur. Bu, gec-tez baş verəcək. Belə bir durumda Ermənistana güclü silahların verilməsi ilə bağlı deyilənləri ciddi qəbul etmək doğru olmaz. Çünki günbəgün Rusiyanın Ermənistandakı maraqları azalır və gündəmə digər mövzular gəldi. Bu, Ukrayna və Orta Asiya məsələləridir.
- 10 noyabr anlaşmasında Qarabağdakı qanunsuz silahlı birləşmələrin çıxarılacağı qeyd edilmişdi. Bəs Rusiya sülhməramlıları üzərinə düşən bu öhdəliyi niyə yerinə yetirmir?
- Rusiya və digər qüvvələr bölgəni idarə etmək üçün bu münaqişəni yaratdılar və ondan istifadə etməyə başladılar. Müharibədən sonra bu cür davranışların sərgilənməsi onu göstərir ki, Rusiyadakı bəzi dairələr münaqişəni bu və digər formada saxlasınlar və bölgəni idarə etsinlər. Amma bir reallığı da görməliyik ki, vəziyyət bu cür davam etsə, bir müddət sonra bu münaqişə vasitəsilə bölgəni idarə etmələri üçün heç bir əsasları qalmayacaq. Çünki oradan ermənilərin kənara axını günbəgün güclənir.
İndi sosial şəbəkələrdə yayılan bir foto yadıma düşdü. Hazırda Xankəndində su qıtlığı var. Həmin fotoda da, aftafaya su dolduran sülhməramlının əksi yer alıb. Söhbət ondan gedir ki, erməniləri orada saxlamağa cəhdlər göstərirlər. Yəni onların arxasınca nə qədər aftafa daşısalar da, heç bir xeyri olmayacaq. Ermənilər artıq kiminsə qurduğu oyunu oynamaq istəmirlər. Orada həmin ermənilər qalacaqlar ki, onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Digərləri isə, istər onlara aftafa apar, istəyirsən aparma, qaçacaqlar. Qısa müddətdə bunun şahidi olacağıq. Su yoxdur, işıqlar sönür və s. hadisələr baş verir ki, bunun nəticəsində orada yaşayanlar qaçırlar. Həm də onu görürlər ki, Azərbaycan ciddi şəkildə azad olunmuş ərazilərə qayıtmağa hazırlaşır. Görülən işlərin miqyasını görəndə başa düşürlər ki, onların orada gələcəkləri yoxdur.
- Hazırkı situasiyada üçtərəfli bəyanatların yerinə yetirilməsi prosesinin Ermənistan və Rusiya tərəfindən tormozlandığı görünür. Belə bir durumda Azərbaycan hansı yolu seçə bilər?
- Hiss edirəm ki, Azərbaycan tərəfindən güclü təzyiq var. Bunun nəticəsidir ki, Rusiya mətbuatında Azərbaycana qarşı güclü təxribatlar baş verir. Yəni ermənipərəst qüvvələr bəyanatlar verirlər və s. Hələlik Azərbaycan tərəfindən təzyiq güclənməkdədir. Azərbaycan israrlıdır ki, yuxarıda deyilən məsələ (Zəngəzur dəhlizi) öz həllini tapsın. Dəhlizin açılması bizim üçün prinsipial olaraq vacib məsələdir. Ermənilər bundan imtina etsələr, hesab edirəm ki, Laşın dəhlizinin vaxtından əvvəl geri alınması məsələsi gündəmə gələcək. Dediyim kimi, Laçın dəhlizi müddətli, Zəngəzur isə müddətsizdir. Yəni biz bu müddətdən əvvəl Laçın dəhlizinə nəzarətimizi bərpa edə bilərik.