30 Avqust 2021 15:33
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olan torpaqların bərpası məsələsi cənab Prezidentin şəxsi nəzarətindədir. Vaxtaşırı bu bölgələrə səfərlərdə infrastrukturun yenidən qurulması, yeni obyektlərin tikilməsi, məcburi köçkünlərin zamanında geri qaytarılmasına müvafiq hazırlığın görülməsi məsələləri yerində yoxlanılır. Şuşa bu məsələlərdə xüsusi bir yer tutur. Çünki Şuşa Azərbaycanın tarixi və ən həssas bir bölgəsidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Şuşa Azərbaycan Mədəniyyətinin paytaxtı olmaqla ən yüksək statusa malikdir:

“Azad edilmiş torpaqlara cənab Prezidentin hər səfəri zamanı orada çox möhtəşəm açılışlar, yeniliklərin elan edilməsi diqqəti cəlb edir. Şuşada artıq yeni bir otelin açılması indidən qonaqların qəbulu üçün ciddi hazırlığın olduğunu göstərir. Artıq indidən çox sayda insan ya şəxsi səfərləri, ya da ki tədbirlərdə iştirak üçün Şuşaya gələrək bu xidmətlərdən yararlanacaq. Şuşada Azərbaycanın mədəniyyətinin görkəmli xadimlərindən olan Molla Pənah Vaqifin məqbərəsinin, Bülbülün ev muzeyinin, Üzeyir Hacıbəylinin büstünün açılması mühüm tarixi əlamətdar hadisə idi”.

Millət vəkili hesab edir ki, bütün bunlar Azərbaycan xalqı üçün qürurlu bir tarixi anlardır:

“Azərbaycan cəmiyyəti Mədəniyyət paytaxtının bərpasının sürətlə aparıldığını, onun doğrudan da bir mədəniyyət ocağına çevrildiyinin şahidi olur. Eyni zamanda Şuşa bir yaşayış məskənidir. 10 minlərlə insan 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğalından sonra buranı tərk edib. Həmin insanların geri qayıtması üçün də xüsusi hazırlıqlar edilir. Artıq 6 yaşayış məhəlləsinin salınması onu göstərir ki, şuşalıların geri qayıdacağı gün heç də uzaqda deyil”.

Aydın Mirzəzadə söyləyib ki, bundan sonra da Şuşada çoxsaylı yaşayış və sosial obyektlərin tikilməsinin, infrastrukturun yenilənməsinin şahidi olacayıq:

“Eyni zamanda bu işi təkcə dövlət görməyəcək. İlk imkanda şuşalılar öz evlərinə geri qayıdacaq. Həmin insanların özləri Şuşanın yenidən qurulmasında iştirak edəcəklər. Bir sözlə Şuşa hər bir azərbaycanlının görmək istədiyi gözəl bir məkana çevrilməkdədir. Şuşa bu gün Azərbaycanın simvollarından birinə çevrilib. Dünya Azərbaycanın, ölkə rəhbərinin Şuşa məsələsinə necə həssaslıqla yanaşdığının şahidi olur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər