30 Avqust 2021 16:12
2 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə və Rusiya bu regionda aparıcı oyunçudur. Bunu həm biz, həm də Ermənistan yaxşı başa düşür. Əgər Rusiya səmimi şəkildə bu platformanın qurulmasının və ya bölgədə sülhün təmin olunmasının tərəfdarıdırsa, öz müttəfiqini dalandan çıxarmaq istəyirsə, onda Ermənistana təzyiq etsin və bu prosesdə real rol oynasın. Bu, Rusiyanın da xeyrinə olmalıdır”.

Sabiq diplomat, politoloq Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla əlaqələrin bərpasından danışdı. O bildirdi ki, Ermənistan bunun üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Baş nazir Nikol Paşinyan da bundan əvvəl Ankaradan müsbət siqnallar aldıqlarını demişdi. Sizcə, bu yöndə hansı gəlişmələrin şahidi ola bilərik?

- Qeyd edim ki, bu təşəbbüs həm Azərbaycan, həm də Türkiyə tərəfindən irəli sürülüb. İndi də Türkiyə prezidenti bu məsələni gündəmə gətirir. Bu çərçivədə Ermənistan-Azərbaycan, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi ilə bağlı təşəbbüs irəli sürür. Şübhəsiz ki, bu, yerinə düşən bir təklifdir. Amma Paşinyan müəyyən qədər bu təşəbbüsləri müsbət qəbul etsə də, buna əməl etmir, yerinə yetirməkdən boyun qaçırır.

Əgər sən bunu qəbul edirsənsə, bəs niyə Azərbaycana qarşı təxribatla məşğul olursan? Sən sərhəddə Azərbaycan əsgərlərinə atəş açırsan, ümumiyyətlə, atəşkəsi pozursan, noyabrın 10-da imzalanmış bəyannaməni yerinə yetirmirsən. Əsas suallar bunlardır.

Əslində, baş verənlər onu göstərir ki, Paşinyana təzyiq edən yoxdur. Görünür, Paşinyan daxili qüvvələrin nazı ilə oynayaraq, onları razı salmaq üçün bu cür fəaliyyətlər göstərir və sülhə nail olmaq fikri yoxdur.

- Dediyiniz kimi, Ərdoğan “Altılıq” platformasından da danışdı. O, çıxışında ilk dəfə “Beşlik” platformasını gündəmə gətirdi. Bu o deməkdirmi ki, regional platformanın qurulması işi Gürcüstansız aparılacaq?

- Əslində, Ərdoğan elə də dedi. O bildirdi ki, “Beşlik” də var, Gürcüstan istəsə, “Altılıq” platforması da ola bilər. Aydındır ki, Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir. Əgər Rusiya bu platformada iştirak edəcəksə, Gürcüstan bundan çəkinəcək. Yəni bu o demək deyil ki, Gürcüstan bölgədə sülhün yaranmasının tərəfdarı deyil. Sadəcə olaraq, ortada incə məqamlar var. Gürücstan bu məqamları nəzərə alaraq, tərəddüd edir.

Amma Ərdoğan xüsusi olaraq vurğulayır ki, Gürcüstan istəsə, onu da bura qoşmağa hazırıq. Çünki Gürcüstanın bölgədə öz yeri və rolu var.

- Bəs bununla bağlı mövqeyi qaranlıq qalan İran hansı seçimi edə bilər?

- İranda yeni prezident hakimiyyət başına keçib, yeni xarici işlər naziri təyin olunub. Hər halda yeni prezident Cənubi Qafqazda sülhün tərəfdarı olduğunu deyir, bölgədə bir sıra kommunikasiyaların açılmasında maraqlı olduqlarını və Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, buna heç bir şübhə etmədiklərini bildirir. Amma 44 günlük müharibə vaxtı, ondan əvvəl və sonra da İranın atdığı addımlar Azərbaycanın maraqlarına cavab vermirdi. İrandan Qarabağa yüklər daşınırdı, humanitar yardım adı altında daşınmalar həyata keçirilirdi. Yəni onlar ikili yanaşma nümayiş etdirirdilər.

İranın yeni prezidenti isə hakimiyyət başına keçdikdən sonra xarici siyasətdə yeni xətt elan etdi. Təbii ki, yeni komandanın əsas xarici siyasət addımları İranın dini rəhbərindən asılı olacaq. Amma hesab edirəm ki, bölgədə sülhün bərqərar olmasında İran da maraqlı olmalıdır. Çünki biz sülhün və təhlükəsizliyin təmin olunmasını, bölgədəki kommunikasiyaların açılmasını təklif edirik, Ermənistana nəfəs alması üçün şərait yaratmaq istəyirik. Niyə buna kimsə etiraz etsin? Düşünmürəm ki, İran buna qarşı çıxacaq.

- İndiki şərtlər daxilində Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Qarabağ savaşından sonra bölgədə görülən ümumi işlərin lehinə və ya Azərbaycanın maraqlarına uyğun ola bilərmi?

- Hazırda münasibətlərin normallaşdırılması üçün “Altılıq” və ya “Beşlik” platformaları irəli sürülüb. Türkiyə prezidenti də son çıxışında bu məsələyə diqqət çəkdi. Amma bundan əvvəl də münasibətlərin normallaşdırılması üçün bir sıra təkliflər irəli sürülmüşdü. Ermənistana dəfələrlə təklif olunub ki, normal addımlar at və bundan faydalan. Təklif olundu ki, sərhədlər açılsın, diplomatik əlaqələr qurulsun, iqtisadiyyatın bərpa olunsun və s. Amma Ermənistan buna getmir.

Ermənistan hələ də keçmişdəki fantastik xülyaları ilə yaşayır. Yüz il əvvəlki qondarma soyqırım məsələsi, bizə və Türkiyəyə qarşı nifrət və s.

Hesab edirəm ki, Paşinyan müəyyən qədər vəziyyətdən çıxmaqda maraqlı olsa da, daxildəki revanşist və radikal qüvvələrin şüarları ilə hesablaşmağa məcburdur. Sanki Paşinyan “qəfəs”dədir və oradan çıxa bilmir. Ona ancaq Rusiya kömək edə bilər. Çünki Rusiya Ermənistanın yaxın müttəfiqidir və regionda aparıcı dövlətlərdən biridir. Bu baxımdan, Rusiyanın təzyiqi onlar üçün də faydalı ola bilər. Hesab edirəm ki, onların çıxış yolları bundadır.

- Türkiyə lideri çıxışında müəyyən məsələlərlə bağlı Rusiya Prezidenti Vladimir Putinlə əldə edilmiş razılaşmanı da xatırlatdı. Bunu son zamanlarda üçtərəfli bəyanatların yerinə yetirilməsindən boyun qaçıran Rusiyaya ünvanlanmış mesaj saymaq olarmı?

- Əlbəttə, bu, müəyyən bir mesajdır. Digər reallıq da budur ki, Türkiyə və Rusiya bu regionda aparıcı oyunçudur. Bunu həm biz, həm də Ermənistan yaxşı başa düşür. Əgər Rusiya səmimi şəkildə bu platformanın qurulmasının və ya bölgədə sülhün təmin olunmasının tərəfdarıdırsa, öz müttəfiqini dalandan çıxarmaq istəyirsə, onda Ermənistana təzyiq etsin və bu prosesdə real rol oynasın. Bu, Rusiyanın da xeyrinə olmalıdır.

Hər halda kommunikasiyaların və ya dəhlizin açılması Rusiyanın xeyrinədir. Bütün dövlətlər, o cümlədən Rusiya bunlardan faydalanacaq.

Hesab edirəm ki, regiondakı problemlər həlli üçün Paşinyanın “qəfəs”dən və ya daxildəki qüvvələrin əsirliyindən qurtarılmasında Rusiyanın rolu böyük ola bilər. Əgər Ərdoğan Putinlə danışıbsa və razılığa gəliblərsə, bu, çox önəmli bir amildir.

- Son günlər Qarabağ və sərhəd istiqamətində artan gərginlik və bu fonda Rusiyadan İrəvana yeni silahların göndərilməsi haqda məlumatların yayılması ilə bağlı nə düşünürsünüz?

- Əlbəttə, Rusiyanın atdığı addımlar doğru deyil. Rusiya bu addımlarını onunla izah edir ki, kimə istəsə silah sata bilər və bu onun suveren hüququdur, Ermənistan KTMT-nin üzvüdür və s. Amma Moskva reallığı nəzərə almalıdır. Reallıq da budur ki, Ermənistanla Azərbaycan arasında müharibə gedir və biz torpaqlarımızı azad etmişik. Eyni zamanda, Ermənistan ərazisinə göz dikməmişik, onun torpaqlarını işğal etmək fikrində deyilik.

Ermənistanın özü Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Belə bir durumda Ermənistanın silahlandırılması o deməkdir ki, münaqişə alovlanmasa da, onu köz üstündə saxlamağa çalışırlar. Bu doğru qərar deyil.

Rusiya bu platforma təklifi və sülh təşəbbüslərini qəbul edirlərsə, o zaman Ermənistanı silahlandırmamalıdır. Ermənistanın silahlandırılması, onun qonşu ölkələrin ərazilərinə göz dikməyə vadar edən amildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər