Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Musa müəllim, dövlət başçısının Şuşaya səfəri mahiyyət etibarilə Azərbaycanın milli-mədəni kimliyinin növbəti ifadəsi idi. Verilən mesajın önəmini necə şərh edirsiniz?
- Cənab Prezidentin ötən ilin noyabrın 10-dan sonra Yuxarı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna tarixi səfərləri reallaşır. Sözsüz ki, hər səfər Qarabağın Azərbaycan torpağı olmasını bir daha dünyaya bəyan edir. Bu, eyni zamanda Azərbaycanın qələbəsini tarixləşdirir, möhkəmləndirir. Səfərlərin hamısı demək olar ki, quruculuq, abadlıq, o ərazilərə mədəniyyətin, əməkdaşlığın gəlməsi ilə bağlıdır. Bu mənada dövlət başçısının Şuşaya səfərləri xüsusi bir əhəmiyyət kəsb edir. Çünki Şuşa tək Azərbaycanın deyil, bütövlükdə türk dünyasının mədəni mərkəzidir.
- Ermənilərin Şuşa ilə bağlı səsləndirdiyi əsassız iddialara necə cavab verilməlidir?
- Bu şəhərlə bağlı ermənilərin müəyyən illiuziyaları var. Onlar iddia edirlər ki, guya Şuşa erməni şəhəri olub. Cənab Prezident də hər səfərində vurğulayır ki, “əgər bura erməni torpağı olubsa, niyə burada bir daşı-daş üstünə qoymayıblar, bir ağac əkməyiblər? Burada azərbaycanlılardan qalan bütün infrastrukturu isə dağıdıb tarimar edilər. Adam da öz evini, şəhərini dağıdarmı? Əksinə onu qurar, abadlaşdırar, məskunlaşar, gözəlləşdirər və dünyaya özünün mədəniyyət mərkəzi kimi təqdim edər”. Bütün bunlar onu göstərir ki, 30 illik işğal dövründə də ermənilər inanmırdılar ki, onlar bu torpaqlarda əbədi qalacaqlar. Onlar bilirdilər ki, Azərbaycan nə vaxtsa bu torpaqları geri qaytaracaq. Ona görə də, ermənilər bu torpaqları dağıdıb daşı daş üstə qalmağa qoymadılar. Azərbaycan isə öz torpaqlarını işğaldan azad etdikdən sonra cənab Prezidentin rəhbərliyi ilə bu işə konseptual yanaşaraq bütövlükdə bölgələrimizin bərpa quruculuq və yüksəlişi üçün ardıcıl proqram xarakterli addımlar atır.
- Azad torpaqlarda təməli qoyulan sosial əhəmiyyətli obyektlərin gələcək məskunlaşma dövründə məşğulluğa təsiri necə qiymətləndirilir?
- Dövlət başçısının məhz Zəngilanda “ağıllı kənd” layihəsinin icrası ilə bağlı verdiyi tapşırıqlar və uğurlu layihənin icrası gələcəkdə bu ərazilərdə elm tutumlu təsərrüfatların inkişafına, əhalinin məşğulluğuna yaşayışın daha yüksək səviyyədə təşkilinə hesablanıb. Eyni zamanda qısa zamanda Ağdamın baş planının təsdiq olunması, Şuşanın Azərbaycanın Mədəniyyət paytaxtı elan olunması ilə bağlı Milli Məclisin qanun qəbul etməsi mühüm hadisə idi. Prezidentin Şuşanın abadlaşması ilə bağlı tapşırıqları, baş planını təsdiq etməsi, burada mədəni, bədii tədbirlərin keçirilməsi xüsusi məna ifadə edir. Eyni zamanda Qarabağda 3 böyük aeroportun təməlinin qoyulması gələcəkdə burada böyük bir turizm potensialının inkişafına, aqrar və emal sənayenin formalaşmasına başlıca zəmin yaradacaq.
- Zəngəzur dəhlizinin açılması, Şuşada mədəni həyatın bərpası yenidən iqtisadi, mədəni inteqrasiya üçün hansı imkanlar yaradacaq?
- Zəngəzur dəhlizi açıldıqdan sonra bu bölgələrin inkişafı, mühüm tranzit xəttləri boyunca inkişaf tendensiyasının şahidi olacayıq. Şuşada Xarıbülbül festivalının keçirilməsi, onun ardınca Vaqif poeziya günlərinin təşkili bu şəhərin yenidən bir mədəniyyət mərkəzi kimi dünyaya təqdimatı demək idi. Sözsüz ki, Vaqifin məqbərəsinin bərpadan sonra açılışı zamanı dövlət başçısının verdiyi mesajlar Azərbaycan və dünya ictimaiyyəti, Ermənistandakı revanşist qüvvələr üçün də əhəmiyyətli idi. İlk növbədə Şuşadan verilən mesajlar ondan ibarətdir ki, azərbaycanlılar bu torpaqların əbədi sakinləridir. Azərbaycanlılar bu torpaqları daha da gözəlləşdirəcək, inkişaf etdirib dünya incisinə çevirəcək. Burada yenidən canlanan Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə inteqrasiya edəcək, qovuşacaq. 30 il öncə bu toprpaqlardan didərgin salınmış bütün soydaşlarımız geriyə qayıdacaq və orada öz xoşbəxt həyatını davam etdirəcək.
- Regionda sülhə, sabitliyə əngəl yaratmaq niyyətində olan qüvvələrə hansı mesajlar verildi?
- Ermənistandakı revanşist qüvvələrə verilən mesaj ondan ibarət oldu ki, əgər onlar yenidən hansısa bir xülyaya düşəcəksə, "Dəmir Yumruq" başlarını üstündə olacaq. Yaxşı olar ki, Ermənistandakı revanşist qüvvələr ağıllarını başlarını yığıb Azərbaycanla əməkdaşlıq yolunu tutsunlar. Azərbaycanla konfrantasiya yolu necə rəzil vəziyyətə düşdüyünü bir daha onlara xatırlada bilər. Bundan sonra tamamilə iflasa uğramış bir Ermənistan dövləti yer üzündən silinməsi təhlükəsi yaranar. Məhz bu səbəbdən də cənab Prezident əməkdaşlığın üfüqlərini, yollarını da açıq şəkildə göstərmiş oldu. Bu təbii ki, Zəngəzur dəhlizinin açılmasından ibarətdir. Regionda sülhün daimi olması üçün Azərbaycan öz töhfələrini verir və bundan sonra bu missiya ilə çıxış edəcək. Məhz bu mənada Vaqif poeziya günlərində cənab Prezidentin verdiyi mesajlar erməni ictimaiyyəti tərəfindən də daha ciddi şəkildə analiz olunmalıdır. Onların doğru yola gəlməsi üçün bu mesajların böyük əhəmiyyəti olacaq. Dünya ictimaiyyəti və Azərbaycanın inkişanı görmək istəməyən qüvvələr də bu məsələlərdən özlərinə dərs çıxarmalıdır. Çünki Azərbaycanla zor və təhdid dili ilə danışmağın heç bir əhəmiyyəti yoxdur. Ölkəmizlə əməkdaşlıq etmək region və digər dövlətlərə fayda gətirə bilər.