Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Moskva səfəri zamanı Azərbaycana qarşı ittihamlar səsləndirib, ölkəmizi qeyri-konstruktivlikdə gühalandırıb. 30 illik işğal və ondan sonrakı dövrdə konstruktiv ola bilməyən erməni dövlətinin təmsilçisinin bu cür sərsəm açıqlamalarına səbəb nədir?
- Ermənistanın yeni və köhnə hakimiyyəti hələ də reallığı sona kimi dərk etmək iqtidarında deyil. Onların indiki reallığı dərk edib-etməməsindən asılı olmayaraq indiki mənzərədə proseslər o dərəcədə güclüdür ki, onun öz çəkisi bunları da əzib keçəcək. Ermənistanın yeni XİN rəhbərinin Rusiyada həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransı məhz bunu göstərdi. Hətta ermənilərin strateji müttəfiqi olan Rusiya onlara irad tutur ki, “Üçtərəfli müqaviləni yaxşı oxuyun. Digər tərəfdən Azərbaycan-Rusiya münasibətləri elə bir səviyyədədir ki, biz onların işlərinə qarışa bilmərik”. Bu məsələyə Rusiya tərəfi konkret fikir bildirə bilərdi. Amma Rusiyanın məhz bu formada cavabı ona dəlalət edir ki, Azərbaycanın mövqeyi bu ölkə üçün həddən artıq vacibdir. Ermənistanın hansı XİN rəhbəri olur-olsun, onun dili necə topuq vurursa-vursun onlar öz istəklərinə nail ola bilməyəcəklər.
- İndiki şəraitdə ermənilərin Moskvadan gözləntiləri nədir?
- Ermənilərin konkret istəkləri iki mərhələdən ibarət olan provakativ məsələlərdən ibarətdir. İlk növbədə onlar təxribatlar yolu ilə məsələləri qəlizləşdirmək istəyir. Ola bilsin, məhz bu gün Xankəndidə hansısa bir təxribata yol açan bəyanatlar və fikirlər səslənsin, məhz bu cür təxribatlar yolu ilə məsələnin hələ də həll olunmadığı görüntüsü yaradılsın. Digər düşündükləri təxribat yolu isə ATƏT-in Minsk Qrupunu köhnə çərçivədə prosesə daxil etmək niyyətidir. Amma köhnəlmiş, həllini tapmış prosesə kim və necə müdaxilə edə bilər? “Dağlıq Qarabağ” anlayışı və elə bir problem mövcud deyil. Bu səbəbdən də, hansısa məsələdən danışmaq, nəyəsə cəhd etmək yersiz və əbəsdir.
- Bu məsələnin hansısa bir formada beynəlxalq təşkilatların gündəminə daşınması necə mümkün görünür?
- Onlar sözsüz ki, indiki halda Azərbaycana qarşı bu cür fikirləri tirajlamaqda davam edəcəklər. Minsk Qrupundan və digər məsələlərdən danışıb gündəm yaratmağa cəhdlər olacaq. Eyni zamanda Avropa Şurasında bu təxribatları özündə ehtiva edən bir məruzə ilə çıxış etmək niyyətləri də eşidilir. Ermənilər öz lobbi təşkilatları vasitəsi ilə bu məsələləri beynəlxalq təşkilatların gündəminə daşımağa cəhdlər edəcəklər. Amma bütün bunların reallığa heç bir təsiri olmayacaq. Çünki reallıq tamam fərqlidir. Azərbaycan elə bir reallıq yaradıb ki, onu dəyişmək üçün edilən və ediləcək bütün cəhdlər uğursuzdur.
- Erməni tərəfinin ATƏT-in Minsk qrupunu, “status” məsələsini gündəmə gətirmək niyyətinə hansı müstəvidə cavab verilməlidir?
- Məhz ermənilərin istədiyi ATƏT-in Minsk qrupunun fəaliyyətinin “işə” salınması, “status” məsələsinin gündəmə gətirilməsidir. Ermənilərin niyyəti budur. Azərbaycan tərəfi açıq və qəti şəkildə vurğulayıb ki, “status” kimi absurd məsələlər bitib. Ona görə də, bu istiqamətdə Minsk qrupunun işi də bitmiş hesab olunur. Olmayan bir şeyi necə müzakirə etmək olar? Amma Minsk qrupu hansısa bir formada fəaliyyətini davam etdirmək istəyirsə, dövlət başçısı da bununla bağlı öz fikirlərini açıq şəkildə bəyan edib. Bu təşkilat konkret hansı işlə məşğul olacağını gündəmə gətirməlidir. Bundan sonra masa üzərində hər hansı bir məsələ olsa, Azərbaycan tərəfi də buna münasibət bildirə bilər.
- Minsk qrupu ilə bağlı erməni tərəfinin israrçı davranışının arxasında hansı məqsəd dayanır?
- Erməni tərəfi Minsk qrupunun mövcudluğunu məhz olmayan “status” məsələsi ilə birləşdirmək istəyir. Ona görə də, ermənilərin bu formada gündəmə gətirdiyi məsələlərə çox həssas yanaşmaq lazımdır. “Status”, “münaqişə”, “Dağlıq Qarabağ” məsələsi bitib. Minsk qrupu məhz bu məsələlərlə məşğul olurdu. İndi isə bu təşkilat nə “işlə” məşğul olmasına dair konkret proqram təqdim etməlidir.
- Yenidən erməni tərəfi “müqəddəratı təyin etmə” kimi absurd məsələləri də gündəmə gətirib. Belə bir iddia ilə yenidən çıxış etmək cəsarəti haradan qaynaqlanır?
- Ermənilərin bu cür məsələləri gündəmə gətirməsi elə də təəccüblü deyil. Onlar hər zaman öz xəstə təxəyyülərinin qurbanı olsalar da bundan əl çəkməyiblər. Onların dırnaqarası soyqırımı məsələsini indiyə qədər gündəmə gətirdiyinin şahidiyik. Halbuki bu məsələnin üzərindən iki dünya müharibəsi keçib. Tarixçilər də sübut ediblər ki, bu, fiksiyadır. Amma bu yalanı onlar yüz ildir ki, gündəmə gətirirlər. Ermənilər bu vasitələrlə dünyada erməniçiliyi saxlamaq üsulunu tapıblar. Onlar “soyqırımı”, başqalarına qarşı torpaq iddiası, “müqəddəratı”nı təyinetmə kimi məsələlərdən imtina etsələr, o zaman erməniçilikdən əl çəkmiş olarlar. Çünki erməni xalqı və erməniçilik başqa-başqa məsələlərdir. Ermənilər 44 gündə 8 min əsgər itirən, ordusunu darmadağın etdirən, kapitulyasiya aktına imza atmış bir adamı yenidən özlərinə baş nazir seçdilər. Bu fakt onlar haqqında əlavə mülahizələrə heç bir yer saxlamır. Ona görə də, onların bizə qarşı absurd məsələlərlə bağlı iddialarından əl çəksələr, erməniçiliyini unutmuş olarlar. Bu baxımdan onlardan hansısa bir konstruktiv yanaşma gözləmək qeyri-mümkündür. Amma bütün bunlara baxmayaraq biz daha güclü olmalıyıq. Ermənilərin hər bir provakasiyasına da layiqli cavab verməliyik.