10 Sentyabr 2021 09:05
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Asim müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasından, kommunikasiyaların açılmasından danışıb. Onun bu fikirlərinə nə dərəcədə inanmaq olar?

- Erməni tərəfi konkret addımlar atmalıdır. Bundan sonra onların atacağı konkret addımlara biz qiymət verə bilərik. Ona görə də konkret işə inanmaq lazımdır. Hansısa sözlərə inanmaq əsas deyil. Ermənistan hər bir istiqamətdə Azərbaycan və Türkiyə ilə münasibətlər qurmaqda maraqlı olmalıdır. Bu ölkə ilk növbədə hansısa revanşizm və ərazi iddiaları ilə bağlı məsələləri kənara qoyub, kommunikasiyaların, yolların açılmasını təmin etməlidir. Eyni zamanda üçtərəfli bəyanatda nəzərdə tutulmuş bütün məsələlər həll edilməlidir. Əgər Paşinyan doğurdan da səmimidirsə, bu addımları atmalıdır. Məhz bu yanaşmalar bölgədə mühüm dəyişikliyə səbəb ola bilər. Ona görə də konkret addımlar atılmalı və hər bir fikrin arxasında real nəticələr olmalıdır.

- Ermənistanın indiki şəraitdə belə bir yol izləməsi mümkün görünürmü?

- Verilən müsbət mesajlar yaxşıdır. Amma iddialardan imtina edib konkret addımlar atılmalıdır. Bundan sonra hansısa bir nəticədən danışmaq olar.

- Sülhməramlıların fəaliyyətini bəs necə qiymətləndirirsiniz?

- Sülhməramlı qüvvələr üçtərəfli bəyanatın ruhuna uyğun fəaliyyət göstərməlidir. Əks halda Azərbaycan tərəfi bununla bağlı öz mövqeyini ortaya qoyacaq.

- Laçında Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirir. Erməni rəsmiləri bununla bağlı narahat olduqlarını ifadə edən çıxışlar ediblər. Onların bu narahatlığına səbəb nədir?

- Bu təlimlərdə heç bir təzyiq amili yoxdur. Azərbaycan və Türkiyə silahlı qüvvələri bu cür təlimləri vaxtaşırı icra edir. Belə təlimlər həm Türkiyədə, həm də Azərbaycanda zəruri olduğu halda dünyanın başqa yerlərində də keçirilir. Bu sırf əməkdaşlığın, tərəfdaşlığın müqabilində olan təlimlərdir. Belə təlimlər başqa ölkələrdə də keçirilir. Azərbaycanla qardaş ölkənin hərbi qüvvələrinin təlimləri çox müsbət bir haldır. Silahlı qüvvələrimiz üçün də mühüm bir amildir. Bunu bütün dünya görməlidir. Sözsüz ki, qarşı tərəf də bundan özləri üçün mühüm nəticələr çıxarmalıdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər