“BMT Baş Assambleyası adəti üzrə sentyabrın 20-də öz işinə başladı. Böyük və kiçik ölkələrin liderləri BMT tribunasından istifadə edərək çıxışlar edir, dərdlərini beynəlxalq aləmə danışırlar”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Co Bayden ABŞ prezident kimi ilk çıxışını BMT-nin 76-cı sessiyasında edib: “Baydenin çıxışı zamanı iki tezis diqqəti çəkdi. Birincisi, Baydenin sözlərinə görə, Amerika ilk dəfədir ki, heç yerdə müharibə aparmır. İkincisi, Amerika “soyuq müharibə”nin bərpasında maraqlı deyil, müxtəlif dövlətlərlə anlaşmazlılqarı danışıqlar yoluyla həll etməyə maraq göstərir.
Amerika hazırda müharibə aparmasa da, bu durum uzun çəkməyəcək. Amerika İkinci Dünya Müharibəsindən sonra böyüklü, kiçikli onlarla müharibədə ya iştirak edib, ya da səbəbkarı olub. Bu sırada 1950-ci illərdə Koreya, 1960-1970-ci illərdə Vyetnam müharibələrini göstərmək olar, Qrenada adasına desant çıxarma, İraq, Əfqanıstana hərbi müdaxilələr, Afrika və Cənubi Amerikadakı müharibələrdə və çevrilişlərdə qeyri-rəsmi iştiraklar da bu qəbilədəndir.
Baydenin Amerika qoşunlarını Əfqanıstandan çıxartması başqa münaqişədə iştirak etməyəcəyi anlamına gəlmir. Digər tərəfdən, Amerikanın xarici və təhlükəsizlik siyasətində davamlılıq yoxdur. Yəni Baydendən sonrakı prezident Ağ Evin indiki rəhbərindən fərqli olaraq hesab edə bilər ki, Amerikaya kiçik müharibə lazımdır və qoşunlarını istədiyi bölgəyə göndərə bilər. Bu zaman Baydenin 2021-ci ilin sentyabrında “biz müharibə istəmirik” sözləri xatırlanmayacaq.
Co Baydenin “biz “soyuq müharibə” istəmirik” qərarını yalnız Ağ Ev sahibi verə bilməz. Əgər Konqres, Pentaqon, Dövlət Departamenti və ya Mərkəzi Kəşfiyyat İdarəsi hesab edirlərsə ki, Rusiya və ya Çinin siyasəti Amerika üçün real təhlükədir, bu halda Ağ Evdə oturan şəxs fərqli siyasət yürüdə - Moskva və Pekinə qarşı sanskiyalardan imtina edə bilməyəcək. Bayden çıxışında özü də dedi ki, kiçik dövlətləri və tərəfdaşlarını xarici təzyiqlərdən qoruyacaqlar. Belə olan halda Bayden misal üçün, keçmiş prezidentlər Barak Obama və Donald Tramp kimi Ukraynanı Rusiyadan qorumalıdır”.
Elxan Şahinoğlu hesab edir ki, Çin də Amerika ilə münasibətlərdə gərginlik istəmir:
“Ancaq əgər Çin bölgədə hərbi gücünü artırırsa, müxtəlif adalara, o cümlədən Tayvana iddia edirsə, qonşuları – Hindistan, Yaponiya və Avtraliya sərt dildə danışırsa, Amerikanın özündə texnologiyaları oğurlamaqla məşğuldursa, tərəfdaşlıq alınmayacaq.
İran Prezidenti İbrahim Rəisi BMT sessiyasına videkonfrans vasitəsilə qatılaraq ABŞ-ı bu sözlərlə sərt tənqid etdi: “Bu il iki hadisə baş verdi. Yanvarın 6-da ABŞ Konrqesinə hücum edildi, avqust ayında Əfqanıstan Amerikanın işğalından qurtuldu. Kapitoli binasından Kabilə qədər hamıya ismarıc göndərildi: ABŞ-ın hegemonist sistemi inamsızlıq yaradır”.
İndi bu sözlərin qarşılığında Baydenin Tehranla necə dil tapacağı sual doğurur. O biri tərəfdən Amerikanın strateji müttəfiqi İsrail Vaşinqtonu Tehrana qarşı siyasətini sərtləşdirməyə çağırır”.
Ekspert Türkiyə liderinin çıxışına da diqqət çəkib:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında məlum tezisini təkrarladı: “Dünya 5-dən böyükdür”. Başqa sözlə, dünyanın problemlərinə yalnız BMT-nin 5 daimi üzvü – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa ənçam çəkməməlidirlər, başqalarının da bu sıraya qoşulması əhəmiyyətlidir. Ərdoğan bu tezisi illərdir dönə-dönə təkrarlasa da, 5 daimi üzv BMT-də inhisarçılıqlarını başqalarıyla bölüşmək fikrində deyillər. Halbuki öz bölgələrinin söz sahibi olan Türkiyə, Hindistan, Almaniya, Yaponiya və ya Braziliya kimi dövlətlərin BMT-yə daimi üzvlüyü ədalətli qərar olardı. Ərdoğan həm də bu dövlətlər üçün ədalət tələb edir.
Bu, Azərbaycanın müharibədə qazandığı qələbədən sonra BMT-nin ilk sessiyası idi. Ona görə də Ərdoğan çıxışında bu mövzudan yan keçmədi: “Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarına mövzu olan torpaqlarındakı işğala son verib. Bu hadisə bölgədə daimi sülh adına yeni fürsət pəncərələrinin açılmasına şərait yaradıb. Tərəflərin atacağı hər bir müsbət addımı dəstəkləmək qərarındayıq”.
Bu abzasda həm BMT qətnamələri əsasında Azərbaycanın öz ərazilərini azad etmək haqqından yararlandığı, həm də regional əməkdaşlıq üçün imkanların açıldığı ismarışı var”.