Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ceyhun müəllim, BMT tribunasından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağla bağlı bütün dünyaya verdiyi mesajın əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycan-Türkiyə qardaşlığı bütün dünya üçün bir örnəkdir. Azərbaycan Prezidenti İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın əlaqələrin belə yüksək səviyyəyə çatmasında müstəsna xidmətləri var. İki ölkə lideri arasındakı münasibətlər sözsüz ki, dövlətlərarası münasibətlərin də inkişafına, daha yüksək səviyyəyə çatmasına zəmin yaradıb. Bu da hər iki ölkənin bir çox məsələlərdə vahid mövqedən çıxış etməsində başlıca prinsip kimi qəbul olunur. Qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olub. Eyni zamanda Qarabağla bağlı bütün platformalarda Türkiyə Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyib. II Qarabağ müharibəsinin ilk anından etibarən qardaş ölkədən Azərbaycana tam dəstək ifadə olundu. Bütün dünyaya açıq mesaj verildi ki, Türkiyə Azərbaycanın yanındadır və onun haqq işini dəstəkləyir. Azərbaycan da hər zaman Türkiyənin mövqe və mənafeyini bütün beynəlxalq təşkilatlarda, ayrı-ayrı platformalarda dəstəkləyib. Cənab Prezident də hər zaman hətta Türkiyənin iştirak etmədiyi tədbirlərdə belə qardaş ölkəyə qarşı səslənən fikirlərə qarşı özünün mövqeyini ortaya qoyub. Bu da iki dövlətin bütün məsələlərdə bir-birinə olan açıq dəstəyinin ifadəsi kimi qiymətləndirilir. Məhz bu baxımdan Cənab Ərdoğanın BMT tribunasından Azərbaycan, Qarabağla bağlı dünya liderlərinə, hökumət və dövlət başçılarına açıq mesajları mühüm əhəmiyyətə malikdir. Belə bir tarixi dönəmdə qardaş ölkə liderinin aparıcı təşkilatın tribunasından Azərbaycana, onun haqq işinə açıq dəstəyi xalqımız tərəfindən də yüksək qiymətləndirilir. Bu, bir daha göstərir ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi və sarsılmaz prinsiplər üzərində formalaşıb.
- II Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə arasında əldə olunmuş strateji plana əsasən ardıcıl olaraq keçirilən hərbi təlimlərdən Ermənistan və onun havadarları, regionun digər dövlətləri narahatlıq keçirir. Narahatlığa səbəb nədir?
- Qardaş Türkiyə dövlətinin ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. Türkiyə ordusu NATO standartlarına uyğun təşkil edilib. Cənab Ali Baş Komandan da Türkiyə ordusu nümunəsində Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasının vacibliyini vurğulayıb. Məhz bu prinsipləri əldə əsas tutaraq icra edilən hərbi təlimlər də iki ordu arasındakı əlaqələrin inkişafına xidmət edir. Bu məsələdə heç bir başqa niyyət yoxdur. Məqsəd iki qardaş ordu arasındakı əlaqələrin yeni formada qurulmasını özündə ehtiva edir. Silahlı qüvvələr arasında keçirilən bu təlimlərdən narahat olan qüvvələrin və mərkəzlərin narahatlığına isə heç bir əsas yoxdur.
- Azərbaycanın yaratdığı yeni platformada iştirak edən dövlətlərin regional əməkdaşlıqla bağlı addımlarına qısqanclıqla yanaşanların niyyəti nədir?
- Hər bir dövlətin özü üçün strateji müttəfiq seçmək hüququ var. Eyni zamanda dövlətlərin orduları ilə hərbi təlim keçirməsi də onun suveren hüququdur. Azərbaycan beynəlxalq hüququn ona vermiş üstünlüklərdən istifadə edir. Bu gün ölkəmiz öz müttəfiqləri ilə əməkdaşlığını durmadan genişləndirir. Məhz ardıcıl olaraq həyata keçirilən hərbi təlimlər də əldə olmuş razılaşmaların tərkib hissəsi kimi icra edilir. Azərbaycan Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin hərbi təlimi də məhz proqrama uyğun icra edilib. Eyni zamanda qardaş Türkiyə ilə bu gün Azərbaycan Silahlı Qüvələrinin Naxçıvanda icra etdiyi hərbi təlimlər də müəyyənləşmiş qrafikə uyğun həyata keçirilir. Burada heç bir məntiqsizlik və yaxud hansısa bir dövlətə və mərkəzə qarşı niyyət yoxdur. İcra edilən hərbi təlimlər məhz sülhə, təhlükəsizliyə, əməkdaşlığa hesablanıb. Ermənistan və ona dəstək çıxmağa çalışan qüvvə və dövlətlərin Azərbaycanın müttəfiqləri ilə birgə atdığı addımlardan böyük narahatlıq keçirməsi heç bir məntiqlə uzlaşmır. Əksinə bu addımlar bölgədə yenidən baş qaldıra biləcək separatizmə, şovinizm ideyalarına, təxribatçı qüvvələrə də açıq bir mesaj kimi başa düşülə bilər. Ona görə də, region ölkələri sülh, əməkdaşlıq üçün atılan bu addımlara açıq dəstək nümayiş etdirməlidir.
- 30 illik “müstəqillik” dönəmini kapitulyasiya tarix fonunda qeyd edən Ermənistan cəmiyyətinin nəhayət ki, reallığı dərk etməsi nə dərəcədə məntiqlidir?
- Nə qədər ki, Ermənistan başqa qüvvələr üçün bir alət rolundadır bu dövlət düşdüyü ağır durumdan da pis vəziyyətə düşəcək. Ona görə də, bu gün Azərbaycan və Türkiyə tərəfindən Ermənistana əməkdaşlıqla bağlı edilmiş çağırışlara düzgün reaksiya verilməlidir. Amma bütün bunların fonunda Ermənistan özünün gələcəyini düşünmək istəmir. Yenə də erməni cəmiyyəti xəstə təxəyyüldən qurtulub prosesi düzgün dəyərləndirməlidir. Bu gün bölgədə vəziyyət tamamilə fərqli istiqamətdə dəyişib. İndiki reallıq hər bir dövlətin inkişafına xidmət edir. Ona görə də, müstəqilliyini ağır bir fonda qeyd edən Ermənistan ona uzanan əməkdaşlıq əlini nəhayət tutmalı və proseslərdən düzgün nəticə çıxarmalıdır. Hər gün bir fikrə düşən Ermənistan rəhbərliyi yaxşı olardı ki, proseslərdən nəticə çıxarıb yaranmış reallığa qiymət versin. Əks halda Ermənistan öz müstəqilliyinin növbəti ildönümünü daha ağır şərtlər daxilində qeyd etməli olacaq. 30 illik düşmənçilik və işğal siyasəti Ermənistana heç nə qazandırmadı. Əksinə bu uğursuz siyasətə görə Ermənistan ağır iqtisadi, siyasi böhrana düçar oldu. Məhz bu amilləri düzgün dəyərləndirməyə nəhayət ki, özündə cəsarət tapacaq Ermənistanın siyasi rəhbərliyi xalqının, dövlətinin gələcəyini düşünməlidir.