24 Sentyabr 2021 20:41
2 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putin-Ərdoğan görüşünə diqqət yüksək olacaq. Proqnozum budur ki, həmin görüşdə tərəflər arasında geniş müzakirə aparılacaq. Nəticə etibarı ilə Prezident Ərdoğan şərtlərini açıqlayacaq, Prezident Putin isə bu şərtləri qəbul edəcək”.

Bunu Teleqraf.com-a politoloq Rüstəm Məmmədov deyib.

Onun fikrincə, hər iki lider bir-birinə yaxşı bələddir:

“Məsələ ondadır ki, Qərbin ciddi təzyiqləri və sanksiyaları altında olan Rusiya indiki mərhələdə Türkiyəni inkar edə bilməz. Nəzərə almaq lazımdır ki, əgər Rusiya Türkiyəni inkar etmək niyyətinə düşəcəksə, bu zaman Ankara gedib Vaşinqtonla əlaqələrini daha çox inkişaf etdirəcək. Bu da Rusiyaya lazım deyil. Yəni Rusiya Türkiyəni itirmək istəməz”.

Politoloq hesab edir ki, Türkiyə Prezidenti Ərdoğanın Rusiyadan müəyyən istəklərinin olması anlaşılandır.

Onun sözlərinə görə, buraya ilk növbədə Qarabağ məsələsi daxildir:

“Daha doğrusu regionda kommunikasiya xəttinin açılması. Bizim təbrimizcə desək Zəngəzur dəhlizinin açılması. Bu məsələdə Rusiya sanki prosesi gecikdirməkdə maraqlı görünür. Hər halda 10 noyabr razılaşmasında bu öhdəlik kimi qoyulsa da, indiyə qədər real addımlar müşahidə olunmur. Mənim təxminlərimə görə, Prezident Ərdoğan bu məsələdə israr edəcək, Putin isə güzəştə getməyə məcbur qalacaq. Çünki bu həm də öhdəlikdir”.

Politoloq ehtimal edir ki, müzakirələrdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məsələsi də diqqətdə ola bilər: “Nəhayətdə bu məsələ də həllini tapmalıdır. Ehtimal edirəm ki, iki lider bu məsələni də müzakirə edəcək və nəticə etibarı ilə Ermənistanı ağıllandırmaq mövzusunda razılaşma olacaq.

Həmçinin Ermənistan-Türkiyə münasibətləri də diqqət mərkəzində olacaq. Ruslar belə bir münasibətlərin yaranmasına razı olacaq”

R. Məmmədov qeyd edir ki, iki dövlət arasında müəyyən mövzularda anlaşılmazlıq da var. O, buna misal kimi Rusiyanın son dönəmlərdə Suriyadakı aqressiv fəaliyyətini və Türkiyənin Krımla bağlı qəti mövqeyini göstərir: “Əlbəttə, tərəflər bu məsələni də müzakirə edəcək. Hər halda razılaşma əldə olunmalıdır. Rusiyanın başqa yolu yoxdur”.


Müəllif: Nemət

Oxşar xəbərlər