Ötən ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərə yazıldı. İşğalçı Ermənistan müharibədə məğlub oldu, ordusu darmadağın edildi. Tarixi qələbə ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Azərbaycanın bu qələbəsi Cənubi Qafqaz regionunda yeni reallıq yaratdı. Ona görə də bölgədə mövcud bütün tərəflər bunu nəzərə almalıdır”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, Azərbaycan 30 illik münaqişəni hərbi yolla həll etməklə özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib:
“Prezident İlham Əliyev BMT-nin videoformatda keçirilən 76-cı sessiyasındakı çıxışında bu məqamları xüsusilə vurğulayıb. Dövlət başçısı beynəlxalq ictimaiyyətə bir daha bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Ölkə başçısının 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Ölkə başçısı BMT-yə üzv dövlətləri və BMT Katibliyini Azərbaycan ərazilərinə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırış edib”.
Vüqar İskəndərov hesab edir ki, bəzi xarici təşkilatlar və dövlətlər münaqişənin həll edilmədiyi kimi yanlış və yersiz iddialarından əl çəkməlidir:
“Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Dövlət başçısının bəyan etdiyi kimi beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanın revanşizm və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”.