30 Sentyabr 2021 21:37
5 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putinin arasında Soçidə keçirilən görüşün əks-sədaları davam edir.

Teleqraf.com xəbər verir ki, hərbi və enerji sahələrində əməkdaşlıq məsələlərinin, xüsusilə də Suriya və Cənubi Qafqazdakı kritik vəziyyətin müzakirə edildiyi görüş ABŞ tərəfindən də yaxından izlənilib.

ABŞ mətbuatı Türkiyənin Rusiya ilə “S-400” müdafiə sistemi anlaşması ilə əlaqədar yaranan narahatlıqla yanaşı, Türkiyənin bölgədə mübahisəsiz gücə çevrilməsi haqda təhlillər dərc etməyə başlayıb.

“Nyu-York Tayms” Ərdoğan-Putin görüşünü manşetə çıxarıb. Görüşü ətraflı təhlil edən nəşr Prezident Ərdoğanın ABŞ-ın narahatlığına baxmayaraq Rusiya ilə əlaqələrini möhkəm saxladığını qeyd edib.

İki liderin tez-tez vurğuladığı əməkdaşlıq mesajlarını təkrarlayan NYT Qərb dövlətlərinin, xüsusən Avropa Birliyinin etirazlarına baxmayaraq, Türkiyənin Rusiya ilə hərbi əməkdaşlığından əl çəkmədiyini bildirib.

Türkiyə və Rusiyanın energetika sahəsindəki ortaqlığını gücləndirdiyini yazan nəşr iki ölkə arasındakı müqavilələrin, xüsusən Akkuyu Atom Elektrik Stansiyası layihəsinin Ankaranın Avropaya qarşı müstəqil mövqe tutmasına imkan yaratdığını vurğulayıb.

Məqalədə Ərdoğanın ABŞ-ın bütün etirazlarına baxmayaraq Rusiya ilə hərbi əməkdaşlığını davam etdirdiyi qeyd olunub və əlavə edib ki, bu, ABŞ Prezidenti Co Bayden üçün olduqca həyəcanlı xəbərdir.

Ərdoğanın “S-400” anlaşması ilə bağlı bir addım belə geri çəkilmədiyi və bunu Soçidəki görüşdə bir daha vurğuladığı, üstəgəl, açıq şəkildə bütün dünyaya mesaj verdiyi də məqalədə yer alıb.

ABŞ-ın Əfqanıstandan çəkilməsindən sonra Türkiyənin Suriya-Əfqanıstan xəttindəki təsirini tədricən artıracağını deyən NYT bu durumun Amerikanın bölgədən tamamilə xaric edilməsi ilə nəticələnəcəyini yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər