20 Oktyabr 2021 09:41
5 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın “Altılıq” platformasına qarşı çıxması Rusiyanın bölgəmizdə təsir imkanlarının artmasından irəli gəlir. Eyni zamanda, Türkiyənin bu regionda güclənməsi ABŞ-ı məmnun etməli idi. Bununla belə, biz ABŞ-Türkiyə münasibətlərinin xarakterinə də diqqət yetirməliyik. Türkiyə NATO-da təmsil olunsa da, onun bu blokdakı bəzi müttəfiqləri və ABŞ ona qarşı “mehriban düşmən” kimi yanaşırlar. Yaxın günlərdə Türkiyə “F-16”larla bağlı ABŞ-a müraciət ünvanladı. Amma yenə də ABŞ-ın qeyri-müəyyənliyi Ərdoğan iqtidarını Rusiyaya üz tutmağa təhrik edir”.

Politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Son zamanlarda NATO və Avropa Birliyi nümayəndələrinin Azərbaycan və bölgənin digər ölkələrinə səfərləri sıxlaşıb. Xüsusən də son bir neçə gündə NATO-nun iki yüksək vəzifəli nümayəndəsinin Bakıya səfəri diqqət çəkdi. Bu səfərlərdə məqsəd nədir, bölgədəki son gəlişmələrlə əlaqəsi varmı?

- Həm NATO, həm də Avropa Birliyi rəsmilərinin Azərbaycan və Cənubi Qafqaza gözlənilən səfərləri keçən il Ermənistan və ölkəmiz arasında baş vermiş müharibə və bu savaşın bölgədə yaratdığı yeni geosiyasi reallıqlarla bağlıdır. Məlumdur ki, bu müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb. Məlum dövlətlərin bəlli dairələrinin cəhdlərinə baxmayaraq, Ermənistan kapitulyasiya aktına imza atmalı oldu. Ermənistanın məğlubiyyəti ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlərin bəzi dairələrində təəssüf hissi doğurdu. Çünki onlar bu illər ərzində bu münaqişəyə beynəlxalq hüquq normaları prizmasından yox, xristian təəssübkeşliyindən baxmışdılar. Təsadüfi deyil ki, Avropa Birliyinin rəhbəri İrəvana səfərində Ermənistanla bir yerdə olduqlarını bildirdi. Eyni zamanda, Avropa Birliyi Ermənistana 2.6 milyard avro kredit ayıracağı vədini verib. Amma birliyin sədri Bakıda Azərbaycan prezidenti ilə görüşündə belə məqamlara toxunmadı. Görünür, Avropa Birliyi rəsmiləri tərəflərlə danışıqlar apararkən, məsələlərə onların önəm verdiyi məqamlardan yanaşmağa böyük əhəmiyyət verirlər.

Hər halda Avropa Birliyinin iki həftə əvvəl münaqişə ilə bağlı sərgilədiyi mövqe müəyyən anlamda bizim lehimizə oldu. Avropa Parlamentinin deputatları bildirdilər ki, Ermənistan minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsindən məsuliyyət daşıyır. Bununla bağlı qəbul edilmiş qətnamə Azərbaycanın maraqlarına uyğundur. Bu baxımdan, Avropa Birliyinin xüsusi nümayəndəsinin Ermənistan və Azərbaycana səfərlərini anlamaq olar. O cümlədən, Azərbaycan tərəfi Avropa Birliyinin Bakı və İrəvan arasında vasitəçilik olmaq səylərinə dəstəyini bildirib.

NATO-ya gəldikdə, alyansla Azərbaycan arasındakı münasibətlərin uzunmüddətli tarixi var. Azərbaycan 1994-cü ildən NATO-nun “Sülh naminə əməkdaşlıq” proqramında iştirak edir. Bu proqram həm də Azərbaycan ordusunun NATO standartlarında qurulmasını nəzərdə tutur. Amma Azərbaycan Qoşulmayanlar Hərəkatında təmsil olunduğundan bu və ya digər hərbi-siyasi bloka üzv olmur. Bu həm Qoşulmayanlar Hərəkatı qarşısında götürülmüş öhdəliklərdən, həm də Azərbaycanın milli təhlükəsizlik konsepsiyasından irəli gəlir. Bu müddət ərzində Azərbaycana NATO və KTMT kimi hərbi bloklara qoşulmaq təklifləri verilsə də, ölkəmiz özünün milli maraqlarından, eyni zamanda, bölgədəki geosiyasi reallıqlardan çıxış edərək, məlum bloklarla münasibətlərini üzvlük səviyyəsində qurmur. Əlbəttə, bununla belə, NATO və digər təşkilatlarla əlaqələrimizi genişləndirməyə və inkişaf etdirməyə hazırıq. Bilirik ki, Azərbaycan Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlar zamanı NATO-ya dəstək verib. Eyni zamanda, beynəlxalq terrorizmə qarşı mübarizədə NATO ilə bir yerdəyik.

Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyində rol oynayan dövlətdir. Yəni Azərbaycanın NATO və Avropa Birliyi üçün önəmi həm sahib olduğu enerji resurslarına, həm də yerləşdiyi coğrafi məkanın xüsusiyyətlərindən irəli gəlir.

- Gürcüstana gələn ABŞ Müdafiə naziri Lloyd Ostin Ankara və Bakı tərəfindən irəli sürülmüş “Altılıq” platformasında Rusiyanın iştirakı məsələsinə diqqət çəkdi. O bildirdi ki, Rusiya əvvəlcə Abxaziya və Cənubi Osetiya ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, sonra bu haqda danışmalıdır. Ostinin bu açıqlamasını necə şərh etmək olar?

- ABŞ-ın “Altılıq” platformasına qarşı çıxması Rusiyanın bölgəmizdə təsir imkanlarının artmasından irəli gəlir. Eyni zamanda, Türkiyənin bu regionda güclənməsi ABŞ-ı məmnun etməli idi. Bununla belə, biz ABŞ-Türkiyə münasibətlərinin xarakterinə də diqqət yetirməliyik. Türkiyə NATO-da təmsil olunsa da, onun bu blokdakı bəzi müttəfiqləri və ABŞ ona qarşı “mehriban düşmən” kimi yanaşırlar. Yaxın günlərdə Türkiyə “F-16”-larla bağlı ABŞ-a müraciət ünvanladı. Amma yenə də ABŞ-ın qeyri-müəyyənliyi Ərdoğan iqtidarını Rusiyaya üz tutmağa təhrik edir. Türkiyənin Rusiyadan “S-400” sistemləri almasının səbəbi də, ABŞ-ın onun istədiyi “Patriot” raketlərini satmaqdan imtina etməsi olmuşdu.

Rusiyanın bölgədə təsir imkanlarının artması ABŞ-ı qane etmir. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlarda moderator qismində Rusiya çıxış edir. Rusiya Minsk qrupunun digər həmsədrləri ilə yox, yalnız münaqişə tərəfləri ilə razılaşdıraraq öz sülhməramlılarını bölgədə yerləşdirdi. Bu isə Rusiyanın Cənubi Qafqazın hər üç respublikasında hərbi mövcudluğunun təmin olunması deməkdir. Məlumdur ki, Rusiyanın bu bölgədə yalnız Azərbaycanda hərbi mövcudluğu yox idi, münaqişənin həllinin yaratdığı reallıqlar isə bunun üçün ona imkan verdi.

ABŞ da bu baxımdan bölgədə tarazılıq yaratmağa çalışır. ABŞ bunu həm Minsk qrupunu fəallaşdırmaqla, həm də Fransanı proseslərə cəlb etməklə etmək istəyir. Amma Fransa-ABŞ münasibətlərində çat var. ABŞ Avstraliya və Britaniya ilə anlaşmaya gedərək, 66 milyardlıq layihəni Fransanın əlindən aldı. Dediyim kimi, 44 günlük müharibənin bölgədə yaratdığı yeni reallıqlar nəticəsində ABŞ və Avropa Birliyi bölgə dövlətləri ilə təmaslarını artırıblar.

- Bir aya yaxındır İran və Azərbaycan arasındakı gərginlik səngimək bilmir. İran hər gün müxtəlif şəxslərin dilindən Azərbaycanın ünvanına ən ağlasığımaz ittihamlar və iddialar səsləndirir. Sizcə, bu gərginlik hansı formada başa çatacaq?

- Düşünmürəm ki, gərginlik səngimir. Bilirsiniz ki, yaxın günlərdə İranın xarici işlər naziri azərbaycanlı həmkarına zəng edib. İranın baş diplomatı bildirdi ki, gərginlik hər iki dövlətin və xalqın maraqlarına uyğun deyil, hər iki tərəf bundan sonra da münasibətləri qarşılıqlı anlaşma və hörmət, eyni zamanda, bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri üzərində qurmalıdır. Bu da onu göstərir ki, İran Azərbaycanla münasibətlərdə yarana biləcək tendensiyanın bölgədə hər iki ölkənin maraqlarına cavab verməyəcək mənzərəni yarada biləcəyinin mahiyyətinə varır. Çünki İran-Azərbaycan gərginliyi üçüncü tərəflərin, xüsusən də burada təmsil olunmaq istəyən Qərbin maraqlarına uyğun gələ bilər.

Rusiya da bunu yaxşı başa düşür. Buna görə də, Rusiya xarici işlər naziri Moskvada iranlı həmkarı ilə görüşündə Tehranın xoşuna gəlməyən açıqlama verdi. Hər halda Rusiyanın belə bir açıqlama verməsinin səbəbi bəllidir. Çünki İran indiyədək Xəzərin hüquqi statusu ilə bağlı müqaviləni ratifikasiya etməyib. Buna baxmayaraq, İran Azərbaycanın Xəzər dənizində Türkiyə ilə birgə keçirdiyi hərbi təlimlərə etiraz ünvanladı. Bu, İranın maraqları baxımından anlaşılan olsa da, beynəlxalq hüquq normalarına uyğun gəlmir. Bütün hallarda isə İran və Azərbaycan arasındakı gərginlik hər iki ölkənin maraqlarına cavab vermir. İran xarici işlər nazirinin son açıqlaması da göstərdi ki, Tehran Azərbaycanla münasibətlərin əvvəlki məcrasına qaytarılmasında maraqlıdır.


Müəllif: Mənsur Rəğbətoğlu