2 Noyabr 2021 19:51
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Azərbaycan və Ermənistan arasında sülhə aparacaq yeni situasiyada atılan addımları necə qiymətləndirirsiniz?

- Sülh prosesinə doğru getdikcə bir çox məsələlər daha da aydınlaşır. Sadəcə olaraq bu proseslərin içərisində erməni tərəfi yaranmış yeni reallığı qəbul etməlidir. Eyni zamanda Ermənistan başa düşməlidir ki, yeni reallıq sadəcə olaraq bölgə üçün artıq bir yaşam tərzidir. Məhz bu səbəbdən də öz siyasi davranışlarını da buna uyğunlaşdırmalıdır. Amma müşahidələr onu göstərir ki, erməni tərəfi bu reallıqla barışmaq əvəzinə hansısa bir müqavimət göstərmək niyyəti ilə çıxış edir.

- Ermənistandan Qarabağda qalmış separatçılara müəyyən maliyyə yardımı nəzərdə tutan qərarın prosesin irəliləməsinə təsiri nə dərəcədədir?

- Bu, elə də inandırıcı və təsirli bir məsələ deyil. Hələ məlum deyil ki, ayrılan vəsait separatçılara gedib çatıb-çatmayacaq. Bu da vacib məsələdir. Çünki bu günə qədər də açıqlanırdı, erməni lobbi təşkilatları onlara milyardlarla dollar həcmində pullar ayırır. İndi sual olunur ki, o pullar hara getdi? Ona görə də, belə məsələlər sadəcə olaraq gündəmi yoxlamaq üçün də ortaya atıla bilər. Eyni zamanda o vəsaitlərin mövcudluğu da sual altındadır.

- Sizcə erməni tərəfini tezliklə sülh masasına oturtmaq mümkün olacaqmı?

- Azərbaycan özünün hərbi gücü ilə düşməni sülhə məcbur etmək üçün bu addımları atdı. Dövlətimiz özünün hərbi gücü hesabına Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. İndi də Azərbaycanın gücü və yürüdülən siyasət qarşı tərəfi masa arxasında əyləşməyə məcbur edəcək. Ermənilər buna məcbur olacaq. Bu hal ermənilər üçün də sərfəli variantdır. Çünki Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə bağlıdır. Kimlərsə, onlara dəstək versə də nəticədə çıxış yolu məhz budur.

- Prosesdə hansısa bir qeyri-müəyyənlik yarana bilərmi?

- Burada hansısa bir qeyri-müəyyənlik görmürəm. Erməni tərəfinin də bərabər sülhyaratma prosesində iştirakını nümayiş etdirmək cəhdləri var. Son günlər müşahidə edilən hal məhz bunu deməyə əsas verir. Əslində isə Ermənistan buna məhkumdur. Çünki Ermənistanın gələcəyi məhz Azərbaycanın iradəsindən asılıdır.

- Vladimir Putinin iki ölkə arasındakı mümkün vasitəçilik prosesində sadəcə Rusiyanın olduğunu deməsi Ermənistanın ATƏT-in Minsk qrupu ilə bağlı iddialara cavab kimi başa düşmək olarmı?

- Burada söhbət hansısa bir siyasətçidən getmir. Əgər bir insan deyirsə ki, mən varam, buradayam, bunu nəzərə alın. Bu o deməkdir ki, məsələdə hansısa bir problem var. Eyni zamanda bu faktdır ki, Azərbaycanın həyata keçirdiyi siyasət açıq şəkildə qəbul edilir. Çünki indi elə bir reallıq yaranıb ki, bunu qəbul etməmək mümkün deyil. Sözsüz ki, burada Rusiyanın öz maraqları var. Rusiya bu ifadəni gündəmə gətirməklə həmçinin öz maraqlarının təmin edilməsini də nəzərdə tutur. Bunu hegemonluq kimi qəbul etmək də düzgün deyil. Bu regionda Rusiyanın Qərbin öz maraqları mövcuddur. Amma indiki reallıqda proseslərə təsir göstərmək gücündə olan Azərbaycan və Türkiyədir.


Müəllif: Tapdıq Qurbanlı