5 Noyabr 2021 18:24
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu bəşəriyyəti düşündürən bir çox aktual məsələlərin müzakirə olunduğu platformadır. Bu Forumun Bakıda keçirilməsinin digər bir əhəmiyyəti isə iştirakçı ölkələrin və beynəlxalq təşkilatların geniş coğrafiyanı əhatə etməsidir. Sözsüz ki, bu amil Azərbaycanın artan potensialından, Prezident İlham Əliyevin yüksək nüfuzundan qaynaqlanır.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, dünya yeni sınaqlar ərəfəsindədir, gözlənilən təhlükələr doğrudan da səmimi əməkdaşlığı tələb edir: “Pandemiya özü ilə bir çox çətinliklər gətirdi, Həllini gözləyən məsələləri müzakirə etmədən, birlik, ədalətlilik prinsiplərinə riayət olunmadan bu vəzifələri yerinə yetirmək mümkün deyil. Bu baxımdan Azərbaycan həm də dünyanın xilası, sülhün, əmin-amanlığın, rifahın və firavanlığın təmin edilməsinə öz töhfəsini verir. Vətən müharibəsinin bitməsinin ildönümü günlərini yaşayırıq. Paralel olaraq pandemiya, müharibə, erməni terrorundan əziyyət çəkən insanların sağlamlığı, şəhid ailələrinin və qazilərin sosial müdafiəsi ilə bağlı işlər görülür. Həmçinin erməni vandalizminə məruz qalan ərazilərimizin yenidən qurulması ilə bağlı bərpa-quruculuq işləri həyata keçirilir. Bir daha bütün dünyaya nümayiş olunur ki, Azərbaycan sülh tərəfdarıdır, insanlığa, humanizmə xidmət edən bir ölkədir. “Nizami” ilində və onun adını daşıyan Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə baş tutan bu Forumun digər rəmzi mənası Azərbaycanın dünyaca tanınmış şairi Nizaminin sosial ədalət, humanizm, xeyirxahlıq prinsiplərinin yenidən qlobal çağırışa çevrilməsidir”.

Komitə sədrinə görə, Prezident İlham Əliyevin Forumdakı çıxışı isə demək olar ki, tədbirin gündəliyinin müəyyən olunmasına səbəb oldu: “Ölkə başçısı İlham Əliyev çıxışında 3 mühüm məsələyə xüsusi diqqət ayırdı. Azərbaycanın həm yerli, həm də beynəlxalq səviyyədə pandemiya ilə mübarizədə fəal iştirak etməsi, bir sıra təşəbbüslər göstərməsi diqqətə çatdırıldı. Forumda həmçinin Azərbaycanın erməni faşizminə qalib gəlməsi, öz ərazi bütövlüyünü beynəlxalq norma və prinsiplər əsasında müdafiə və bərpa etməsi də vurğulandı. Dövlət başçısı diqqətə çatdırdı ki, BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa edib. Bildirilib ki, Azərbaycan 27 il kağız üzərində qalan qətanamələri təkbaşına icra edib. Digər mühüm amil isə Azərbaycanın konstruktiv mövqeyi ilə bağlıdır. Ölkə başçısı vuğuladı ki, 30 ilə yaxın işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimum konstruktivlik nümayiş etdirir. Regionda təhlükəsizlik və əməkdaşlıq üçün Azərbaycan tərəfindən edilən mühüm təşəbbüs mövcuddur. Amma Azərbaycanın təkliflərinə Ermənistan susqunluqla cavab verir. Qarşı tərəf hələ də reallığı dərk etməkdə və düzgün qərarlar verməkdə çətinlik çəkir”.

Millət vəkili hesab edir ki, Platformada gündəmə gətirilən digər məsələ isə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bağlı idi: “Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolu bu gün olduqca böyükdür. Bu isə mühüm əməkdaşlığı, qarşılıqlı əlaqələrin inkişafını ehtiva edir. Məhz bu səbəbdən də Bakı Forumu qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi ilə yadda qaldı. Forumda 40-dan çox ölkənin ali və yüksək səviyyəli nümayəndələri, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edib. Sözsüz ki, nüfuzlu qonaqların iştirakı bu tədbirin miqyasını və önəmliliyini bir daha nümayiş etdirir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər