10 Noyabr 2021 13:43
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət bundan əvvəl Ermənistanın ombudsmanı Arman Tatoyanın Misirin böyük oxucu kütləsi olan qəzetlərindən biri “Almasry-alyoum”da Azərbaycanın ünvanına özündə əsassız ittiham və yalanları ehtiva edən yazısı dərc olunub. Tatoyanın eyni qəzetdə dərc olunan digər bir absurd iddialarla dolu məqaləsində Azərbaycanın erməni əsirlərlə beynəlxalq hüquqa zidd davranışda, onlara işgəncə verməkdə, normal qidalanmaq, yaralı əsirlərin müalicəsi üçün şərait yaratmamaqda ittiham olunurdu. Erməni məkri, yalanı və saxtakarlığı hər iki yazıda özünü açıq göstərirdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın Misirdəki səfirliyi vasitəsilə “Almasry-alyoum” qəzetinin redaksiyasına ölkəmizin mövqeyini əks etdirən məqalə göndərərək irəli sürülən ittihamların yalan, şər və böhtan olduğunu konkret faktlarla əsaslandırıb: “Məqalədə əsirlərə qarşı cinayəti məhz Ermənistanın törətdiyi, bu günə kimi 3000-dən artıq Azərbaycan vətəndaşının taleyi barədə hər hansı məlumat təqdim etmədiyi bildirilib. Bu gün də Ermənistanda azərbaycanlılara qarşı düşmənçiliyin və nifrətin təbliğ edildiyi xüsusi vurğulanıb. Həmçinin Ermənistanın bu günə kimi minalanmış ərazilərin dəqiq xəritəsinin Azərbaycana vermədiyi diqqətə çatdırılıb. ABŞ və Rusiyanın vasitəçiliyi ilə erməni əsirlərin Ermənistana qaytarılması müqabilində verilən xəritələrin dəqiq olmadığı, bu səbəbdən yüzlərlə Azərbaycan vətəndaşının minaya düşərək həyatını itirdiyi və yaralandığı faktlar əks olunub”.

Ceyhun Məmmədov həmçinin məqalədə Ermənistanın sərhədlərin delimitasiya və demarkasiyasına maneçilik törətdiyi faktlarınn qabardıldığını da söyləyib: “İşğal dövründə Azərbaycan ərazilərini vəhşicəsinə talan və istismar etdiyi, ölkəmizin iqtisadiyyatına milyardlarla zərər dəydiyi xüsusi qeyd edilib. “Almasry-alyoum” qəzeti Azərbaycan tərəfinin rəsmi mövqeyini əks etdirən məqaləyə sonrakı sayında geniş və ətraflı yer ayırıb”.


Müəllif: Tapdıq Qurbanlı