“Moskva və Minsk Brüsselin sanksiyalarına görə Avropa İttifaqına miqrant problemi yaratmaqla intiqam almağa çalışırlar”.
Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya xarici işlər nazirinin məsələ ilə əlaqədar açıqlamasına diqqət çəkib:
“Sergey Lavrov son mətbuat konfransında Türkiyə ilə Belarus arasında uğursuz müqayisə aparıb. O deyib ki, Avropa İttifaqı necə miqrantlarla bağlı Türkiyəyə maliyyə ayırmışdı, eləcə də Brüssel zəhmət çəksin, Belarusa maliyyə ayırsın.
Birincisi, Suriyadan Türkiyəyə axın edən və oradan Avropaya miqrasiya etmək istəyənlərin sayı yüz minlərlə idi. Avropa İttifaqı Türkiyəyə maliyyə ayırmalıydı ki, Ankara miqrantları öz ərazisində saxlasın. Buna baxmayaraq, Brüssel Ankaraya vəd etdiyi maliyyənin cüzi hissəsini təqdim etdi.
İkincisi, Türkiyəyə miqrantlar təbii yolla gəlmişdilər və Türkiyə üzərindən Yunanıstana, oradan da Almaniyaya və Böyük Britaniyaya köçmək istəyirdilər. Yaxın Şərqdən olan miqrantlar isə uzaq Belarusa məqsədyönlü şəkilirdə gətiriliblər. Bu Moskva ilə Minskin birgə planı olub. Belarusdan Yaxın Şərqin bəzi ölkələrinə təyyarə reysləri artırılmış, miqrantlar Minskə gətirilmiş və sonra avtobuslarla Polşa sərhədinə çatdırılmışlar.
Moskva və Minsk Brüsselin sanksiyalarına görə Avropa İttifaqına miqrant problemi yaratmaqla intiqam almağa çalışırlar. Bir neçə min miqrant Belarus-Polşa sərhəddinə ilişib. Soyuqdan donan miqrantlar siyasi alət vasitəsinə çevriliblər. Polşa sərhədi açmasa və miqrantlar qış aylarında ağır şəraitdə yaşamaqda davam etsələr bu Avropa İttifaqının imicinə zərbə vuracaq.
O biri tərəfdən miqrantlar Polşaya keçə bilməsələr, bu Belarusun problemini artıracaq, çünki miqrantlar Belarus ərazisində ilişib qalacaqlar və Minsk onları ərzaqla, qalacaq yerlərlə təmin etmək məcburiyyətində qalacaq. Əslində Avropa sərhəddəki bir neçə min miqrantı qəbul edə bilər, sadəcə Brüsseldə qorxurlar ki, bundan sonra Belarusdan gələn axının qarşısını ala bilməyəcəklər”.