Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elman müəllim, erməni tərəfinin sərhəd xəttindəki təxribatlarını ərazi, yoxsa siyasi üstünlüyə cəhd kimi dəyərləndirmək nə dərəcədə məntiqlidir?
- Ermənilərin təxribat törətdiyi ərazilər sovet dönəmindən əvvəl də, sovetlər vaxtında da Azərbaycana məxsus olub. Bu faktı ruslar da, ermənilər də yaxşı bilir. Sadəcə olaraq son 30 illik işğal dönəmində ermənilər o ərazilərə yiyələnməyə çalışdılar. Çünki bu ərazilər çox mühüm strateji əhəmiyyət daşıyır. Bu mühüm yüksəkliklər həmçinin strateji yollara, keçidlərə, nəzarət üçün olduqca vacibdir. Ermənistanın bir neçə rayonu ilə gediş-gəlişə də buradan nəzarət etmək mümkündür. Ona görə də, 30 illik işğal dövründə ermənilər orada özləri üçün vacib təsərrüfat sahələri də yaratmışdılar. Çünki düşünürdülər ki, daimi olaraq bu ərazilərdə qalacaqlar. Amma Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyi üçün bu məsələlər də ardıcıllıqla həll olunur.
- Sərhədlərlə bağlı arxiv materiallarında hansı sənədlər var?
- Bir həqiqət var ki, sərhədlərlə bağlı tarixi arxiv materialları Moskvadadır. Rusiya bu xəritələrdə hansı faktların olduğunu daha yaxşı bilir. Çünki belə olmasaydı, bu müddət ərzində Rusiya tərəfindən sərhədlərlə bağlı reaksiya verilərdi. Artıq hər kəs bilir ki, haqlı tərəf Azərbaycandır. Dövlətimiz öz suveren ərazisində bu prosesləri icra edir. Sadəcə olaraq ermənilər əlavə torpaqlar əldə etmək istəyir. Ona görə də, bu mühüm postları tutmaq niyyətinə düşüblər.
- Bu, qarşı tərəfə hansı üstünlük qazandıra bilərdi?
- Ermənilər düşünürlər ki, bu postları əldə etməklə sonradan sərhəd xəttləri müəyyənləşərkən bu ərazilərin onlara məxsusluğunu isbat etməyə cəhdlər etsinlər. İddiaları da odur ki, buradayıqsa, bu ərazi bizə məxsusdur. Amma təbii ki, bunlar mümkün olan hal deyil. Azərbaycan tərəfi buna heç vaxt imkan verməyəcək. Burada başqa məqamlar da var. Sözsüz ki, proseslər ermənilərin ziyanına işləyir.
- Ardıcıl olaraq Azərbaycana qarşı təxribat addımları nəyə hesablanıb?
- Erməni tərəfi çalışırdı ki, Azərbaycanı mümkün qədər provakasiyalara çəkərək digər qüvvələri də bura cəlb etməyə nail olsun. Məqsədləri də o idi ki, Azərbaycan ordusu Ermənistan ərazisinə daxil olsun. Ermənilər də bu faktlardan çıxış edərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını prosesə cəlb etmək niyyəti güdürdü. Eyni zamanda erməni tərəfinin Qərbi də bura cəlb etmək üçün açıq niyyəti var idi. Amma Azərbaycanın heç bir dövlətin ərazisində maraqları yoxdur. Baş verən bütün proseslər Azərbaycan tarixi ərazisində cərəyan edir.
- Təxribatlar qarşı tərəfə nə verdi?
- Ermənilər bu təxribatlarla heç nə əldə etmədi. Sözsüz ki, qarşıdurma zamanı hər iki tərəfdən mümkün itkilərin olması qaçılmazdır. İtkilərin miqyası göstərdi ki, qarşı tərəf üçün bu, olduqca sarsıdıcı bir zərbə olub. Hazırda Ermənistanda bu məsələlərlə bağlı böyük təlatüm yaşanır. Son təxribatlarda erməni tərəfi 40-dan artıq itki verib. İtkiləri, hərbi əsirləri var, texnikaları sıradan çıxarılıb. Hətta 44 günlük vətən müharibəsində ölmüş erməni əsgərlərinin meyitləri bu gün də Ermənistanda morqlarda saxlanılır. Bu cəsədlərə nə ermənilər sahib çıxır, nə də ki, kimlikləri ilə bağlı açıqlama verilir. Sözsüz ki, onların çoxu muzdlu döyüşçülər olub.
- Sizcə, bu hadisələr sərhədlərlə bağlı məsələləri nə vaxta qədər ləngidə biləcək?
- Burada məhz o niyyət vardı ki, sərhədlərlə bağlı mümkün qədər proseslər təxirə salınsın, delimitasiya və demarkasiya prosesləri uzansın, Zəngəzur dəhlizinin açılması ilə bağlı real zaman təyin etmək mümkün olmasın. Ermənilər ona görə də, bu cür təxribatlarda bir neçə məqamları nəzərə almışdılar.
- Qərbin, ABŞ-ın bu proseslərdə marağı nədir?
- Qərb və ABŞ əldə olunacaq mümkün razılaşma fonunda bölgədə Türkiyə və Rusiyanın nüfuzunun daha da güclənəcəyindən narahatdır. Sözsüz ki, kommunikasiyaların açılması, mümkün əlaqələrin qurulması Türkiyə və Rusiyanın bölgədə nüfüzunu daha da artıracaq. Bunu da ABŞ qəbul etmək istəmir. Ona görə də, bu və ya digər formada Paşinyana Qərbdən təhrikedici mesajlar verilir.