“Nikol Paşinyan bir neçə dəfə deyib ki, Azərbaycan Prezidenti ilə görüşə hazıram. Hətta Türkiyə Prezidentinə də Gürcüstan baş naziri vasitəsilə hansısa mesajlar göndərmişdi. Problem odur ki, iki ölkə liderlərinin görüşü nədən alınmır. Ümumiyyətlə bu görüş harada olmalıdır? Sonra məlum olur ki, Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistan baş nazirinin iştirakı ilə görüş olacaq. Az sonra məlum olur ki, söhbət internet vasitəsilə müzakirələrdən gedir. Və nəhayətdə Peskov deyir ki, ideya var, amma hələlik görüşlə bağlı rəsmi məlumat yoxdur”.
Bunu Teleqraf.com-a politoloq Əli Abbasov deyib.
O eyni zamanda bildirib ki, Paşinyanın sülh müqaviləsi bağlamaq, eləcə də sərhədlərin müəyyən edilməsinə razı olduğunu elan etməsi yaxşı haldır, amma hər şey demək deyil:
“Sonda bu məsələlər parlamentdə sənəd kimi qəbul edilməlidir. Parlamentdə bu məsələ necə həll edilməlidir. Hər halda Ermənistan bu prosesə başlamalıdır. Əks halda gərginlik müşahidə olunacaq. Və bundan bizdən çox erməni tərəfi əziyyət çəkəcək”.
Ermənistan-Rusiya münasibətlərinə gəldikdə Əli Abbasov deyib ki, bu münasibətlər həmişə olduğu kimidir:
“Paşinyanı saxlayırlar. Hansısa işləri onun vasitəsilə həyata keçirməyə çalışırlar. Paşinyan sanki oyuncaqdır. Strateji müttəfiqlik, əməkdaşlıq və s. isə əslində boş söhbətlərdir”.