27 Noyabr 2021 18:10
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçidə keçirilən üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Tam əminliklə söyləmək olar ki, Azərbaycan Prezidentinin mövqeyi qəbul olunan yekun sənəddə qeyd-şərtsiz öz əksini tapıb. Beləliklə, Azərbaycan Soçi görüşündə qarşısına qoyduğu məqsədlərə nail oldu. Avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olundu.

Ən əsası, birgə bəyanatda Qarabağ ifadəsinin olmaması Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin ifadəsidir. Daha bir vacib məqam Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransında dəfələrlə dəhliz ifadəsini işlətməsidir ki, bu da Zəngəzur dəhlizi layihəsinin Moskva tərəfindən dəstəklənməsi kimi şərh olunmalıdır. Dövlət rəhbərlərinin bəyanatında da qeyd olunduğu kimi, üçtərəfli 10 noyabr razılaşmasının icrası başda olmaqla regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına dair 11 yanvar 2021-ci il tarixli bəyanatı da diqqətdə saxlanıldı. Aydın oldu ki, məhz Azərbaycan ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması, kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib. “Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”, - deyə Prezident İlham Əliyev üçtərəfli görüşdə bildirdi. Bakı bu prosesdə Rusiyanın da rolunu yüksək qiymətləndirir. Dövlət sərhədində vəziyyətə gəlincə, baş vermiş toqquşmalar risklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəsini zəruri edir.
Soçidə imzalanan birgə bəyanatda ortaq yanaşma bundan ibarətdir ki, Cənubi Qafqazın sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsi maraqlarına uyğun olaraq ardıcıl şəkildə fəaliyyət davam etdirilməlidir. “Biz Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin xahişi əsasında Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşdıq. Biz regionun iqtisadi potensialını üzə çıxarmaq üçün tez bir zamanda konkret layihələrə start verilməsinin vacibliyini vurğuladıq”, - deyə Soçidə qəbul olunan birgə bəyanatda qeyd olunur.

Ermənistan istəsə də, istəməsə də regionun dirçəldilməsi üçün şəraitin yaradılması, insanların orada özlərini təhlükəsiz hiss etmələri istiqamətində reallaşan prosesdə birbaşa iştirak etməyə məcburdur.

Paşinyan hər nə qədər “Mayın 12-dən bəri Ermənistan-Azərbaycan sərhədində faktiki olaraq böhranlı vəziyyətdir və bizim rəyimiz belədir ki, Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə soxulub” kimi cəfəng fikirlər səsləndirsə də, girovlar və digər saxlanılan şəxslər, hərbi əsirlər barədə sərsəm iddialar söyləsə də, yekun sənəddə erməni tərəfinin iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmadı. Rusiya məşvətçi rolda diqqəti sərhədlərin delimitasiya və demarkasiyasına yönəltdi. Mətbuata birgə bəyanat zamanı V.Putinin söylədiklərindən aydın oldu ki, iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılıq var. Rusiya Prezidentinin təbirincə desək, bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur.

Paşinyan Soçidə söylədiyi kimi “Regionda kommunikasiyaların necə işləyəcəyi barədə təsəvvürümüz ortaqdır. Ermənistan ilə Azərbaycan arasında sərhəddə müəyyən təhlükəsizlik və sabitlik mexanizmləri yaratmaq lazımdır” reallığının praktikada da tətbiqinə əngəl yaratmasa, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaranacaq. Başda Ermənistan olmaqla bütün bölgə dövlətləri bu məsələdə maraqlı olmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər