Milli Məclisin Ailə, qadın və uşaq Məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Hicran xanım, ötən həftə Azərbaycanın siyasi diplomatik tarixində çox mühüm hadisələrlə yadda qaldı. Soçi və Aşqabaddakı görüşlər necə dəyərləndirilməlidir?
- Prezident İlham Əliyevin ötən həftə Soçi və Aşqabad səfərləri bir daha göstərdi ki, Azərbaycan bölgə üçün yeni reallıqların müəllifi və əsas təşəbbüsçüsüdür. Azərbaycan hər zaman haqqın və ədalətin tərəfdarı olub. Lakin əfsuslar olsun ki, hər kəsin bildiyi məsələləri dəfələrlə sübut etməyə məcbur qalıb. İndiki dövr üçün ölkəmiz və dövlətimiz üçün tarixi fürsət yaranıb, öz haqqını sona qədər qorumaq və tarixi ədaləti tam olaraq bərqərar etmək üçün əlverişli zaman yetişib. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və rəşadətli Ordumuzun 44 gün Vətən müharibəsi apararaq qazandığı şanlı Zəfər nəticəsində mümkün olub. Bu mənada Soçi görüşü bir daha göstərdi ki, rəsmi Bakı və Moskvanın ümumi regional yanaşması mövcuddur. Hər iki lider arasında qarşılıqlı etimad, dostluq və anlaşmanın olması strateji tərəfdaşlığın dayanaqlığını təmin edən amillərdən biridir. Artıq bu münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin açıq və səmimi siyasət yürütməsi xüsusilə diqqət cəlb edir.
- Erməni tərəfinin sülh çağırışlarına yanaşmasındakı tərəddüdlər nə ilə izah oluna bilər?
- Sülh çağırışları fonunda N.Paşinyanın cılız və riyakar addımları Moskvanı narazı salır. Qeyd etmək lazımdır ki, Prosesə Qərbi cəlb etmək üçün vaxt qazanmaq məqsədi ilə 9 noyabr görüşünü sabotaj edən Paşinyan, Soçi görüşü ərəfəsində də eyni addım atdı. Onun onlayn mətbuat konfransında səsləndirdiyi destruktiv, şovinist fikirlər Soçi danışıqlarının nəticəsiz qalmasına yönəlmiş təxribat idi. Bu, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyinə qarşı hörmətsizlik hesab olunur. Amma Paşinyanın sabotaj cəhdi baş tutmadı və Soçidə o, güzəştə getməyə məcbur oldu.
- Soçi görüşünün nəticələrinin proseslərin bundan sonrakı inkişafı üçün əhəmiyyətini necə şərh etmək olar?
- Noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış Bəyanat ölkəmizin növbəti diplomatik uğurudur. Bəyanatda Azərbaycanın mövqeyi tam şəkildə öz əksini tapıb və qarşıya qoyulan məqsədlərə nail olunub. Soçi Bəyanatında "Dağlıq Qarabağ" ifadəsinə rast gəlinmir. Həmçinin Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur. Üçtərəfli görüşdən sonra Prezident İlham Əliyev bəyanatla çıxış edərək bildirdi ki, Azərbaycan həmişə, istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Deməliyəm ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu, o cümlədən bir nəfər bu gün səhər Ermənistan tərəfə verilib. Yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib, bir nəfər mülki şəxs yolu azaraq bizim əraziyə keçib. Yəni, biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik. Bu fikirlər Azərbaycan tərəfinin humanizmini əks etdirməklə yanaşı, Ermənistanın yalanı ifşa olundu.
- Bölgədə mümkün kommunikasiya imkanlarının yaradılması ilə bağlı da razılaşma əldə olundu...
- Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizini açacağıq - istər danışıqlarla, istərsə də güc yolu ilə. 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb. Soçi görüşünün, həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Rusiya Prezidenti V.Putinin çıxışında da nəqliyyat dəhlizlərini xatırlaması, imzalanmış sənədin dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına dair bəndləri Zəngəzur dəhlizinin reallaşmasına bir işarədir. Bəyanatda həmçinin Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması məsələsi də öz əksini tapıb. Bu isə birbaşa və ikitərəfli əlaqələrin daha da sürətlənməsinə səbəb olacaq.
- Soçi Bəyanatının ikitərəfli formatı nə ilə bağlıdır?
- Bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi sülh danışıqları daha çox ikitərəfli formatına yönəldir. Soçidə imzalanmış sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmir. Bu, o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Bu qələbədə noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsinin də rolu böyükdür. İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur.
- Soçi görüşünün ardınca Aşqabadda mühüm görüşlər keçirildi. Növbəti diplomatik uğurlar əldə etdik...
- Soçi görüşündən dərhal sonra, daha bir diplomatik uğur Aşaqabadda əldə olundu. Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Görüşü xüsusi ilə yadda qalan oldu. Bu mənada qəbul edilmiş Aşqabad sənədində xüsusi olaraq Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Bu Azərbaycanın təkcə bölgədə deyil, həm də İƏT-də nüfuzunun artması deməkdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilən siyasət nəticəsində Azərbaycan etibarlı və səmimi tərəfdaşa çevrilir. Bunu böyük dövlətlər, bölgədə marağı olan beynəlxalq təşkilatlar da müşahidə edir. Azərbaycan beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir. Bu gün Azərbaycan bölgə, dünya, bəşəriyyətin gələcəyi üçün qlobal təşəbbüslər göstərir. Aşqabadda qəbul edilən sənədə baxsaq, görərik ki, Ermənistanın KTMT çərçivəsində müttəfiqi sayılan dövlətlərin demək olar ki, hamısı Azərbaycanın qələbəsini tanıyır, Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik edir. Bu böyük diplomatik qələbədir. Prezident çıxışında bir daha Zəngəzur dəhlizindən və onun verdiyi töhfədən danışdı. Soçi Bəyanatından sonra bu dəhlizin qeyd olunması, artıq onun reallığa çevrilməsinin göstəricisidir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər. Eyni zamanda Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli sazişin imzalanması da çox mühüm məsələdir. Bütün bu görüş və səfərlər, qəbul olunan sənədlər Azərbaycanın əhəmiyyətini bir daha artırır. Bu böyük bir prosesdir, Soçi və Aşqabad görüşləri isə bu prosesin tərkib hissələridir.