1 Dekabr 2021 09:14
3 567

“Fransa Ermənistana dəstək vermək üçün çalışacaq. Ola bilsin ki, yenə “status” məsələsi qaldırılsın. Amma bizim mövqeyimiz aydın və şəffafdır. Artıq “status”la bağlı məsələ bitib, buna nöqtə qoyuldu. “Dağlıq Qarabağ” anlayışı yoxdur. Fransanın isə bu yöndə nəsə etməyə çalışacağı istisna olunmur. Amma öz istəklərinə nail olacaqlarını düşünmürəm. Azərbaycanla yanaşı, Rusiya da onların təklifləri ilə razı deyil. Onu da unutmayaq ki, Rusiya Ermənistanın yaxın müttəfiqidir, Cənubi Qafqazda əsas oyunçulardan biridir. Yəni Fransa hansısa təkliflərlə oyunu pozmaq istəsə, əminəm ki, buna nail ola bilməyəcək”.

Sabiq diplomat, politoloq Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Azərbaycan, Ermənistan və Rusiya arasında növbəti üçtərəfli bəyanat imzalandı. Sizcə, bu bəyanat bütün bəndləri üzrə yerinə yetiriləcəkmi?

- Mühüm bir bəyanatdır, görüşün nəticələrini də müsbət qiymətləndirmək olar. Paşinyan birgə bəyanatda yer alan iki əsas məsələyə əlini qaldırdı. Bu o deməkdir ki, Zəngəzur dəhlizi açılmalıdır və qurulacaq birgə komissiya sərhədlərin delimitasiyası ilə bağlı işini sona yetirməlidir. Biz bu iki məsələnin həllində tam üstün tərəfik. Bunu da bizim Ermənistana etdiyimiz təzyiqlərin nəticəsi kimi qiymətləndirmək olar.

- Bəyanatda kommunikasiyaların açılmasına dair bənd yer alsa da, “dəhliz” ifadəsi yoxdur. Bu da bir sıra suallar yaradır. Sizin bu haqda fikriniz nədir?

- Məsələ budur ki, dəhlizdən başqa, digər kommunikasiyalar da açılmalıdır. Burada həm avtomobil, həm də dəmir yolunun açılmasından söhbət gedir. Üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında Putin “dəhliz” ifadəsini işlətdi. Bu ifadə bəyanatda yer almasa da, görünən budur ki, əldə olunan razılaşma bununla bağlıdır. Yəni orada “dəhliz” ifadəsi yoxdursa, bu o demək deyil ki, Zəngəzur dəhlizi kənarda qalır. Burada birmənalı şəkildə dəhlizin açılması nəzərdə tutulur. Rəsmi açıqlamalarda da qeyd olundu ki, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasındakı yollar mütləq açılmalıdır.

- Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçiriləcək görüşü haqda fikriniz nədir: orada hansı məsələlər razılaşdırıla bilər?

- Bu görüşün də əhəmiyyətli olduğunu düşünürəm. Burada əldə olunmuş üçtərəfli anlaşmaların və digər bir sıra məsələlərin müzakirə olunacağını düşünürəm. Bu görüşün təşəbbüskarları gedən proseslərə müsbət töhfə verəcəklərsə, biz bunu yalnız alqışlaya bilərik. Amma mən düşünmürəm ki, burada başqa məsələri müzakirə etməyə ehtiyacımız var. İndi gündəmdə iki məsələ var: kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsi. Əgər onlar “status” məsələsini qabartmağa cəhd edəcəklərsə, bizim buna ehtiyacımız yoxdur. Artıq bu məsələ tarixdə qalıb. Əgər onlar hazırda gedən proseslərə müsbət töhfə vermək istəyirlərsə, buyursunlar, əllərindən gələni etsinlər. Biz də bunu istəyirik.

- Rusiya medisında ABŞ və Fransa kimi ölkələrin Ermənistan vasitəsilə üçtərəfli formatı pozmaq səylərindən danışılır. Bu mümkün ola bilərmi?

- ABŞ-ın bu prosesi pozmaq istəyini müşahidə etmirəm. Amma Fransa Ermənistana dəstək vermək üçün çalışacaq. Ola bilsin ki, yenə “status” məsələsi qaldırılsın. Amma bizim mövqeyimiz aydın və şəffafdır. Artıq “status”la bağlı məsələ bitib, buna nöqtə qoyuldu. “Dağlıq Qarabağ” anlayışı yoxdur. Fransanın isə bu yöndə nəsə etməyə çalışacağı istisna olunmur. Amma öz istəklərinə nail olacaqlarını düşünmürəm. Azərbaycanla yanaşı, Rusiya da onların təklifləri ilə razı deyil. Onu da unutmayaq ki, Rusiya Ermənistanın yaxın müttəfiqidir, Cənubi Qafqazda əsas oyunçulardan biridir. Yəni Fransa hansısa təkliflərlə oyunu pozmaq istəsə, əminəm ki, buna nail ola bilməyəcək.

- İranın da baş verənlərlə, xüsusən Zəngəzur dəhlizi ilə bağlı mövqeyindəki dəyişiklik nəzərdən qaçmır. Əvvəlcə bunu sərt ritorika ilə qarşılayan İran indi razılığını ifadə edir. İranın bu yumşalması nə ilə bağlı ola bilər?

- İranda yeni hakimiyyət seçilib. Görünür, yeni dövlət başçısı Azərbaycanla yaxın əlaqələri saxlamaq fikrinə gəlib. Amma onlar başa düşdülər ki, Ermənistan tam məğlubiyyətə uğrayıb, Rusiya bir çox hallarda Azərbaycanı dəstəkləyir. İran isə Rusiya ilə tərəfdaş dövlətdir. Şübhə etmirəm ki, bu, Rusiya və İran arasındakı danışıqların nəticəsidir.

Digər yandan, İran enerji və digər məsələlərlə bağlı Azərbaycanla da razılığa gəlirsə, bu o demək deyil ki, Ermənistanla yaxın münasibətlərindən imtina edir. Bu İranın illərdir yürütdüyü siyasətidir. Amma şübhə etmirəm ki, indi onlar bir sıra məsələlərlə bağlı Azərbaycanla əlaqələrini qoruyub-saxlamaqda maraqlıdırlar. Bu onlar üçün daha faydalıdır, nəinki məğlub edilmiş və yoxsul Ermənistan.

- Ermənistanın Azərbaycanla son anlaşması ölkə daxilində Nikol Paşinyana olan etirazları gücləndirib. Bundan sonra Ermənistanda hansı gəlişmələrin şahidi ola bilərik?

- Şübhə etmirəm ki, bir sıra qüvvələr Paşinyana qarşı baş qaldıracaqlar, nümayişlər olacaq. Küçələrə çıxanların nümayəndləri də onun əleyhinə şüarlar səsləndirəcəklər. Paşinyana qarşı olan daxili rəqiblər kifayət qədər güclüdür. Amma bir reallıq da var: Paşinyana lazım olanda öz rəqiblərini asanlıqlar və peşəkarlıqla aradan götürür. Məsələn, onun iki rəqibinə - Köçəryan və Serj Sərkisyana qarşı cinayət işi açılıb. Köçəryan iki ilə yaxın həbsdə olub, indi keçmiş müdafiə naziri David Tonoyan həbsxanadadır və məhkəmə prosesi gedir. Serj Sərkisyana qarşı açılmış cinayət işi də davam edir.

Bir sözlə, rəqiblərini aradan götürmək Paşinyan üçün problemli məsələ deyil. Kənardan və daxildən Paşinyanı dəstəkləyən kifayət qədər qüvvə var. Bölgədə maraqları olan bu regional qüvvələrin isə indi Paşinyanı aradan götürmək niyyəti yoxdur. Kənar qüvvələrin də burda aparıcı rol oynaması bir həqiqətdir. İndi Rusiya da Paşinyanı dəstəkləyir. Paşinyan əsasən Rusiya ilə məsləhətləşir, istəməsə də bunu edir. Yəni hazırkı situasiyada rəqiblərini neytrallaşdırmaq Paşinyan üçün problem deyil.


Müəllif: Mənsur Rəğbətoğlu